ABŞ-ın türk liderdən istəyi: Türküstanda dəyişiklik başlayır | SON XƏBƏR | SON XƏBƏR

ABŞ-ın türk liderdən istəyi: Türküstanda dəyişiklik başlayır

mirziyayev-tramp_281x1872001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ və Özbəkistan arasında ciddi yaxınlaşma başlamışdı və İslam Kərimov Əfqanıstandakı əməliyyatlar üçün Karşi-Xanabad hərbi bazasını Pentaqonun istifadəsinə vermişdi. Lakin 2005-ci il Əndican qırğınından sonra münasibətlər pisləşdi və amerikalılar Özbəkistandan çıxmalı oldu.

Bu sözləri Özbəkistan və ABŞ liderlərinin görüşünün yekununu şərh edən politoloq Şahin Cəfərli deyib. O bildirib ki, ABŞ-ın bu gün Mərkəzi Asiyaya yenidən ayaq açmasında Əfqanıstan amili mühüm rol oynayır:

“Çinə yaxınlaşan Pakistanla əlaqələrində problem yaranan ABŞ Əfqanıstana yüklərin daşınması üçün alternativ marşrut axtarırdı və tapdı. Yüklər Azərbaycandan Xəzər vasitəsilə Qazaxıstana, daha sonra dəmir yolu ilə Özbəkistana, oradan isə Əfqanıstana daşınır. Qazaxıstan artıq Aktau və Kurık limanlarını ABŞ-ın istifadəsinə verib. ABŞ-la yaxınlaşmaq Qazaxıstan və Özbəkistanın da marağındadır. Əvvəla, bu iki ölkə Rusiya ilə Çinin arasında sıxılıb qalmaq istəmir və bu iki “div”in, xüsusən Pekinin artan təsirini super gücü bölgəyə gətirərək balanslaşdırmaq istəyir. Şübhəsiz ki, Şanxay Əməkdaşlıq Təşkilatının nüfuz zonasına daxil olmaq Vaşinqton üçün də cəlbedicidir. İkincisi, müasir texnologiyalara, investisiyalara, iqtisadi inkişafa gedən yol Qərblə yaxınlaşmaqdan keçir. Şövkət Mirziyayevin səfərinin ilk günündə ABŞ və Özbəkistan arasında 4,8 milyard dollar dəyərində 20-dən çox müqavilə imzalanıb. Bu müqavilələr neft-kimya, enerji, səhiyyə, əczaçılıq, kənd təsərrüfatı, maşınqayırma və mülki aviasiya sahələrini əhatə edir. Hərbi sənaye sahəsində də əməkdaşlıq nəzərdə tutulub və Özbəkistanın ABŞ-dan pilotsuz uçuş aparatları, rabitə vasitələri, zenit-raket kompleksləri satın alacağı gözlənilir”.

Politoloq qeyd edib ki, Özbəkistanın Dünya Ticarət Təşkilatına üzvlüyü də gündəmdədir və Mirziyayev bu məsəldə Trampdan kömək istəyib:

“Tramp bildirib ki, Özbəkistan öz ticarət rejimini liberallaşdırmağa davam edərsə, ABŞ bu məsələdə ona siyasi və texniki dəstək göstərəcək. İlk sırada olmasa da, ABŞ tərəfi Özbəkistanla təmaslarda demokratiya və insan haqları məsələsini də qaldırıb. Ağ Evdən bildirilib ki, bu əməkdaşlıq demokratiya və insan haqlarının təminatı istiqamətində atılan addımlarla paralel getməlidir. Aydındır ki, Mirziyayev avtoritar liderdir və onun Özbəkistanı qısa müddətdə demokratik ölkəyə çevirəcəyi gözlənilmir. Amma ABŞ hökumətinə bu istiqamətdə müəyyən addımlar lazımdır ki, ən azı əməkdaşlıqda öz simasını qoruya bilsin. Təsadüfi deyil ki, səfər ərəfəsində Özbəkistan XİN “Amerikanın səsi”ni akkreditasiyadan keçirib və Harvardın magistri Novbahar İmamova ABŞ media qurumunu ölkəsində təmsil edəcək. Bundan başqa, səfərdən əvvəl siyasi məhbus, hüquq müdafiəçisi Faxriddin Tillayev həbsdən buraxılıb”.

Qeyd edək ki, Özbəkistan və ABŞ liderləri arasında iki gün öncə baş tutan görüşdə 4,8 milyard dollarlıq müqavilə imzalanıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>