Kəndimizin son günü (99-cu yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (99-cu yazı)

Baş-Redaktor-300x228Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

99-cu Fəsil

Durna qatarı kimi səsli-küylü qız-gəlinlər önlüklərini oldurandan sonra Mapəri xalanın çəpəri tərəfdən yola çıxardılar ki, Müsabinin sexinin yanına toplaşan kişilərdən kənar dolanıb Ərşadın evinin yanından aralığa girərək evlərinə dağlışardılar. Kişilərin topasının yanından hərlənməmək, abır-həyanı gözləmək kənd qadınlarının qanında dolaşaraq sanki onların hərəkətlərini idarə edərdi.

Evlərinə çatan qadınlar tez çatdırsalar, qazan asar, əlüstü pencərləri təmizlər, gur sulu krantın altında aşsüzənlərdə yuduqdan sonra ya qovurar, istəsə uyğun balva bişirərdilər. Balvaya pencərdən əlavə düyü də qatılar, turş nar dənələridə bu azca sulu yeməyə ayrı dad verər, mədə-bağırsağı yumşaldardı. Səhəri gün isə cincilim kətəsinə hazırlıq görülər, nehrə ayranından iri qazanlarda dovğada bişirilərdi. Fermanın geniş ərazisinə daxil olan bağlar Qayabaşına söykənər, mal-qara çox vaxt elə həmin ərazidə otarılardı. Əsasən qanqallıq olan bağlarda çətənə də yığılar, novruz bayramına saxlanılar, qovurğaya qatılar, artıq olandada rayon bazarında satılardı. Deməli, qanqal adlanan yabanı, tikanlı bitki, sütül olanda ehmalca gövdəsindən qırar, bıçaqla təmizlənib dadlı-dadlı yeyər, içimizə-içalatımıza bir sərinlik yayılardı. Elə ki, istilər düşdü qanqal vağanıyar-qartıyar, tikanlı sarı güllərinin arasında çətənələr qara-tam yetişərdi. Qanqalın həmin tikanlı gülləri qayçıyla kəsilərək kisələrə yığılaraq həyət-bacada sərilər, iri payalarla döyülərdi, tikanlı güllərdən ayrılan çətənəni dərin qablarla ağ, təmiz, ağzı, boğazı qatmalı torbalara yığardılar. Novruz bayramına az qalmış özlərinə yetər qovurğaya qatılası çətənəni ayırdıqdan sonra qalanını baha qiymətə satardılar.

Qayanın başı adlanan təpələrdən baxanda Ağdamın hündür binaları, un kombinatının, digər zavodların güllələri göz önündə açılar, məşhur Ağdam ayraportunun təyyarələrə bələdçilik edən, ağlı-qaralı, şahmatvari lövhəsinə elə bil əl uzatsan çatardı. Bir az diqqətlə baxanda isə əsrlərin yaşıdı Ağdam məscidinin qoşa minarələridə görünərdi. Dəmiryolu vağzalı və ora bitişik "məşhur" beşmərtəbələrədə sanki əl uzatsan çatardı.

Hətta vağzalda dayanan yük və sərnişin qatarlarının metal damlarıda günəşin şəfəqləri altında parıldayar, Stepanakertə adlayan, rayon mərkəzinə gedən asvalt yolun tən ortasından keçən dəmiryol xəttində dayanaraq qatarın ötməsini, yolun açılmasını gözləyən sıralanmış irili, xırdalı maşınları da az qala saymaq olurdu. Ayraport qurtaran kimi kəndimizə gələn, Qarqarın yatağından keçən yolun üstündə o vaxt tək-tək olan, Fərdi kooperativ  qoyun Fermasının əkin sahələrinin sahibinin adını unutmuşam.

Təpələrdən baxanda sovetliyimizə daxil olan, qonşu 20-30 evlik əsasən iranlı mühacirlərin yaşadığı Acarlı kəndi, kəhrizi ovuc içi kimi görünərdi. Bu kəndə sovxoz deyərdilər. Sovxozun hər tərəfdən girəcəyində ayraportun qurtaracağındakı kəhriz bir aləm idi. Dərin mağaradan, Allah bilir haralardan məcrasını götürən kəhrizə düşmək üçün təpəni ehtiyatla enəndə göz yaşı kimi dumduru suyun aynalandığı gözü bir aləm idi. Yayda, günəşin yeri, göyü qovurduğu günortanın tülyanında buz kimi sudan bir ovucu çətinliklə içmək olardı. Sovxoz camaatının nobat qoyun-quzusu, mal-qarası kəndin girəcəyində ki, salxım söyüdlərin altında adətən kölgələnərdilər.

Qarqarın çayın tutmadığı balaca adaları da bir aləm idi. Yazağzı çay daşanda qabağına çıxanı süpürləyib gətirər, dalğalar hirslə-hikkəylə bu adalara atardılar. Nələr olmazdı, Qarqarın qənimətləri içində, hətta velosipedlər, oyuncaqlar, çay boyu yataqlarla dağlara qalxan köçü begəfil haqlayanda, qoyun-quzu, hətta yorğan-döşəkdə olard, qumlu adalarda.

Qoyun-quzu ölmüş olduğundan topa-topa uçan qarğa-quzğunun kefi olardı ki, qənimətlərdən doyunca sökərdilər. Qayanın başından, sıldırımdan aşağı, qıjıltı ilə axan Qarqarın enli dərin yatağına baxanda adamın az qala gözləri qaralar, qorxa-qorxa addımlarını geriyə atmalı olurdunki birdən dəli Qarqar çəkib aparar. Təpələrin sinəsi ilə dolanıb, qıvrılan Kəblə Abbas kəhrizinin dumduru sularının axdığı dərin arxa boz, sıldırımlarda bitmiş böyürtikanlar, digər topa-topa kolların köklərinin harda rişələnməsi möcüzə idi. Kəhrizin suyu çaxır zavodumuzun həyətinə axaraq orada gedən proseslərdə yardımçı olardı. Böyürtikanlar yetişəndə kənardan baxanda sanki, Qayanın başında mahir bir rəssamın sənət əsərlərinin sərgisi açılardı. Ağın-qırmızıya, qırmızının-sarıya qarışdığı bu təbiət incilərini indi də xatırlayanda nələri itirdiyimizə bir daha heyfsilənirəm. Hələ arx boyu dizə çıxan qıjılar, yarpızlar, nanələr, nələr, nələr, dumduru kəhriz suyuna boylanan, zərif, kövrək bənövşələr, dimdikləri ilə su içən xallı göyərçinlər, çəpər quşları, bildirçinlər, bir az yuxarıda çəkillərin qabıqlı gövdəsini dimdikləri ilə döyəcləyən şanapipiklər, bütün bunları ağ vərəqə köçürəndə sanki bir anlığa özümü Qayanın başında hiss edərək hətta güllərin-çiçəklərin ətrinə-rayihəsinə qarışmış, Fermadan gələn özünəməxsus qoxunu duyaraq ağappaq alça çiçəyinin bəxtəvərliyi hopmuş o illəri, ayları, günləri, saatları, dəqiqələri hətta saniyələri belə sonuna qədər yaşayaraq, gözlərimi yumdum ki, yuxu olsada, reallığa uyğun gəlməsədə bu dadlı röyadan heç oyanmayım, şirin ağuşunda itərək, batıb qərq olum. Kitabımızın gələn fəslində türk tələbə ilə Nonanın həsrətin vüsalla qucaqlaşdığı, tez əriyən şirin pıçıltılı gecələri, digər həyat hekayələri nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>