Kəndimizin son günü (123-cü yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (123-cü yazı)

TeylorYaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

123-cü Fəsil

Dünya boyda kişinin, cənnətməkan Zeynal müəllimin səxavətinin, zəkasının işığına uzaq-yaxın türk ellərindən, keçmiş SSRİ-nin müxtəlif şəhərlərindən, Moskvadan, eləcədə Bakıdan yığışan ünlü isimlərdən, görkəmli elm, sənət xadimlərindən, yazıçılardan, şairlərdən ibarət şəxsiyyətlərin yığışdığı tarixin nadir incisi şeir, sənət, elm məclislərində heyranlıqla iştirak edəndə tələbə olduğu illərdə Zeynal Hüseyn oğlunun ötən fəsillərdə söylədiyim master-klasslarından dərs alaraq özüdə bütöv şəxsiyyət kimi yetişmişdi. Bir haşiyəni qeyd etsəm yəqin ki, mənimlə razılaşarlar. Cənnətməkanlar, nurlu insanlar, sovetin dinsizlik təbliğatının kəsakəs illərində dörd bir tərəf cibləri qırmızı qanlı partiya biletli işverənlərlə dolu olsada, namazlarından, oruclarından qalmayan bir-birini tamamlayan bu ipək kələfi, xeyirxahlıq nümunəsi cütlüyünün böyüyüb başa çatdığı ləyaqətli nəsildə Zeynal müəllim, Gülgəz xanım və Hafiz Zeynal oğlu fərqli dünya dərkləri ilə həmişə seçiliblər. Yəni dəqiq elmlərə, texniki biliklərə üstünlük verənlərdən digər qardaşlardan, nəslin nümayəndələrindən şeirə, sənətə, ədəbiyyata yaxın olublar desəm yəqin ki, yanılmaram.

Bu gün də ömrünün şərəfli zirvəsinə qürurla addımlayan, Azərbaycanımızın sayılıb-seçilən tibb işçilərindən olan, ellərimizin dünya boyda xanım-xatın ağbirçəyi Gülgəz Hüseyn qızı səlis, savadlı, məntiqli danışığın, geniş dünya dərkinə söykənən ağıllı mühakimələri ilə danışanda qulaq asanları heyran qoyur. Müşahidə etdiyim şəxsi qənaətlərimə eləbil bu üçlük böyük nəsildə bir-birlərinə qırılmaz tellərlə daha bərk bağlanaraq iç dünyaları bir mənbədən baş götürürdü.

