8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür | SON XƏBƏR | SON XƏBƏR

8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür

thumbnail_423a442b4c75f0dbee45186d91d3a6bb_300x171Əməkdaşlıq dəyərlərinin təşviqində medianın rolunun artırılması müasir dünyanın əsas çağırışlarındandır

Hər  önəmli hadisə keçilən yolun təhlilini, ən əsası  tarixi günün mahiyyətini açıqlamaq zərurətini bir tələb kimi ortaya qoyur. Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür. Bu tarixi gün  1958-ci ilin mayından qeyd edilir. Həmin il Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində bununla bağlı qərar qəbul olunub. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilib.

Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü özündə  böyük bir mənanı, çağırışı əks etdirir. Həmrəylik hər bir məsələnin həllində stimulverici amildir. Hər bir ölkənin həyatında əhəmiyyətli rola malik, reallıqlarının təbliğatçısı, ən əsası inkişaf səviyyəsinin göstəricisi olan mətbuatın üzərinə düşən missiyanın fonunda bu həmrəyliyin yeri və rolu daha aydın görünür.  Bir məqamı xüsusi qeyd etmək istərdik ki, Azərbaycanın digər istiqamətlər  kimi, media sahəsində də beynəlxalq əhəmiyyətli tədbirlər  üçün məkan seçilməsi ölkəmizin  malik olduğu təcrübəyə əsaslanır. Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkə kimi nüfuz qazanıb. Məlum olduğu kimi, ötən il  Bakıda  Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilmişdi. Tədbirdə çıxış edən dövlətimizin başçısı İlham Əliyev  bildirmişdir: “Biz bu tədbirin Bakıda keçirilməsini həm də müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi hesab edirik. Bu, hökumətimiz üçün prioritetlərdən biridir və düşünürəm ki, müstəqilliyimizin 25 ili ərzindəki nailiyyətlərimiz bizim media azadlığı ilə yanaşı, bütün digər fundamental azadlıqların təmin edilməsinə müvəffəq olduğumuzu nümayiş etdirir.”

Bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Ölkə əhalisinin sayı təqribən 10 milyon nəfərdir və Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad media çox uğurla inkişaf edir.

İnformasiya texnologiyaları əsrində yaşayırıq. Artıq dünyada baş verən hadisələr, eyni zamanda, hər bir ölkənin malik olduğu imkanlar barədə dolğun məlumatlar əldə etmək imkanlarına malikik. Bu uğur, inkişaf, tərəqqi sözsüz ki, jurnalistlərdən  böyük məsuliyyət tələb edir. Faktların düzgün araşdırılması, mənbənin “etibarlı”lıqdan çıxarılaraq dəqiq ünvanın göstərilməsi artıq  bir tələbə çevrilib. Bu isə özlüyündə jurnalist birliyini, həmrəyliyini, mətbuatın  prinsiplərinə hörmətlə yanaşmağı zəruri edir. Yaranan sxemə diqqət yetirdikdə  cəmiyyətin informasiya tələbatının dolğun ödənilməsi mətbu orqanların bolluğu şəraitində lazım olan nüfuzu, inamı qazanmağın heç də asan olmadığını təsdiqləyir. Yanlış, qərəzli  məlumat təbii ki, özlüyündə həmin mətbu orqana inamsızlığı formalaşdırmaqla yanaşı, bir çox versiyaların da  ortaya çıxmasına səbəb olur.

Qeyd etdiyimiz kimi, Azərbaycan demokratiya yolunda inamla irəliləyir. Demokratik cəmiyyətin varlığı kimi azad mətbuatın inkişafı hər zaman dövlətimizin diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyevin cəmiyyətin güzgüsü kimi dəyərləndirdiyi  mətbuata diqqət və qayğısının bariz nümunəsi  senzuranın ləğvidir.  Senzuranın ləğvindən ötən dövr ərzində Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu göz qabağındadır. Son 13 ildən artıq dövr ərzində  ulu öndər Heydər Əliyevin  siyasi kursunun cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi atılan addımlardan daha aydın görünür.  Bu gün dövlətimiz siyasi mövqeyindən, tutduğu yoldan asılı olmayaraq  bütün mətbu orqanların inkişafı üçün zəruri şərait yaradır. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiqlənib və icra edilir. Konsepsiyaya uyğun olaraq Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılıb. KİVDF jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirir. KİVDF-nin layihələrində iştirak edən bütün qəzetlərin maddi-texniki bazası yaxşılaşıb, avadanlıqlar yeniləri ilə əvəz edilib.

Qısa təhlil fonunda  dünya informasiya məkanına sürətlə inteqrasiya edən Azərbaycan mətbuatının  uğurlu inkişaf yolu keçdiyi qənaətindəyik. Azərbaycanın iqtisadi uğurları digər sahələr kimi, mətbuatın da inkişafı istiqamətində davamlı addımların atılmasını şərtləndirir. Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü ayrı-ayrılıqda hər bir ölkə mətbuatının inkişaf yoluna işıq salır, ümumi həmrəylik, birlik fonunda  mövcud problemlərin həllinə, reallıqların təbliğinə töhfə verməyə bir daha çağırış edir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>