“Xalid Kazımlı, əvvəllər müəllim vuran yerdə gül bitərdi” | SON XƏBƏR | SON XƏBƏR

“Xalid Kazımlı, əvvəllər müəllim vuran yerdə gül bitərdi”

img2124588Dostumuz Xalid Kazımlının «Bizim Ramal müəllim» adlı  bir köşəsini  oxudum. Axtarıb 692 bal toplamış ağdamlı qaçqın qıza təmənnasız repetitorluq etmiş  dörd müəllimdən  birini  tapıb  və öz ürək sözlərini yazıb.  Bütün ömürlərini bizi adam eləmək üçün sərf eləmiş müəllimlər haqqında xoş sözlər deyib. Xalid bəyin yazısı mənim də qəlbimi  oynatdı, mən də nə isə bölüşmək  istədim oxucularla. 

 

Xalid bəy, onu da deyim ki, mən bir il Ağsu rayonundakı internat  məktəbdə müəllim işləmişəm. Çox  qəribədir ki, üstündən 40 il keçməsinə baxmayaraq, yenə də şagirdlərim məni  arayıb-axtarırlar, qulluğumda durmaq istəyirlər. İçlərində həm yüksək vəzifəlilər  var, həm də adi insanlar.  Bir il Ağsunun  çörəyinii  yemişəm. Ağcabədi, Ağdam mənə nə qədər doğmadırsa, Ağsu da bir o qədər doğmadır. Çox sevirəm  bu rayonun  insanlarını.

Xalid bəy,  bəzən müəllimlərin  üstünə  çox gedirlər, aşağılayırlar. Mən isə həmişə müəllimlərin tərəfində olmuşam və olacam da. Hətta bir dəfə belə bir yazı da yazmışdım: bu maaşla bizim bu dəcəl övladlarımıza  dərs deyən  müəllimlərin hamısı milli qəhrəmanlardı.

 

Osmanlı türklərinin  yaxşı bir sözü var: «Hoca vuran yerdə gül bitər».  Vay odu bizdə bir müəllim  bir uşağı  bir balaca tənbeh eləyə, qulağını çəkə, ya bir şillə vura. Pah atonnan, dünya  dağılacaq, qəzetlər, saytlar az qala bu müəllimə   güllə tələb eləyəcəklər. Evdə bir övladına  tərbiyə verə bilməyənlər gündə 200-300 şagirdlə üzləşən, hərənin öz xasiyyəti, öz xarakteri, bir  müəllimi  topa tuturlar. Bu müəllimin o uşaqla  düşmənçiliyi yoxdu ha! O da insandı, əsəbi var, bir şagird  dərsi  pozursa, əlində «ayfon» telefon müəllimlə məzələnirsə və sair və ilaxır, müəllim  ona  cəza verməlidir də. Mən də şagird döymənin əleyhinəyəm, amma bəzən müəllimi də başa  düşmək lazımdı.

 

Deyirlər, uşaqların hüququnu pozmaq olmaz, doğrudur! Bir müəllim bir  uşağın hüququnu pozursa, ölkə qalxır ayağa.  Çünki  bu müəllim  zəifdi, cavab verə  bilmir. Bir şilləyə görə də işindən olur, qalır yana-yana. Amma o uşağın valideyninin demək olar ki, hər gün hüququ pozulur, amma dinib-danışmır. Çünki müəllimə gücü çatır, amma onun hüququnu pozan məmura  və ya məmurlara  yox.

 

Bu gün ən çox qonuşulan məsələ  repetitorluqdu.  Belə bir fikir yaranıb ki, uşaq repetitor yanına  getməsə ali məktəbə qəbul ola bilməyəcək. Bu əslində  elə 80 faiz belədir və çox pis.  İyirmi neçə ildi  deyirlər,  təhsildə islahat  aparılır. Amma bu islahat nədirsə, necə aparılırsa yenə hamının gözü  repetitordadı.

 

Sovetlər gələndə o namərd Lenin təhsildə bir  islahat keçirtdi, elə o  70 ildə o islahatla  insanlara  təhsil verdi. Həmin  o  sovet  məktəbini  bitirənlər uzayı (kosmosu) da  fəth elədilər, atom bombasını da yaratdılar, atom elektrik stansiyaları tikdilər və sair və ilaxır. Yetişdirdikləri dünya səviyyəli  alimlərin də  siyahısını tutsaq  30-40 cildlik bir ensiklopediya edər.  Sovet  təhsil sisteminə it dəymişdi? Bəli, sovetdən  ayrılmışıq, həmin  təhsil sisteminə  bir balaca əl gəzdirmək olardı, vəssalam.

