Kəndimizin son günü (93-cü yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (93-cü yazı)

1462430011_teylor-f-300x225-300x151Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

93-cü Fəsil

Orda qalmışdıq ki, Nonanın şirin doyulmaz öpüşlərindən gözünü açmağa belə imkan tapmayan türk tələbə qızın içindən, bütün varlığından axan bu qaynar eşq selinin dalğalarına qarşı dura bilməyərək çiyələk dadı verən, dodaqlarına, dodaqları ilə sanki köz basardı.

Yuxuların gerçək olduğu, sonu qaranlıq, məchul olsada, indisi bal dadan eşq oyunlarında, Nona özündə olmaz, bayılıbmış kimi, qırıq-qırıq, rabitəsiz sözlər deyər, türk tələbənin əllərini, gözlərini öpüşlərin içində, ətrində qərq edərdi, qızın lavanda, akasiya çiçəyi ətiri qara tellərindən öpüb qoxlayan türk tələbə qu quşu kimi zərif qızcığazın incə belindən qucaqlayaraq dağların qarı bəyazlığında, ağın qırmızıya qarışdığı ətirli yatağına, sanki əllərindən düşərək çiliklənəcəyindən qorxurmuş kimi üstufca uzadar, hələ də boynuna dolaşmış incə əllərindən, dağınıq qara tellərindən çoxlu-çoxlu öpərdi. Dünyanın əlləm-qəlləm, əndərbadi işlərinin, əsən küləklərinin, yağan yağışlarının, "Vremya" proqramını yağır etmiş, gündə bir sovet havası çalan Anjela Devisin, bir əlçatımındakı Ağdamda Sadıq Murtuzayevin Karyer Qasımla nə pıçıldaşmalarının bu eşq havası ilə dolub-daşar sevdalı otağa qətiyyən dəxli yox idi. Umulmağı mümkün olmayan ilahi eşqlərin möhürü olan bal dadan şirin öpüşlər Nonanın dodaqlarından uçaraq türk tələbənin təpədən-dırnağadək bütün vücuduna hoparaq onu az qala bihuş edərdi.

Gecənin qaranlığına acıq verərək meydan oxuyan bu eşq sevdasının titrəyişləri balaca, yaşıl köynəkli lampanın pərvanə həsrəti çəkən zəif, solğun işığına hoparaq bayaqdan bəri qanlı-qanlı bu eşq pəncərəsini güdən  türk düşməni erməninin parkın küncündə həkkəyinndən bürüşmüş heykəlinnə açıq verirmiş kimi ətrafa sələlənərdi. Ayrı vaxt sanki daş asılmış kimi, ürəyi üzərək bir-birinə qovuşan saatın əqrəbləridə həsrətli sevgililər kimi sanki bu eşqin qarasına uçaraq elə tez vüsala çatırmışlar kimi tələsik birləşərək, doyulmaz gecənin ömrünü baltalayırdılar. Ömürdən uzun, doyulmaz gecələrdə şaxtalı, qarlı havanı bir az sanki nuru ilə isindirən ayın göylərin qucağına atıldığı saatlarda türk tələbə zərif əllərini onun sinəsində daraqlayan Nonanı məstlik yuxusundan oyatmamaq üçün üstufca əllərini, tellərini sığallayaraq yorğanı qızın sinəsinə çəkərək qalxıb pəncərəyə yanaşardı. Kip pəncərəni azacıq aralıyar, siqaret yandırıb tüstüsünü acıqla parkdan elə bil onu qanlı-qanlı süzən türk düşməni erməninin heykəlinə yönəldərdi.

Qarın, şaxtanın hopduğu ruhu təmizləyən havadan gümrahlaşan türk tələbə bir xeyli küçələrdən arabir keçib gedən maşınlara baxdıqdan sonra Nonanın xüsusi olaraq hazırladığı, yaşıl köynəkli gecə lampasının öləziyən işığının gölgə saldığı stolun arxasına keçər, əyləşərdi. Stolun bir yanına türk tələbənin leksiya dəftərlərin, kitablarını səliqə ilə yığan qız sevimlisinə xudmani bir iş masası yaratmışdı. Təbii ki, türk tələbəni stola çəkən sabah-birigündə başlayacaq, zəhləsi getdiyi Ararat Qriqoryanın, nədə elmi-kommunizimdən olan leksiyalar, seminarlar deyildi. Bakıda mərkəzi, o dövrün ən bərkgedən, çox oxunan qəzetində ard-arda bir neçə ədəbi yazısı dərc olunandan sonra, qəzetin ədəbi dairələrində çox böyük nüfuzu olan, baş redaktor müavininin onu kabinetinə çağıraraq: Sən də nadir hallarda rast gəlinən yazmaq istedadı var, yazılarına davam elə ki, institutdan sonra redaksiyaya işə gətirək - deyib, dərslərində, imtahanlarında çətinlik varsa tapşıraq, ancaq sən yazılarından qalma sözləri ilə türk tələbəni sanki qanadlandıraraq, ruhlandırmışdı. Nona evlərində, ziyalı mühitində böyüdüyündən, anasının şeirə, sənətə böyük önəm verdiyini, atasının mütailə həvəskarı olduğunu gördüyündən türk tələbə yazı ilə məşğul olub söz sevdasının arxasınca düşəndə ayaqlarını ucunda yeriyərək varlığını belə hiss etdirməzdi ki, sevimlisinin fikrini dağıtmasın.

Gecə yarısı oyanan qız yaşık köynəkli lampanın pərvanəyə həsrət işığında ağ kağızlarla, qələmlərlə danışan türk tələbəyə yaxınlaşar, ilahi bir baxışla, doyulmaz-doyulmaz onu süzdükdən sonra mətbəxdə çaydanın altını yandırardı ki, gecdə olsa sevimlisinə ləzzətli çay verib, yanında oturaraq ona doyunca baxmaq fürsətini qaçırtmasın. Kitabımızın gələn fəsillərində danışacağımız həyat hekayələri nələr, nələr, yenə nostalji hislləri oyadacaq.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>