Kəndimizin son günü (122-ci yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (122-ci yazı)

Baş-Redaktor-300x22821Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

122-ci Fəsil

Dərdə hamilə idi dünya. Qapı düşmən tapdağında qalacaq ellərimizin, obalarımızın, kainat incisi Şuşamızın, Ağdamımızın, hansını Laçını deyim, yoxsa dağlar qartalı Kəlbəcəri. Dərdi bizlərə verən tanrıda eləbil yazıqlaşıb, acizləşmişdir, ölümün, ölümlərdən ucuz olduğu o illərdə. Hə, dünya deyilən təklikdə bizlər çoxuq, elə də hər deyilənlərə çox inanmasamda yaşın yarım əsri xırdalayan vaxtında-vədəsində içimdə bir dəli inam var ki, görəcəyik o yerləri o izləri, cığırları, yolları, Qarqarımızı, qəbir yerlərimizi, bu inama bir dəli istəkdə qoşulub, məni az qala özümdən edərək ixtiyarımı qıfıla, qəfəsə salsada, təki çin olsun. Niyə qəbir yerləri ifadəsini işlətdim, erməninin adəti dirilərlə yox ölülərlə, qəbir daşları ilə vuruşmağa adət etdiklərindən, qəbir daşlarına olmasada, qəbir yerlərinin heç olmasa izlərinə üz söykəyəcəyimizə inanıram. Kitabımızda fəsillər ərsəyə gəldikcə ellərimizin, obalarımızın dəyərli ağsaqqalları, yolları ağır, şəxslərinə böyük hörmətim olan cavan nəslin nümayəndələrindən, yaşıdlarımdan bəhs etməklə hər kəsə olduğu, haqq etdiyi yeri göstərərək dəfələrlə dediyim kimi rəngləri, boyaları tündləşdirmədən müxtəlif həyat hekayətlərinə, etüdlərinə müxtəlif baxış bucaqlarından baxaraq tarixləşdiririk. eldən gedən kişilərlə, gedişləri ərkinin çatmadığı arvadlarına az çox təsir edənləridə əməllərinə görə tarix divarlarına həkk etməklə üstümüzə götürdüyümüz missiyaya hər tərəfli əməl etməyə çalışırıq. Kitabdan dərc olunan fəsillərin oxunuş sayı, əsəbi reaksiyalar, minnətdarlıqlar sübut edir ki, yolumuz düzdür, məqsədimizə çatırıq. Ötən əsrin yaşadığımız illərində tutduğumuz güzgüdə özünü görənlərin yəqin ki, həqiqətlərə işıq tutduğumuza inamlarının sübutları hələ çox olacaq, yol uzun ömür qısa olsada, yəqin bacaracağıq. İllərdən bəri ürəyimizi deşənləri, tarixin tərpənən yaddaş daşları altından hərəsi bir biçimdə, müxtəlif rənglərdə çıxan həyat hekayətlərini çözəlib nəfəs verdikcə, açılan qara qutulardan hələ oxunacaq nələr. nələr, gedəcəyik üstlərinə, dünyanın tək, bizlərin isə çox olduğu həyat deyilən məchulluqla yazılanları yazmaqda adi iş deyil, gərək hədəflərə çata biləsən, hamının bildiyi, amma açıb-ağartmağa boş verdikləri, yalanlara, düzlərə nəfəs verərək tarixin yaddaştəsbehinə düzməyə isə cəsarəti özündə hər kəs tapmasada biz bu yola çıxdıq və davam deyərək sürətlə yürüməkdəyik.

Həsən Hüseyn oğlu Məmmədovdan danışmaq istəyirəm. Bu cənnətməkan kişi yaddaşımda xeyirxah, ipək kələfi kimi yumşaq, çoxlarından fərqli elin xeyir-şər məclislərinin yaraşığı idi. El arasında Mexanizasiya Texnikomu kimi tanınan orta ixtisas təhsili müəssisəsində uzun illər müəllim işləyən Həsən Məmmədov rəhmətliklər Hüseyn kişiylə, Bəyim xalanın oğlanlarının böyüyü həmdə ağsaqqalları idi. Qardaşları türk dünyasının böyük oğlu, bənzərsiz ziyalı, cənnətməkan Zeynal Məmmədovla, müəllimlər müəllimi küllü Qarabağın sayılıb-seçilən riyaziyyatçılarından olan Süleyman müəllim böyük qardaşlarının yolunu-irzini ağır tutar, sözünün üstündə söz deməzdilər. Dünyanın möcüzəsi, elə dünya boyda Ağdamda hər kişinin işi deyildi sayıla-seçilə, məclislərdə ağsaqqal kimi yuxarı başda əyləşdirilə. Həsən Məmmədov yüksək dəyər verilən ziyalı ağsaqqallarımızdan olmaqla böyük xətir, hörmət sahibi idi. Ləyaqətli övladlar böyüdən, eldən gedən kişiyə, Həsən Məmmədova rəhmət diləyərək, qısaca da olsa bəhs etdiyimiz həyat hekayətinə hələlik son veririk. Məkanı cənnət, torpağı yumşaq olsun Həsən Hüseyn oğlunun!

Geniş dünya dərkinə, dərin mütailəsinə, fenomen yaddaşına, əhatəli biliyinə, saflığına, əsası isə qarşısıalınmaz Ağdam həsrətli, Ağdam sevgili, böyük Ağdamlıdan Hafiz Zeynal oğlu Məmmədzadədən danışmaqla zamanın adamı ola bilməyən yaşıdım, uşaqlığımızın Novruzlu xatirələrini vərəqləyib azcada kövrəlmək istəyirəm. Yəqin ki, nəvaxtsa bu kitabı oxusa Hafiz də kövrələcəyinə birmənalı əminəm. Tək özü haqqqında olanlara yox, kəndimizin, Ağdamımızın kövrək notlarla kitabımızda əks olunan ağlı-qaralı, acılı-şirinli xatirələrinin işığında yenidən ömrünün mənim yaşımdakı məqamında xəyal atını, yenidən sapsarı 06 Jiqulisi ilə bəhsləşdirib Qarqaraşağı-Qarqaryuxarı hey çapacaq və birdən bu nağılvari ilğımın həqiqət yükünə dualarıını edərək, duyğusal, kövrək qəlbi bir dəli həsrətlə çırpınacaq, elə hey çırpınacaq. Duyğusal, böyük kişidir, dünyanın ən böyük Ağdamlısı olan Hafiz Zeynal oğlu. Diqqətli oxucular yəqin ki, qəhrəmanlarımızı tanıdılar. Nadir şəxsiyyət, Zeynal Məmmədovun böyük oğlu, dahi şəxsiyyətin əllərindən su içmiş, yüksək insani dəyərləri, böyük vətən, bütöv Azərbaycan sevgisini ondan, canından artıq sevdiyi atasından əks etmiş Hafiz Zeynal oğlu hərtərəfli ziyalıdır, onunla şirin Qarabağ ləhcəsində ki, söhbətlərinə qulaq asanlar doyumsuz olur, vaxtın-vədənin necə əriməsinə heyfslənirlər. Necə ki, cənnətməkan Zeynal Hüseyn oğlu dünya boyda Çingiz Aytmatova, Oljas Süleymanova, İbrahim Bozyelə, digər ünlü isimlər dünya dərkindən, böyük türkçülükdən, sözün əsil mənasında master-klasslar keçərdi. Kitabımızın gələn fəslindədə Hafiz Zeynal oğlunun həyat hekayətlərini oxuyacaqsınız.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>