 

25 ilə yaxındı  yeni təhsil sistemi! Hələ nəinki bir Yusif  Məmmədəliyev, Xudu Məmmədov, Cəlal Allahverdiyev, Cəmil Əliyev, Rafiq Əliyev, Adilə Namazova, İmam Mustafayev  (Siyahını uzadım? Onda gərək bu gecə qalım bilgisayarın önündə)  yetişdirib, heç onların parası qədər də yetişdirməyib. Xudu Məmmədov orta  məktəbi bitirəndən  on il sonra dünya şöhrəti qazanmışdı, amma  25 ildi nə var? Bu gün üzdə olan az-çox gənc alimlərimiz varsa, baxıb görürük ki, onlar da ya Amerikada, ya Fransada, ya İngiltərədə, ya da Almaniyadadı.  Bir çoxları da Rusiyada.

 

Ən ucqar kəndlərdə belə ən müasir dünya standartlarına  uyğun bilgisayarlaşdırılmış məktəblər tikilib. Elm də sürətlə inkişaf edir. Müəllimlər  bəzən  ayaqlaşa bilmirlər. İxtisasartırma kursları  vardı sovet  dövründə, ildə bir dəfə, ya iki ildə bir dəfə mütləq hətta  rəhbər vəzifədə  işləyənlər də gəlib o ixtisasartırma kurslarından  keçməliydilər, yenilikləri  mənimsəməliydilər

 

Xalid bəy, öyrən gör sizin kəndinizdən  axırıncı dəfə  belə bir ixtisasartırma kursuna  gələn var? Bizim kənddən yoxdu. İndi müəllim ovcunun içini  iyləyib öyrənməlidi yenilikləri?  Ona görə də təhsilin  səviyyəsi  aşağı düşür.

 

Sizin qəzetinizdə və saytlarınızda 60 nəfər çalışır, eşitdiyimə görə. Onların  15-20-si olsun texniki  işçi, amma mən hər gün mətbuatı izləyən bir ziyalı kimi sizin qəzetinizdə  on imzanı göstərə  bilərəm. Bu on imza da qəzeti  çiyinlərində daşıyır. İndi sizin, ya bizim kənddəki məktəblərdə də 50-60 müəllim işləyir, onun  beşi, olsun onu gecəsini gündüzünə qatıb nə isə öyrənir, camaat da  uşağını aparır onların yanına ki, repetitorluq elə.

 

Düzdür, indi son zamanlar baxıram müəllimləri  kurslara  çağırırlar. Amma bu hamını  əhatə eləyə bilməz. Buyursunlar, üz tutsunlar  rayonlara və həmin  kursları  rayonlarda keçirsinlər. 200 manat  maaş alan bir müəllim gəlib Bakıda 15 gün qalsa gərək üç ay uşaqları qatıq-çörək yeyə.

 

Sovet  vaxtı da repetitorluq vardı, amma bu  3 ay çəkərdi. Qəbul imtahanlarına az qalmış. Özü də bu repetitorların yanına (heç onlara  repetitor demək düz deyil) ən yaxşı  oxuyan  uşaqlar  gedərdilər, özü də ixtisaslarını  əvvəlcədən  seçmiş  uşaqlar. Yoxsa indi oxuyuram ki, yüksək bal toplayıblar, hələ ixtisas seçə bilmirlər.  Deməli, bu uşaqlar hələ  məktəbdə oxuyandan qarşılarına bir məqsəd qoymayıb. Yəni bunların əqidələrinə məəttəl qalıram. 

 

Heç demə, anam  mən birinci sinifə gedəndən məktəbi qurtarana  qədər mənim bütün dəftər və kitablarımı xəlvətcə bir sandığa yığıb saxlayırmış. O biri övladlarının yox, təkcə mənim. Və bir dəfə mənə bir ev dəftərimi göstərdi  4-cü sinifdə oxuduğum vaxtların, orda «Sən kim olmaq istəyirsən?» ev tapşırığında  yazmışam ki, jurnalist olmaq istəyirəm.

