Meksika televiziyasında Azərbaycanla bağlı verliş: Bakı Prosesi... | SON XƏBƏR | SON XƏBƏR

Meksika televiziyasında Azərbaycanla bağlı verliş: Bakı Prosesi…

meksika-foro1_300x168Meksikanın nüfuzlu televiziya kanallarından olan “Foro TV”nin geniş tamaşaçı auditoriyasına malik “Foro Qlobal” (Qlobal Forum) verilişinin Azərbaycana həsr olunan xüsusi buraxılışı yayımlanıb. Veriliş zamanı tanınmış aparıcı Cenaro Lozano Azərbaycanın Meksikadakı müvəqqəti işlər vəkili Məmməd Talıbovdan müsahibə alıb.

Diplomat müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın üzləşdiyi çətinliklər və xarici təcavüz barədə danışıb. O, Azərbaycanın inkişafının xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Müvəqqəti işlər vəkili müsəlman Şərqində ilk demokratik dünyəvi respublikanın məhz Azərbaycanda yarandığını, heç bir ayrı-seçkilik olmadan bu dövlətin bütün vətəndaşlarının bərabər olduğunu deyib. O, bu il Azərbaycan xalqının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd etdiyini bildirib. Bu dövlətin cəmi 23 ay mövcud olmasına baxmayaraq, onun dünya tarixində böyük iz qoyduğunu vurğulayıb.

Bu gün Azərbaycanın öz tolerantlığı ilə bütün dünyada tanındığını, ölkəmizdə müxtəlif mədəniyyətlərin və dinlərin bir yerdə yüz illərlə heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadığını qeyd edən diplomat Azərbaycan rəhbərliyinin bu sahəyə ayırdığı xüsusi diqqəti qeyd edib. Bildirib ki, Azərbaycan multikulturalizmin və mədəniyyətlərarası dialoqun dünya miqyaslı mərkəzlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “Bakı Prosesi” ölkəmizin dünya miqyasında mədəniyyətlərarası dialoqa töhfəsinin nümunələrindən biridir.

Diplomat Bakıda Formula-1, birinci Avropa Oyunları, dördüncü İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı idman tədbirlərinin böyük uğurla keçirildiyini, hazırda “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə Bakının namizədliyinin irəli sürüldüyünü söyləyib.

Məmməd Talıbov Meksika ictimaiyyətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumatlandırıb.

Verilişin aparıcısı C.Lozano üç Meksika deputatının 2017-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinin Meksikada böyük qalmaqala səbəb olduğunu xatırladaraq məsələyə dair fikir bildirməyi xahiş edib. Diplomat bu hadisənin açıq-aydın Ermənistan hökumətinin növbəti təxribatı olduğunu bildirərək rəsmi Yerevanın burada iki əsas məqsəd güddüyünü bildirib. Birinci məqsəd Azərbaycanın işğal olunmuş ərazilərində yaranmış qondarma marionet rejiminə guya Meksika tərəfindən dəstəyin verilməsi imicini yaratmağa çalışmaq idi. İkinci məqsəd isə Meksika ilə Azərbaycan arasında inkişaf edən əlaqələrə zərər vurmaq olub. Göründüyü kimi, Ermənistan hökumətinin bu həmləsi də boşa çıxıb.

Azərbaycan ilə Meksika arasında əlaqələrin inkişafından danışan müvəqqəti işlər vəkili iki ölkənin Bakıda və Mexikoda səfirliklərinin fəaliyyət göstərdiyini, siyasi məsləhətləşmələrin keçirildiyini, mədəniyyət, təhsil, parlamentlərarası əlaqələr və digər sahələrdə səmərəli əməkdaşlığın aparıldığını qeyd edib.

C.Lozano Azərbaycan cəmiyyətində Birinci vitse-prezident Mehriban Əliyeva kimi şəxsiyyətin olduğunu qeyd edərək Azərbaycanda qadının rolu ilə maraqlanıb. Müvəqqəti işlər vəkili Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara bərabər hüquq verən ilk ölkələrdən olduğunu deyib və Azərbaycan qadınlarının ölkə həyatının bütün sahələrində mühüm rolundan danışıb. O, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uzun illər səmərəli fəaliyyətini qeyd edərək, onun təşəbbüsü ilə Azərbaycanda və ölkəmizdən kənarda bir çox sahələrdə layihələrin uğurla həyata keçirildiyini bildirib. Diplomat Mehriban xanım Əliyevanın humanizm, xeyirxahlıq, ümid və mərhəmət kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə Azərbaycan qadını və ölkəmizin hüdudundan kənarda çoxları üçün nümunə olduğunu vurğulayıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>