Kəndimizin son günü (121-ci yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (121-ci yazı)

Baş-Redaktor-300x22821Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

121-ci Fəsil

Ağdamlı, bəxtəvər Ağdamın Şuşa-Stepanakert yoluna iki çıxışı var idi. Xəstəxananın qarşısından keçən aralıqla əsas hərbi komisarlığa söykənən armudun dibi adlanan dayanacaqdan keçən yol abidənin yanında əsas maqistral yola birləşərdilər. Əskərana çatmamış, Ağdamın çıxacağında məhşur Qarahacı qəbirstanlığını keçəndən sonra ətrafda münbit qara torpaqlarımızda əkilən üzümlüklər, taxıl zəmiləri göz oxşayar bol məhsul verərdilər. Dədə-baba əzəli və əbədi torpaqlarımıza ruslar tərəfindən zəhərli oxlar kimi sancılmış məkrli, kinli erməniləri bir mərkəzdən idarə edən cəllad ideoloqları hansı ki, Daşnaksütun, Asala, Krunk kimi qanlı təşkilatlarda birləşərək zaman-zaman xalqımıza, ümumən türk dünyasına qarşı qanlı-qadağalı hücumlara, terrorlara səfərbər edirdilər. Əli qanlı erməni ideoloqlarına, Balayanlara, Köçəryanlar, Sərkisyanlar, Manuçarovlara, Kaputikyanlara digərlərinin fitvalarına uymayan bəzi geniş düşüncəli ermənilərə də divan tutularaq müxtəlif bəhanələrlə aradan götürülmələrindən belə çəkinməyərək sadə erməniləri terror qorxusu altında saxlayırdılar.

Qarqarın sinəsi ilə uzanan dəmiryolu xəttidə son dayanacaq kimi müasir üslubda inşa edilmiş Stepanakert vağzalında dayanardı. Ermənilər əsasən Şuşadan, Laçından keçməklə Gorusu adlayıb İrəvana get-gəliş etdiklərindən Bakıya sərnişin az olduğundan demək olar ki, boş vaqonlara Ağdamda biletlər satıldığından Stepanakert marşrutunun səmərəsiz olması, ziyanla işləməsi faktı ört bastır edilərdi. Ağdam Konserv zavodu, rayonlar arası ruhi əsəb dispanseri (el arasında dəlixana kimi tanınardı) Səyavuş Fərzəliyevin direktor olduğu böyük şərabçılıq kompleksidə, şampan zavodu kimi bütün SSRİ-də məhşur idi. Məhşur "Ağdam" çaxırı əsasən bu müəssisədə istehsal olunardı. Geniş maqistralın kənarında, kəndimizdən olan rayon mərkəzində yaşayan, küllü Qarabağın dizi bərk, təpərli, ötkəm, ləyaqətli kişilərindən olan Əli Hüseynovun qədimi üslubda əsasən milli ornamentlərlə, naxışlarla bəzənmiş "Ozan" restoranı xüsusi bir yaraşıqla, əzəmətlə ucalırdı. Onu da bildirim ki, sovet dövründə milli naxışlarla bəzənmiş, özü də restoran, yol kənarında kafelərin gözlərini deşən, nəzəri-diqqəti cəlb eləyən, (əsasəndə ermənilərin) gəlişli-gedişli obyektə sahib olmaq hər kişinin işi olmasada Əli Hüseynovun belə qorxu-ürkülərin fərqində olan kişi deyildi.

Səhər tezdən ceyran kimi yaraşıqlı, bərkgedən Volqasını restoranın asfaltının kənarındakı girişində şəstlə saxlayan Əli Hüseynovun məhşur "Ozan" restoranının şöhrəti ətraf rayonlarada yayılaraq gəlib-gedənində sayı durmadan artaraq demək olar ki, boş stol-stul tapmaq olmazdı. Dadlı müxtəlif xörəklər, çəkilən kababların heçyanda olmayan özəlliyi, qiymətlərdəki insaflılıq, ideal təmizkarlıq birdə əsirlərdən süzülən saf Qarabağ muğamları, musiqiləri "Ozan" restoranı ilə bəsləşməyə çalışanların arzularını gözlərində qoyardı. Əli Hüseynovun ötkəm kişi olduğunu söylədik. Bu möhtəşəm, əzəmətli kişi az qala göynən gedən partiya bosslarının, işinə haqqsız müdaxilə etmək istəyənlərin qarşısını çəkinmədən alaraq, onları saya belə salmaz, əzmək istədikləri fəqir-füqaranı da belələrindən qoruyardı. Sovet dövrü özüylə silah gəzdirmək hər oğlun, kişinin çapında olan iş deyildi. Əli Hüseynovda Ağdamın əksər nər kişiləri kimi istinalardan, qadağalardan kənarda idi. Şüvərək, cəld, əldəniti, əsəblərini çox zaman cilovlaya bilməyən Əli Hüseynovun yağlı Makarov tapançasıda həmişə əlinin altında olardı. Sonralar qanlı erməni tufanları əsməyə başlayanda tapançasından əlavə digər silahları ilə də qapı düşmənə qan udduranların ön cərgələrində yer alaraq ciyərparası oğlunuda şəhid versədə sınmadı, əyilmədi, başını dik tutaraq: Vətən sağ olsun! Deyərək, döyüşlərdə dəfələrlə ölümün gözünə dik baxaraq balasının intiqamının peşində olaraq, sona qədər döyüşərək, qaçqınlıq illərində Bakı şəhərində məskunlaşdı. Əli Hüseynovun sevimli həyat yoldaşı, küllü Qarabağın, bütöv Azərbaycanın samballı, ağır taxtalı, xanım-xatın ağbirçəklərindən olmaqla, seyılıb-seçilən nəslin nümayəndəsi, xeyir-şər məclislərimizin yaraşığı idi. Ciyərparasının şəhid olması, ata nənəm rəhmətlik Filyar xanımın yaxın qohumu olan cənnətməkan, Atlas xanımın səhhətinə ölümcül zərbə vuraraq, bu xanım-xatın, dağ vüqarlı qadının dünyasını vaxtsız dəyişməsini tezləşdirər, onu haqqa, əziz balasının şəhid ruhuna qovuşduraraq əbədiyyət yolçusu edərək, adını and yerinə çevirərək, ürəklərdə, qəlblərdə daim yaşadır. Məkanı cənnət, torpağı yumşaq olsun dünya qədər əzəmətli, vüqarlı Atlas xanımın!

Ömrünü şərəfli zirvəsinə yetmişləri, səksənləri, doxsanları qürurlar addımlayıb qət edən, yaddaşlarımızda, gözlərimizdə dəfn edilmiş bəy kəndimiz Novruzlunun, bir zamanların bəxtəvəri, Ağdamlı Ağdamımızın, küllü Qarabağın, bütöv Azərbaycanın dəyanətli, təpərli, dizibərk, ləyaqətli ağsaqqalları sırasında sayılıb-seçilənlərdən olan Əli Hüseynova möhkəm cansağlığı, ona doğma el-obaya qovuşmağı arzulayaraq, bütün şüurlu həyatım boyunca böyük hörmət bəslədiyim Əli Hüseynovunda vüqarlı ömründən bəhs etməyə, həyat hekayətinə də hələlik son verirəm. Kitabımızın gələn fəslində qələmdən nə süzüləcəksə onu sizlərə təqdim edəcəyik, nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>