Kəndimizin son günü (119-cu yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (119-cu yazı)

Baş-Redaktor-300x22821Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

119-cu Fəsil

Süsən sünbülə, özünün bal səsi ilə yeni nəfəs verən, cənnətməkan Sədini, az qala özünün unudaraq xəyallar aləmində uçan türk tələbəni, gözəl Nonanı, olduqları yerdə qoyub, qarşıdakı dəli ehtiraslı gecənin, qara sevdanın ağuşuna buraxıb, təsvirlərindən, gerçəklərindən, real həyat hekayətlərindən danışmağı bir az sonraya saxlayıb, Ağdamda, kəndimizdə gəzişmələrimizə davam edək.

Ağdamın mərkəzi meydanı Leninin adını daşısada, sonralar Azadlıq meydanı olub çox təlatümlü hadisələrə şahidlik edərək tarixləşib, əbədiyyət olmuşdu. Meydanın tən ortasında Fərhadın qayaları çappasının, müəllifini bilmədiyim (demək olar ki, rayon sakinlərinin əksəriyyətidə xəbərsiz idi heykəltaraşın kimliyindən) heykəltaraş tərəfindən hazırlanmış heykəlindən su fontan vurardı. Heykəlin arxasında Ağdam Dram Teatrının əzəmətli binası ucalırdı.

Teatr direktoru vəzifəsində uzun illər kəndimizdən olan rəhmətlik Məmməd Əmirov işləyirdi. Dərs ilində, müxtəlif vaxtlarda məktəbə teatrın biletləri gətirilərək, sinif rəhbərləri tərəfindən şagirdlərə satılaraq vaxtı çatanda özlərinin avtobusları ilə gedib-gələni də təşkil edərdilər. İndi ki, kimi yadımdadır, böyük, yaraşıqlı tamaşa zalına daxil olduqdan sonra qırmızı məxməri üzlü bir-birlərinə bağlı uzun sıralı, rahat kreslolarda oturar, səhnənin ağır pərdələrinin açılmasını səbirsizliklə gözləyər, həyəcanla maraqlı tamaşanı izləyərdik. Korifey sənətkar olsada, nədənsə sonralar böyük istedadı ilə həyatın dibinə yuvarlanan Tofiq Qarayevin ustalıqla oynadığı rollara, aktrisa, eyni zamanda gözəl qadın Simuzər xanıma da (soy adını unutmuşam) heyran-heyran baxaraq bir anlığa real həyatda yox onların rollarının mənsub olduğu cəmiyyətlərdə hiss edərdik, o qəhrəmanlara oxşadardıq özümüzü. Fasilə zamanı pərdələr salınanda, dəstə-dəstə foyedə olan bufetdə şirin kökələrlə kakao içər, nəzik kolbasa dilimlərinin buterbrodunu dadlı-dadlı yeyər, bu heyranedici səyahətin sona yetəcəyindən üzülərdik. Ağdam Teatrı ötən əsrdə SSR deyilən məkanda ən modern, sivilizasiyalı, müasir, işıqlandırma sisteminə malik, məhşur sənətkarların səhnəsində çılğın rolları yaşaya-yaşaya yaratdıqları işıqlı sənət məbədi idi. Tamaşa başa çatandan sonra müəllimlərin nəzarəti altında şagirdlər sıralanaraq, avtobuslarda yerlərini tutaraq kəndə, geriyə qaytarılardılar. Teatrın arxasındakı küçə ilə biraz yuxarı qalxanda rayon milis idarəsinin səliqəli binası yerləşər, qarşısında da müxtəlif markalı milis maşınları dayanardı. Ağdam Milis İdarəsində həmin illər çalışan əməkdaşlardan, təcrübəli hüquqşunas, polkovnik, haqqı-nahaqdan, Murtuzayev kimilərinin təzyiqindən, müdaxiləsindən, yersiz hücumlarından qoruyan yaraşıqlı kişini, İslam Paşayevi (sonralar məhşur vəkil kimi fəaliyyətini dəvam etdirdi) CAŞ rəisi, yarlı-yaraşıqlı, ala gözlərindən mərdlik yağan Rizvan Ramazan oğlu Quliyevi, peşəkar əməliyyatçı Elçin Babayevi xoş xatirələrlə xatırlayaraq, onların mümkün olduğu qədər rayon sakinlərinə etdikləri yaxşılıqların, xeyirhaqlıqların xronologiyası böyük bir kitaba bəs eləyərdi.

Ağdam Milisi asayişi, əminamanlığı qorumaqla yanaşı, eyni zamanda qanlı erməni hücumları başlayanda silaha sarılaraq düşmənin qorxulu röyalarına çevrilərək onlara güclərin qeyri-bərabər olduqları döyüşlərdə ağır təlafatlar verirdilər.

Erməni qoşunlarının hücumları şiddətlənəndə İslah Paşayevi əvəzləyən, əslən cəbrayıllı olan polkovnik, cənnətməkan Rəşid Məmmədovda igid, qorxmaz, əsil türk kişisi idi. İndi də bu səhnə gözlərimin qarşısındadır, Milisin binasını ermənilər Alazan raketi ilə vuranda, Rəşid Məmmədov toz-torpaq çəkilməmiş kabinetinə keçdi ki, əməkdaşlar ruhdan düşməsinlər. Sözün əsil mənasında ötən əsrdə qanlı erməni qırğınları, tufanları Ağdama sarı arası kəsilmədən əsəndə Ağdam Milisinin bütün əməkdaşları əsil qəhrəmanlıq göstərdilər, qanlı düşmənin dəfələrlə hücumlarına sinə gərərək onlara ağır təlafatlar verərək, qaçqınlıq illərində də rayon əhalisinin şərəflə əminamanlığını qoruyaraq onlarla birlikdəydilər. Kitabımızın gələn fəslində də bu qəhrəman insanlar haqqında danışacağıq, hələlik isə dünyanın o vaxtları idi ki, həmişə tufan qabağı sakitlik olduğu kimi, indi yuxularıma da gəlməyən Ağdamın da bəxtəvər günlərini yaşayaraq, günü-gündən sakinlərin bilavasitə iştirakı demək olar ki, şəxsi vəsaitləri ilə abadlaşır, gözəlləşir, indi respublikamızı bürümüş əzəmətli villaları kölgədə qoyan mülklər, imarətlər azqala şəhərin Əsgəran səmtinə, Qarahacı qəbirstanlığına qədər söykənirdi.

Abidədən sonrakı boş torpaq əraziləri demək olar ki, qarış-qarış Murtuzayev və onun oxşarı raykom katibləri tərəfində camaata satılaraq, yığılan kisə-kisə sovet pullarını qızıla, brilianta çevirərək cəhənnəmdə yanası iyrənc sonları üçün ağlagəlməz sərvətlər, xəzinələr toplayaraq rayondan kənarda, Bakıdakı dəbdəbəli mülklərində torpağı qazaraq gizlədirdilər. Kitabımızın gələn fəslində də oxucularımızı türk tələbə ilə erməni qızı olduğu ancaq rəsmi kimliyində qalan gözəl Nonanın real həyat hekayətlərinin nostalji hisslərində saxlayıb Ağdamda, kəndimizdə ki, ötən əsrin acılı-şirinli həqiqətlərindən danışacağıq, nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>