Kəndimizin son günü (81-ci yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (81-ci yazı)

1462430011_teylor-f-300x225-300x15181-ci Fəsil

Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabdan fəsillər.

Bügün mənə əziz olan insanın doğum günüdür. Nə yaxşı ki, sən varsan, yoxsa bu dünya deyilən boşluqda yaşamaq çətin olardı. Bəzən mənə deyirlər ki, yazdıqlarını danışanda ifadə edə bilmirsən, yəni nitqim kasıbdır, bəlkə də elədir. Amma özümündə, məni biraz tanıya bilənlərin bildikləri bir həqiqət var, saxta danışa, yalandan sözlərə sığal-tumar çəkə bilmirəm. Nə bilim nəisə, mən bilən ürəyindən süzülən sözləri olduğu kimi demək bəzək-düzəkli, yalançı, süni, təriflərdən min qat yaxşıdır.

Doğum günün mübarək, Ayxanımın, Orxanımın, hələ balaca biri var ha Sunay deyilən şirinin, elə mənim özümündə Qasımova Məleykə Əliş qızından sonrakı anam! Bizlərin xeyrini görmək, hirsli-həkkəli qaynənə olmaq nəsibin, qismətin olsun! Sözün bu yerində Sunayın tək səbrinin biri gəldi. Düşərli olsun! Qıldığın namazlar, etdiyin dualar, bizlər üçün düşərli, xeyirli, uğurlu olsun. Amin!

Hə, Həmdullah kişinin həyətində ki, narlıq boyunca dolanan, çoxda dərin olmayan arxdan artezianın, lilli, hələ durulmamış suyunu qadasız-bəlasız Teymurov Xanların darvazasının altından qoyulmuş dəmir borudan yola çıxardanda, müsibətlər başlayardı. Rəhmətlik Şamaxı xala suyun arxasınca gələn çatana kimi qulağı həyətinə gedən dayaz arxa çevirər, səliqəli cərgələrlə əkilmiş xiyar, pomidor tağları, göy-göyərti ləkləri, kəndimizdə təzə-təzə moda minən badımcan ştillərinin diblərində su göllənməmiş qulağa heç kim əl vura, əks istiqamətə çevirə bilməzdi. Əgər kimsə söz deməyə cəsarət etsəydi, Şamaxı xala əllərini belinə vuraraq qaşlarını bircə dəfə qaldırar, qopan tufanı isə Allah göstərməsin. Ən yaxşısı, salamatı Şamaxı xalanın beş-altı xiyabanını könüllülük əsasında artezianın suyu ilə dolmasını gözləmək, cızlar dolanda növbətiyə ötürmək idi. Başqa nə etmək olardı ki.

Şamaxı xaladan sağ-salamat qurtara bilən, onun razılığı ilə qulağı çevirən, su nobatı çatan bismillahla növbəti təhlükəyə, rəhmətlik Salyan xalanın həyətdə ki, dirriyinin, bostan-tərəvəzinin sudan doymasını gözləməli idi. Əks halda burda tufan qopsa, aləm qarışar, yalandan hirslənən Şamaxı xalanın elədikləri burda baş verənlərin yanında toy-bayram olardı. Qəzəbə gəlməmək üçün, (özü də Salyan xala ilə qarşılaşmaq yaxşı heçnə vəd etməzdi) su nobatçısı Salyan xalanın həyətinə arxadan açılmış balaca doqqaza kölgə salan ləpəsi bal kimi əriyin yanında gözlər, Salyan xala suyla bağlı gərəkən problemləri həll etdikdən sonra, əlində ki, beli ləkin qırağına dik sancar, mərhəmətlə əriyin dibində bayaqdan gözləyənə qulağı dəyişib, rəhmətlik Tükan xalanın həyətindən keçərək, Kərimov Yusifin səliqəli qapı-bacasından betonlanmış arxa tökülməsinə şərait yaradardı. Bu iki həyətdə elə də bərk problem olmazdı. Tükan xalanın azacıq əkini-biçini arxın yolunda olduğundan istər-istəməz su ehtiyacları öz-özünə, kimsənin müdaxiləsi olmadan ödənərdi. Saray xala adətən çox vaxt Mingəçevirdə olan digər övladlarına baş çəkdiyindən ciddi, qayda-qanunu sevən Reyhan xalada kiminsə nobat suyuna dəyməyi ağlına belə gətirməz, uşaqlarınada icazə verməzdi. Afərim xala ilə də yola getmək asan idi. Əgər arxboyu nəisə əkilmiş olsa, mehriban dillə, nobatçı gəlib-çatana qədər qulağı dəyişib suvarar, alqışınıda edərdi.

Bəbir kişinin həyətinə adlayan keçələtdə ana arx haçalanardı. Bir qol bizlərə, İbiş dayının, Məhəmmədəli kişinin, Qasımov İnkişaf Əliş oğlunun, digəri isə, Əkbər, Hüseynqulu qardaşlarının həyətlərində sonlanardı, su nağılıda bitərdi. İndi keçək əsas su qəhrəmanlarından birinə, rəhmətlik Müştəba xalaya. Afərim xalanın həyətindən sonra növbəti keçilməsi təhlükəli olan sahəyə Müştəba xalanın həyətinə keçələtdən su keçər-keçməz, Müştəba xala su nobatçısını həyətə keçməyə qoymaz, qulağın yerində döyülü olduğunu tərpəndiyini göstərərək, yolla hərlənib getməsini istər, qısası həyətə buraxmazdı. Su nobatçısıda qulağın tərpənmədiyini, döyülü olduğunu gözləri ilə gördükdən sonra inanaraq, belini çiyninə alaraq rəhmətliklər, Xatın xalanın, Qənirə xalanın, Ülkər xalanın, şofer Şirinin evlərinin arası ilə uzanan yolla, arteziandan gələn nobat suyunun axırıncı təyinat yeri olan həyətinə gəlib çıxardı.

Elə müsibət burada ortaya çıxardı, bura qədər keçilməz sədlərdən (yuxarda bəhs etmişik) birtəhər diplomatik danışıqlarla adladıb xilas etdiyi halal-hümbət nobt suyunun azaldığını görən nobatçı xeyli baş sındırandan sonra Şamaxı xalanın, Salyan xalanın artıq suya əl vurmadıqlarını bildiyindən əməliyyatın kökünün Müştəba xalanın üstdən tərpənməmiş döyülü qulağında olduğunu, eyni zamanda Müştəba xalanın aradakı dəmir tor boyunca əkdiyi acı bibər kollarının dibinin yaş olduğunu görəndə anlayardı. Yəni, Müştəba xala şübhə yaratmamaq üçün döyülü qulağa dəyməz, altından məşhur qarğusu ilə iki yekə deşik açardı ki, dirrik-tərəvəzinin suya olan ehtiyacını əhlikef həyət-baca ilə elə də bərk uğraşmayan tək oğlu Nasibin su nobatına çox çətinliklə getməsini gözləməz, məsələni köklü şəkildə həll edərdi. Kimin inanıb-inanmaması umrumda olmadığından, o günləri bir anlığa yenidən yaşamaq, elin-obanın cənnətməkan ağbirçəklərinin Şamaxı xalanın, Salyan xalanın qarşısında sanki imtahan verirmiş kimi əriyin dibində, qara incilin kölgəsində dayanmaqdan ötrü gələn günləri qurban verərdim. Kitabımızın gələn fəslindədə bu mövzunun davamı gələcək. Nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>