Kəndimizin son günü (84-cü yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (84-cü yazı)

1462430011_teylor-f-300x225-300x15184-cü Fəsil

Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

Su nobatı aşağı məhəlləyə çatanda canımızı dərd alardı ki, kaş Paşayev Vəli ilə Qasımov Tələt İnkişaf oğlunun başları qarışıq ola, biri çəkillikdə, biri də dədəsinin müharibə veteranı olduğuna görə sovxoz tərəfindən növbəsiz verilmiş həyət yerində olsalar zülm çəkəcək su nobatı çatanın, günü qara olacaq, yediyi-içdiyi burnundan gələcək.

Məhləmizə Aslan müəllimin, xanəndə Məhəmmədəlinin, hesabdar Şirinin həyətlərinin qarşısı ilə dolaylana-dolaylana uzanan kollu-koslu arxın üzləşəcəyi təhlükəli səd, Vəli ilə Tələtin barrikadaya az qala çevirdikləri dəhnədən sağsalamat keçmək idi. Arx boyu iti ağızlı bellə çiləkənləri, şax-şəvəli təmizləyə gələn su nobatçısı təhlükəli Tələt, Vəli səddinə çatanda arxın qulağının hansı ərazidə olardısa o səmtə çevirdiyinin, çəkilliyin, Vəlinin həyətinin suyunu götürdüyünün şahidi olan, təri tökülən adam onların qarasına danışa-danışa dəhnəni dəyişərək qulağı ana səmtə döyərdi. Təbii ki, nə Tələt nədə Vəli gözəgörünməz, şax-şəvəlin arasında gizlənərdilər ki, su nobatçısı Sadıqov Məhəmmədin darvazasını keçən bildiklərini etsinlər, yarımçıq işlərini davam etdirsinlər.

Su nobatçısı da arxın quruduğunu görərək, ara məsafəsində yol ölçməkdən yorulduğundan, təhlükəli Tələt, Vəli səddində uşaqdan-böyükdən bir nəfər qoyardı ki, işini görə bilsin, min zəhmətlə gətirib çıxardığı artezian suyu ilə həyət-bacasını suvara bilsin.

Kazımov qardaşları Mirişlə Hüseyn müəllimin geniş həyət-bacasından sonra Fətiş müəllimin az qala hektara yaxın səliqəli dəmir darvazalı, uca hasarlı, can dərmanı da əkdiyi, çalaq vurduğu bağ-bağatı, kəndimizin o vaxtkı sovet sədri Süleyman müəllimin, Rəşid Məmmədovun həyət-bacalarının suvarılması bir neçə gün çəkdiyindən, hər edvdən bir nəfər növbə ilə Tələtlə, Vəlinin həndəvərində keşik çəkərdilər ki, suyun qabağındakı adam əlavə əziyyətə düşməsin. Dünya da öz işində, Qasımov İnkişaf Əliş oğlunun ağ Moskviçi sabah nə qədər yol gedəcəyini qarajda olanda, matoru soyuyub dincələndə fikirləşdiyi, qara gününü qabladığı kimi dünya adlı gah mələk, gahda iblis donuna girən möcüzədə səhəri insan oğluna hansı sürprizlərlə açacağının ilmələrini, çeşnilərini vururdu. Kazımov qardaşlarının darvazasından sonra Fətiş müəllimin həyətdən yola qol-budaq atmış qoz ağacının dibində ki, hasarın altından qoyulmuş boru arxın suyunu keçələtdən geniş həyətə addadardı. Əgər Tələtnən, Vəlinin müdaxiləsi baş tutmamış olanda su qıjov gəldiyindən qozun dibindən iti axaraq dərə aşağı surət götürər, birinci hansı qulaq döyülmüş olsa həmin xiyabana axar, göllənəndən sonra qulaq növbəti xiyabana döyülərdi.

Həyətin başlanğıcında hasar boyu sıralanmış ağ, qara tabaq əncirlərin dadı, ilahi eşqlər kimi doyulmaz olardı. Azərbaycanı demək olar ki, başdan-başa gəzsəmdə mən hələ o əncirlər ləzzətdə digərini görməmişəm. Bir detalıda incələmədən keçmək olmaz. Qara əncirləri başa düşülən idi, cənnətməkan Fətiş müəllimin aşağı həyətində ki, hasarın diblərində topa bitmiş ağaclar elə bir-birinə qarışmışdı ki, ağı ilə qarasını ayırmaqda çətinlik olardı. Niyə deyirəm, qara əncirləri, ovucun içi boyda, təbii ki, zəif ovucun yox, tabak adlanan bu məcun yetişəndə ağzı patlayar, balı, şirəsi damar, birini güclə yemək olardı. Yəni, qara əncirə kəndin həyətlərində bu sorta rast gəlmək olurdu, ağ əncir isə göstərmə idi, bir kökdən güc aldıqlarına görə ağ əncirdə qara əncir boyda, yetişəndə qıpqırmız rəng olar, onun da patlayıb açılmış ağzından bal tökülər, yeyiləndə sanki birbaşa qana yayılardı. Görənlər bu ağaca təəcüblə baxar, belə ağ əncir görmədiklərini bildirərdilər.

Adətən kənddə yetişən ağ əncirlər xırda-xırda bir boyda olduqlarından mürəbbə bişirməkdə çox istifadə olunardı. Fətiş müəllimin həyətində ki, ağ əncirin isə yanındakı qan qardaşından ancaq rəngi seçilərdi. Hələ ağ irşibaba üzümünün tənəklərinin dırmaşdığı, həyətin birinci xiyabanındakı az qala quş yumurtası boyda, yetişəndə bir üzü qıpqırmızı, digəri isə ağappaq gilaslar, dadından doyulmayan şor armudun saralıb dibinə düşən meyvələrinin hər biri qara tikan kolları ilə çəpərlənmiş, sonra mod olan məftildən toxunmuş torun çəkildiyi aradakı albuxarı galavının da boynuna həsrətlilər kimi dolanmış irşibabanın salxımlarının gündəyən tərəfdən gilələri qıpqırmızı qızararaq iynəburnu adlanan albuxarı gavalılardan seçilməzdi, yedikcə doyulmaz olardı, üzüm gilələri ilə qurusu da bir aləm olan albuxarılar. Məftil tordan azca aşağı dərəyə sarı düşəndə calaq gilaslar, fındıq topaları, peyvənd əzgillər, qışın qarında, şaxtasında, yarpaqları töküləndə xına rənginə çalaraq, zəif günəşlə bəhsləşən pırnıx adlandırsaqda əsil adı ilə indi çağırdığımız xurmalar, dənələri zoğal boyda şirin, mələs, ağ, gülöyşə narlar, nələr, nələr, kitabımızın gələn fəslindədə Fətiş müəllimin cənnət bənzəri bağında-bağçasında gəzişəcəyik.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>