Kəndimizin son günü (90-cı yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (90-cı yazı)

1462430011_teylor-f-300x225-300x151Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

90-cı Fəsil

Kitabımızın əhatə elədiyi illərdə azəri-türkcəsində Azərbaycanın ancaq kəndində-kəsəyində danışılır, Bakıda, Sumqayıtda digər iri şəhərlərdə beynəlmiləlçilik (bu sözün anlamı məncə belədir, özünü sevməmək, əsirlərin yaddaşından süzülüb gələn dəyərli, mənəvi xəzinələrimizin qiymətini bilməmək) toxumları elə dərindən səpilib cücərmişdi ki, əgər kimisə partiya, sovet işinə, məsul vəzifələrə namizəd göstərilərdisə arvadı qeyri millətdən olsa bu nüans onun plyusu sayılardı. Bu barədə çox yazılıb, deyildiyindən üstündə dayanmıram. türk tələbənində erməniliyi ancaq sənətlərindən bəlli olan Nona ilə sevgisi də həmin dövr üçün elə də qəbahətli sayılmır, normal qarşılanırdı. Nəisə, bulaq suyu kimi saf, quzey bənövşəsi kimi kövrək, incə, indi illərin xatirələrində uyuyan bu sevgiyə başqa notlar qatmayaraq qayıdıram Nonanın kənddən gəldiyi avtobusun yanında cərəyan edən hadisələrə. Yanaqlarını şaxtadan naxışlanmış pəncərənin şüşəsinə söykəyərək, gözlərinin axtarıb tapdığı, istəkli türk tələbəsinin siqaret dumanlarına bürünmüş üzünü görən qızcığaz az qala körpə quşcığaz anasına doğru qanad açan sayağı tələm-tələsik yüklərini belə gözləmədən sevimlisinə doğru gələr, heçnəyə fikir vermədən zərif qollarını türk tələbənin boynuna dolayaraq öpər, öpər, qoxlardı. Ondan fərqli, biraz təmkinini qoruyub saxlamaqda özündə güc tapan türk tələbə yalnız ikisinin bildiyi, ortaq sevgi dilində: yüklərin qaldı deyərək azqala özündə olmayan qızı reallığa avtobusun yanına qaytarar, Nona gözlərini iri-iri açaraq: hə, düz deyirsən deyərək yüklərini gətirər, türk tələbədə kip doldurulmuş (kənddən Nonanın anasının göndərdiyi paylardan məxsusi onun adına da gələrdi) qablardan götürərək taksiyə yığar ünvanı sürücüyə söylərdilər. Yüngül yol geyimində olan, yanaqları kənd havasından allanmış, ağ zərif sviteri yaraşıqlı boyun-boğazını türk tələbənin həsrətli baxışlarından gizlətmiş, qara saçlarını hörükləyib sinəsinə atmış Nona sürücünün yanında əyləşmək istəyən türk tələbənin əllərini şıltaqlıq edərək buraxmaz, arxada bir oturardılar.

Nonanın mənzilinə qədər, elə də uzaq olmayan məsafədə sevimlisinə, türk tələbəyə qısılan zərif qızcığaz onun hərarətindən sanki məst olaraq gözləri yumulardı. Həmin illər Ağadadaşın mahnıları geniş yayıldığından Stepanakertdə taksilərdə, marşrut RAF-da, çevirib ermənicə oxutsalar da, bu ortayaşlı erməni taksi sürücüsündə ki, kasset azəri-türkcəsində idi. Ağadadaşın bal kimi həzin-həzin oxuduğu musiqi arxa oturacaqdakı həsrətli sevgi dünyası ilə həmahənglik təşkil etdiyindən hal əhli olan erməni sürücü musiqini azacıq gücləndirsədə Nonanı sığındığı türk tələbənin hərarəti bu dünyadan alıb apardığından Ağadadaşın nəğmələridə keçərli olmadı. Dünyanın başqa bir bucağında olsada Ağadadaşda sanki bu şaxtalı, qarlı Stepanakert axşamında, azacıq buzlamış yolları ehtiyatla təkərlərinə dolayan taksidə eşkdən, ona sığınmış gözəl məxluqun istisindən, hərarətindən, zəif vuran ürək çırpıntılarından sanki sərxoş olmuş türk tələbədən ötrü oxuyurdu.

Bu qərib axşamda kövrək, həzin, hansısa bir eşq dəlisi, umulmaz olan ilahi sevgidən yarımamış şairin ürək qanı ilə naxışlanmış: Məhəbbət əzabla qoşa yaranıb, həsrətin əli ilə saçım daranıb, vücudum kül olub, ürəyim yanıb, daha özgə oda heç yanmaq olmur - misraları Ağadadaşın nəfəsindən salona axaraq sanki bir kövrək eşq məbədinə bələdçilik edərək bir ömür yaddan çıxmayacaq axşamın notlarına öz möhrünü vuraraq yaddaşlara yazırdı.

Bugündə həmin axşamı, taksinin arxa oturacağını, zəif ürək çırpıntıları, ətri, qoxusu içinə hopmuş eşq dəlisi Nonanı xatırlayanda ömrünün yarım əsrdən çoxunu yaşayan keçmiş türk tələbənin içindən qəribə istilik verən şua, cərəyan keçir sanki, dünən olubmuş kimi, tarixlərində, fəslində eləbil qəribə bir təsadüfdən üst-üstə düşdüyü o illərin, günlərin, saatların, dəqiqələrin, saniyələrin istisinə qızınan keçmiş türk tələbənin gözlərinin önündən kino lenti kimi keçən xatirələrə işıq tutaraq, bələdçilik etməklə dünyanın ən müqəddəs neməti olan sevgiyə, eşqə, məhəbbətə bir sözlə insanlığa qıyanları, erməni cəlladlarının havadarlarını lənətləməklə ürəyimizi boşaldaraq biraz yüngülləşirik sanki.

Qayıdaq Ağadadaşın nəğmələri çilənmiş, iki eşq dəlisinin bir-birinə sığındığı, ayazlı, şaxtalı o qərib axşama, güzgüdən arabir arxaya baxaraq bığaltı qımışan orta yaşlı erməni sürücü tərtəmiz azəri-türkcəsində: ara bu çiçəyi hardan dərmisən, belə gözəllik bizimkilərdə olmaz, bir tərəfi sizin türklərə gedib çıxacaq - deyərək bic-bic göz vursada sanki yuxuda olan Nona onu eşidmirmiş kimi türk tələbənin sinəsinə dahada bərk qısılır. Kitabımızın gələn fəslində də duyğusal anlar yaşayacağıq. Nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>