Eh, Xalid bəy, ermənilər Ağdamı bombalayanda 15 minlik bir kitabxanam da yandı, anamın o sandığı da…

 

Orta məktəbi qurthaqurtarda, yəni  3 ay qalmışdı ali məktəbə gəlməyə, anam əl çəkmədi ki, həkim olmalısan. Və məni  məcbur göndərdilər fizika-riyaziyyat, kimya müəllimlərinin yanına. Həmin o  müəllimlər,  bilirsiniz, neyləyirdilər? Onlar bizlərə təzə heç nə öyrətmirdilər, çünki  10-cu sinifdə oxuyuruq və öz dərslərini də normal  deyirlər. Sadəcə olaraq, bizim 8,9-cu siniflərdə öyrəndiklərimizin pas tutmuş yerlərini  təmizləyirdilər, vəssalam. Day 10-cu sinfə aid  heç nə keçməzdilər, çünki 10-cu sinifdə keçirlər də. Ayına da  30 manat verirdik. Üç ay o 30 manatı qoydum cibimə, getmədim, çünki  həkim  olmaq istəmirdim. Hətta atam «medinstituta» adam da tapmışdı. Məni evləndirirmişlər kimi  təmtəraqla gətirdilər Bakıya, dedilər,  apar sənədini ver. Gəldim  Azərbaycan Dövlət  Universitetinə. Sənədimi  jurnalistikaya götürmədilər, məcbur olub  verdim ədəbiyyat  fakültəsinə. Qayıtdım, dedilər, sənədlərini vermisən? Dedim, hə. Atam  alıb baxdı ki, nə «medinstitut», sənədlərimi vermişəm ADU-ya.  Elə bircə kəlmə dedi: «A bala, nağayırmısan, bu dar macalda mən universitetdə kimi tapım?» Dedim ki, ata, sən Allah, qoy bu il öz gücümü  sınayım, qəbul olunmasam, gələn il adam taparsan.

Təbii ki, qəbul da olundum.

 

İt oğlunun sovet  təhsil sistemi. 94-cü ildə həyət evi tikdirirdim. Memarlığını da özüm etmişdim, çertyojunu da özüm işləmişdim. Qonşuluqda bir türk mühəndis bir imkanlı dostumuza ev tikirdi. O mənim  çertyojlarımı görəndə təəccüblə soruşdu ki, bunu hansı memar və hansı  mühəndis işləyib, bir dənə səhv yoxdu. Mən onu  inandıra bilmədim ki, bunu mən özüm işləmişəm və bütün bunları da biz orta məktəbdə keçmişik. Heç cürə inana bilmədi ki, orta məktəbdə şagirdlərə bu miqyasda fizika, riyaziyyat, həndəsə keçə bilərlər. Heç onların ali məktəblərində  bu dərəcədə keçmirlər bu fənləri.

 

Xalid bəy, özümü bir az tərifləyim də. Mən orta məktəbi  5-lə bitirmişəm.  Ən çox  sevdiyim fənlər də fizika, riyaziyyat, astronomiya və kimya dərsləri  olub.  Çünki   həmin fənləri  mənə dərs deyən müəllimlər  sevdirmişdi bunu. İlahi, görən orta məktəblərdə indi elə müəllimlər qalıb?

 

Anam  həmişə deyərdi ki:

- Ay bala, həkim olmadın-olmadın, heç olmasa fizik olaydın, bu millətə bir xeyrin dəyəydi dana. Yoxsa yazmağa elə hamı yazır, az qala dədən də yazır.

 

Atam hərdən  şeirlər yazardı, mən də Məmməd Arazla qohum olandan sonra deyirdim ki, ata, Məmməd müəllim Arazın kənarında doğulub deyin Arazı ləqəb  götürüb, Ağdamdan da Qarqar çayı axır, gəl sənin də adını qoyaq Məmməd Qarqar.

