Kəndimizin son günü (109-cu yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (109-cu yazı)

Baş-Redaktor-300x2282Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

109-cu Fəsil

Kəndimizi dolaşmaqda davam edək. Hüseynxan kişi ilə Marış xalanın əziz xatirələrini vərəqləmək istəyirəm. Bu mehriban ər-arvad kəndin ortasında səliqəli, xudmani evdə yaşayardılar, böyük ailə sahibi idilər. Oğlanlarından böyüyü Vaqif cavankən rəhmətə getdiyindən ailənin and yerinə çevrilərək bir an belə unudulmazdı. Qız övladlarının hamısı yaxşı ev-eşik sahibi idilər.

Hüseynxan kişi təqaüdə çıxana qədər rayon mərkəzində, kolxozda, sovxozda həmişə məsul vəzifələrdə işləyərək eldə-obada böyük nüfuz sahibi kimi sözü ötkəm, təpərli ağsaqqal kimi xeyirdə-şərdə başda oturdurulardı. Papirosu daim damağında olan Hüseynxan kişi, ipək kələfi kimi yumşaq, xeyirxah həyat yoldaşı Marış xala ötən əsrin axırlarına yaxın hələ kəndimizdə bəxtəvərliklə yaşadığımız illərdə vəfat edərək, ömür boyu dərdi onları şam kimi əridən oğullarının ruhuna qovuşdular, əbədi rahatlıq tapdılar. Torpaqları yumşaq, məkanları cənnət olsun, dəyərək dəyərli ağsaqqalımıza, nurlu ağbirçəyimizə uca tanrıdan rəhmətlər diləyirik! Bu ailədən demək olar ki, iki qız övladı hazırda yaşayır, vaxtlı-vaxtsız əzizlərinə qovuşanlara da rəhmətlər diləyərək ailənin ikinci oğlu Yaqub Bayramovdan danışacam kitabımızın bu fəslində.

Bayramov Yaqub Hüseynxan oğlu, atasıgillə bir həyətdə yaşayardı. Unikal, maraqlı, şən xarakterli Yqub Bayramovun əlləri qızıl idi. Onun bişirdiyi yeməklərin, çəkdiyi kababının, dəmlədiyi çayının yerini heçkimin, ən məhşur aşbazların işi belə verə bilməzdi. Maraqlı həyat yolu var idi Yaqub Bayramovun da, uzun illər kənarda yaşayıb, işləyəndən sonra kəndə dönən bu insan az keçmədi ki, camaatın sevimlisi oldu. Xeyir-şərlərin yaraşığına çevrildi, dəmlədiyi çayı bəh-bəhlə içildi, bişirdiyi dadlı yeməklər ağız ləzzəti ilə yeyilərək tərifləndi, məclisləri aparmaq, işi yola versin deyə qapısını gecə-gündüz döyənlərin sayı-hesabı bilinməzdi. Kazımov Kamillə möhkəm dost olaraq əksəriyyət vaxt bir yerdə olardılar. Dünyanın çarxının çönmədiyi o bəxtəvər illərində kəndimizdə ki, toylar da Kamil Kazımovun əvəzolunmaz padşahlıq elədiyi vaxtlar da həmin məclisin yemək-içmək məsələsi Yaqub Bayramovluq olardısa mütləq orada vaxt tapıb toyxanaya girər, şlyapasını gözünün üstünə basaraq özünəməxsus gözəl rəqsini oynar, oynaya-oynaya da ayaq üstə əl çalanlara da baş əyərək musiqi sona yetməmiş məsul olduğu işin üstünə dönərdi.

Ləzzətli, məzəli fərraşlıq eləməyidə var idi. Yaqub Bayramovun nar çubuğunu elə ki, əlinə alaraq ortalığa girdi toydakılar gözəl bir tamaşaya baxacaqlarını, doyulmaz ləzzət alacaqlarını bilərək qəribəliklərə hazır olardılar. Gözəl hərəkətlərlə toyu idarə edən Yaqub Bayramov əziz dostu olan Kamil Kazımov fərraş deyə qışqıran kimi təbii içindən gələn məzəliklə əmrə müntəzir olaraq deyilən adamı zarafatla ortaya çəkərdi. Bir ara sovxozumuzun idarə binasının yerləşdiyi Hümbətlər məhəlləsində ki, yeməkxananı götürüb işlədən Yaqub Bayramovun dadlı yeməklərinin, heçyerdə rast gəlinməyən pitilərinin sorağına hətta rayon mərkəzindən də eşidib gələnlər olardı. Elinə-obasına, doğma yurduna həsrət bu duyğusal kişinin də bu buz baltası kimi, sağlam ömrünü vaxtsız-vədəsiz qıraraq doğmalarına, atasına, anasına, bacılarına, qardaşlarına nigaran qovuşdurdu. Yaşadığımız illərdə Mingəçevir şəhərində dünyasını dəyişdi, Bayramov Yaqub Hüseynxan oğlu. Torpağı yumşaq, məkanı cənnət olsun deyərək bu ləyaqətli kişinin də qısaca vərlədiyimiz həyat hekayətinə hələlik son veririk.

İnqilabla, Sabiri yəqin xatırlayırlar dəyərli oxucularımız. Atalarının adı Zahid idi, bu anadan lal doğulmuş qardaşların. Zahid kəndimizdə doğulsada sonralar Bakı da işləyib ev-eşik quraraq kəndə qayıtmadı. Zahid kəndimizdən Qumru sakit təbiətli, ifallı bir qadınlar ailə qursada bu lal qardaşlar doğulduqdan sonra onu boşayaraq kənd də gəzən söz-söhbətə görə erməni qadınla ailə həyatı qursada onlara da baxardı, təminatlarını ödəyərdi. Qumru xala sakit təbiətli, daim başıaşağı gəzən qoçaq bir qadın idi. Məscidimizdən Çölməhləyə gedən yolun qırağındakı səliqəli həyət-bacasındakı balaca evində Allahın boy-buxun, yaraşıq, istiqanlılıq verərək dilini aldığı bir cüt balasının başlarına pərvanə tək fırlanaraq səbrlə onların nazına dözərək böyüdüb ərsəyə çatdırmışdı. Hər iki qardaş, savadlı, oxumağı, yazmağı bilər, qarşılarındakı insana işarə ilə istəklərini çatdırardılar. İnqilab gününün əksər vaxtı rayon mərkəzindən taksi ilə gətirilən poçtu gündəlik qəzet və jurnalların, məktubların çeşitlənməsində bəzən də paylanmasında paçtalyon Atayev Əliağa kişiyə kömək edər əməlli başlıda yarıdardılar. Qarqarın qan ağlayan yazağzı yerləri, göyləri titrədən vaxtı kənd də xəbər yayıldı ki, qardaşlardan balacasını sel aparıb. Qumru arvadı özünü sellərə vurmaqdan ağsaqqallar güclə saxlayaraq köpüklü dalğaların kənara atdığı, qolubərk kişilərin qanlı sulardan aldığı çiyərparasının üstündə üzünü cırmasına, diz döyməsinə, balasını oxşamasına imkan verərək Sabirin adəti üzrə kənd qəbirstanlığında dəfninə hazırlıqları başa vuraraq elliklə oğlan atası gələnə qədər dəfn edildi. Həmişə gözləri gülən İnqilab qardaşını itirib tək qalandan sonra gözlərinə kədər çökdü. Gələn fəsildə də bu mövzunun davamı gələcək, nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>