O mənbə isə, ötən əsrimizin ən məhşur şəxsiyyətlərindən, ziyalılarından olan filosof, ürəyi bütöv Azərbaycan yanğılı kişi, Zeynal Hüseyn oğlu idi ki, Sadıq Murtuzayev kimi milli kimliyimizə qənim kəsilən yadların sapı özümüzdən olan qulbeçələrinin namərd zərbələri ilə işıqlı ömrü yarıda qırılaraq ömür boyu ən böyük arzusu olan qüdrətli dövlətimizi, dünyaya səs salan müstəqil Azərbaycanımızı görə bilmədi, yazıqlar olsun ki, zamanında Sadıq Murtuzayevin əllərindən su içənlər, yetişdirdiyi bəzi kadrlar günümüzdə də Ağdam da məsul vəzifələrdə əyləşiblər. Amma içimdə ki, heç zaman məni yanıltmayan inamıma görə tezliklə onlarda tarixin kirli divarlarından boylanacaqlar. Nəisə, yenə gəlib özünü azqala gözümüzə dürtən, azqala məndə allergiya yaradan Murtuzayevində adını çəkdik, mənimlə qələmin, ağ kağızların günahı yoxdur, məqam yetişəndə deyilməyən söz ürəyə yük salaraq əzablara düçar edir. Zeynal müəllində nəsildə-kökdə ən çox istədikləridə, əsasəndə mənəvi bağlılığını iç dünyalarının, zənginliyinə görə bu iki əzizini daha çox istər, onlarla bağlılığı bir az fərqli duyumda olardı desəm yəqin ki, bu həqiqət təsdiqini tapar. Tək bacısı Gülgəz xanımın qarasına uçan bu böyük şəxsiyyət onu daim əzizlər, azca vaxt tapan kimi ziyarət edib, pişirdiyi ləziz təamlardan nuş edərək sanki ətraf aləmin saxtalığından yorulduğundan dincələr, dünyalara sığmayan ruhu da, mənəviyyatı da rahatlıq tapardı, anasının qoxusunu, ətrini aldığı ana əvəzi bacısının isti, təmiz ocağında. Oğlanlarının ilki Hafizə də münasibət ata-bala yox sanki bir dost, ürəyini açaraq ruhən dinclik tapa bildiyi həmsöhbət kimi baxardı, bu dünya boyda kişi, Zeynal Hüseyn oğlu. Hafiz Bakı Dövlət Universitetinin coğrafiya fakultəsini bitirərək, savadı, qabiliyyəti, münasibət qurmaq, yüksək təşkilatçılıq bacarığı olsada, atasının geniş əlaqələri imkan versədə paytaxta təklif olunan, təmin olunmuş gələcək vəd edən komsomol, partiya, sovet işlərindən imtina edərək, canından artıq sevdiyi Ağdamına qayıdaraq öz ixtisası üzrə işləməyə başlayaraq, atasına daha yaxın olaraq onun tükənməyən bütöv Azərbaycan sevgisindən, möhtəşəm türkçülüyündən, aşıb-daşan kamilliyindən bəhrələnərək, bütöv şəxsiyyət kimi yetişib, geniş, əhatəli dünya dərkinə sahiblənərək, bu işıqlı ideyaların alovlu təbliğatçısı oldu. Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Şahmar Əkbərzadə, Nuraddin Babayev, Sabir Rüstəmxanlı, Ənvər Əhməd, Əhməd Elbrus, Eldar Baxış, kimlər, kimlər cavan, universiteti təzə bitirmiş Hafiz Zeynal oğlunun yaşı iyirmidən biraz adlamış yol yoldaşları, həmsöhbətləri belə işıqlı şəxsiyyətlər idi.

Hafizin geniş təfəkkürünə Zeynal Hüseyn oğlundan aşılanan mənəvi zənginliyinə, vətən sevgisinə, doymadığı türk sevdasına bu şəxsiyyətlərin də söhbətlərindən, yaradıcılıqlarından əlavə olunan həyatın özünü əks etdirən ağlı-qaralı etüdlər, onu cavan yaşında müdrikləşdirib gələcəyinində əsasını birdəfəlik müəyyənləşdirib yolunu açdı. Hafiz Zeynal oğlunun BDU-da oxuduğu illərdə, təhsil aldığı coğrafiya fakultəsində sonralar görkəmli dövlət xadimləri olanlarda təhsil alırdılar. Bildiyim qədər, hörmətli Kəmaləddin Heydərovla eyni kursda oxumasını qeyd etməklə həmin fakultədə tədris edilən elm-biliyin, eyni zamanda böyük vətən sevgisinin də zənginliyi ortaya çıxmış olur. Ermənilərin xalqımıza qarşı qanlı müharibəsi başlayanda anında qərar verən Hafiz Zeynal oğlu silah götürərək vətənin müdafiəsinə həqiqi qoşulanların, Azərbaycan sevdalı kişilərlə bir sırada döyüşərək, rəhmətlik Şirin Mirzəyevin komandiri olduğu nizami batalyonda zabit kimi qulluq edərək bu əfsanəvi komandirin ən yaxın silahdaşı oldu gecəsi-gündüzü qan sağılan səngərlərdə əsgərlərlə birlikdə Hafiz Zeynal oğlu kəndimizin müdafiəsinin təşkilində də əvəzsiz rol oynayaraq vaxt aşırı silah-sursatlada köməkliklər edərək döyüşlər azca səngiyəndə ön cəbhədən kəndimizin dörd dövrəsini gəzərək dəyərli, əfsanəvi komandir, peşəkar hərbçi, cənnətməkan Şirin Mirzəyevdən əxz etdiyi gərəkən önəmli hərbi dəstəklərinidə verər, arxayınlaşandan sonra təcili döyüş mövqelərinə dönər, əsgərlərin yanında olar, canı qədər sevdiyi Şirin Mirzəyevlə eyni səngərdə olardı, bundan da böyük qürur duyardı. Mövzu o qədər özündən gəlir ki, kitabımızın gələn fəslində də bəhsə davam edəcəyik, nələr, nələr.

Teylor Fətişoğlu

 Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>