 

Bir dəfə Ağcabədidəki Müəllimlər İnstitutunda mənimlə görüş idi. Orta məktəb illərindən suallar verirdilər. Mən də orta  məktəbdə mənə dərs deyən müəllimlərim haqda danışırdım, təbii ki, yuxarıda adlarını çəkdiyim fənn müəllimlərin də. Bir fizika-riyaziyyat müəllimimiz vardı -  Cəfər müəllim,  dahiydi! Sonra Xankəndində Pedaqoji İnstitut  açılanda  apardılar həmin  instituta, sonra müdafiə də elədi, elmi  dərəcə də aldı.  Mən bu Cəfər  müəllim haqqında ağızdolusu  danışdım və dedim ki, heyif onun zəhmətini  yerə vurdum, getdim ədəbiyyatçı oldum. Bir də gördüm rektor, müəllimlər, tələbələr də təəccüblə hamısı bir-birinə baxır və sonra da  çönüb zalda kiməsə baxırlar. Gördüm baxdıqları adam da ağlayır və dedilər ki, Cəfər müəllim budey, oturub burda zalda, bizim institutda dərs deyir.  Yendim  aşağı, getdim qucaqladım, əlindən öpdüm. Dedim, müəllim, niyə ağlayırsan? Dedi, oğul, sevincimdən ki, sənin kimi bir şagirdim olub.  Soruşdum ki,  bəs mən bilmirəm axı burda işləyirsən, niyə gələndə  gəlib görüşmədin.

 

Dedi: «Sən indi böyük adamsan».

 

Dedim: - Cəfər müəllim, əvvəla, mən böyük adam deyiləm.  İkincisi də, nə qədər  böyük adam olsam da, sənin kiçiyinəm. 

 

Mən indi də  mənə orta məktəbdə dərs deyən müəllimlərimə və eləcə də Azərbaycan Dövlət Universitetində dərs deyən müəllimlərə  ləzzətlə kiçiklik eləməyə hazıram və eləyirəm də.

 

Xalid bəy, oynatmısan ey qəlbimi, ürəyimi yerindən, xatirələr çözələnib gedir, amma uzatmaq istəmirəm. Nə səni  yormaq istəyirəm, nə də oxucuları.  Həm də qorxuram ki,  yazının içindən nəsə bir şey  tapıb kontekstdən çıxarıb manşetə qoyarlar.

 

Xalid bəy, bir məsələyə də toxum.  Biz oxuyan illərdə zəif şagirdləri  dərsdən sonra  saxlayardılar.  Onlara əlavə dərs keçərdilər, əlavə ev tapşırıqları  verərdilər. Və buna görə də  həmin müəllimlər əlavə maaş almazdılar, sadəcə olaraq öz vəzifə  borclarını yerinə yetirərdilər.  Bundan başqa, müəllimlər  belə bir  üsul da tətbiq  edirdilər: zəif oxuyan uşaqları  əlaçılarla  otuzdurardılar. Həmin zəif oxuyan uşaq növbəti dərsdə «2» alanda onu yox, onunla bir partada  oturan əlaçı şagirdi danlayardılar. Sözgəlişi, məni də çox danlayırdılar.

 

Bir məsələ də vardı. Zəif  oxuyan uşaqların valideynlərini tez-tez  məktəbə  çağırardılar. Ataları  partiyaçı idisə, məktəb direktoru raykoma  yazardı, valideynlərini  katib danlayardı.

 

Xalid bəy, bir məsələ də qaldırmısan ki, orta məktəbdəki  istedadlı, savadlı müəllimləri  Təhsil Nazirliyində yüksək  vəzifələrə  irəli  çəksinlər. Dəymə onlara, qardaş, qoy oturub gül kimi  dərslərini  keçsinlər. İstəmirsən gələn il hansısa bir qaçqının balası  yenə yüksək  bal toplasın?

 

Belə-belə işlər, Xalid bəy.  Vaxtım az olduğundan yazı bir az uzun çıxdı.  Day keçib, bağışla.

 

Və sonda. Bir tədbirdə bir qaçqın qalxıb bizə –  mənə  və üç rayonun başçısına çox ağır bir sual verdi.

- Mən ayda üç yüz manat  pul qazana  bilirəm, bir qızım var, istəyirəm oxusun, gələcəyi  olsun. Mən niyə hər ay o pulu repetitorlara verməliyəm?!

 

Sual ağır deyildi ey, cavab vermək ağır idi, çətin idi. Doğrudan,  o, çətinliklə qazandığı pulunu niyə repetitorlara verməlidi?!

 

P.S. Xalid bəy, «Ədalət»in şənbə nömrəsində o uşağına çırtma dəyəndə  aləmi qatan  valideynlər haqqında  çox maraqlı bir  lətifə yazacam, oxuyarsan.

 

Aqil Abbas, millət vəkili, yazıçı-publiist


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>