Kəndimizin son günü (128-ci yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (128-ci yazı)

TeylorYaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

128-ci Fəsil

Sovet OBX-nin çoxbilmişliyinə, bir azdan özünəməxsus Ağdam əlavələri qatılmış adətən mülki paltarlara üstünlük verən əməkdaş qarşısında oturmuş Qasımov İnkişaf Əliş oğlunu yoxlayıcı, sınayıcı baxışlarla birxeyli süzdükdən sonra zəhmli, insan talelərinin qara qutusuna dönmüş papkasından xeyli sənədləri eşələyərək, üstü qırmızı (adəti belə yazılardı, ciddi yoxlanılaraq, qanuni tətbirlər görülsün) məktubu çıxardaraq: Kimdirsə, səni yaxşı tanıyan adamdır, burda yazılanlara, tələb olunanlara riayət etsəm çətin olacaq, özdə kişidə bilir, deyib ciddi yoxla (kişi deyəndə rəhbərini nəzərdə tuturdu) deyərək sınaqdan çıxmış psixoloji hücuma keçərək diqqətlə həmsöhbətinə necə təsir elədiyinə fikir verərdi. Çəkçevirə düşməyi xoşlamayan Qasımov İnkişaf Əliş oğluda: Ay rəis, bilmirəm ora nə yazılıb, nə yoxlanmalıdır, amma imkan varsa qaydaya qoy, borclu qalmaram, söyləyib ürəyindədə: Günah özümdə oldu, qurumsağa gərək salamı gözlərinin içinə baxıb verəydim, lap düşüb görüşəydim, ilan oğlu, ilanın yazdığıda az qala daşdan keçir, ilboyu astanovkalarda adam daşı topalara, qəpiyi qəpiyin üstünə qoy, doyunca yeyib-içmə, balalarının əyin-başından, boğazından kəs, indidə sakitcə dəstələ ver bu qırmızı sifətə. Fikirlərinin, düşüncələrinin içində boğula-boğula sovet OBX-nin qızıl anbarına oxşayan ağzını açaraq nə cavab verəcəyini gözlərdi. Belə hazır fikirləri udmaqda ustalaşmış, sığallı-tumarlı sovet OBX-də əlini alnına aparıb qaşlarını sığallayaraq: Səni bir, iki adamdan soruşdum, tərifləyib dedilər ki, sakit əməksevər, heç kimlə işi olmayan, öz tükünün üstündə dolanan adamsan, mənim əlimlə istəmirəm sənə pislik ola, fikirləşim görüm necə yoluna qoyacam – deyərək, güya Qasımov İnkişaf Əliş oğlunu ağır bir cinayətdən xilas edirmiş kimi minnətini bol edərdi. Belə incə taktiki sovet OBX-nin gedişlərindən heçnə anlamayan ürəyi, qəlbi Yusifcanlı kəhrizinin suyu kimi dupduru, saf, sadəlövh Qasımov İnkişaf Əliş oğluda razılaşmanın, bazarlığın baş tutduğundan sevinərək qalxıb yan otaqda həyəcanla gözləyən Giləsinin yanına keçərək: Allah evini yıxmış, (salamı döngəni keçəndən sonra verdiyi mərdiməzara xitabən) məni işə saldı, o sənə verdiklərimi çıxart, görmürsən əzraila oxşayır, bərzeyi-xuda yola salım getsin, xatası çıxmamış – söyləyib, bufetin gözündən orta məktəb oxumadığından hərf, rəqəm tanımayan, pul vahidlərini rənginə görə tanıyan Gilənin çıxartdığı onluqları, beşlikləri cəmləyib cibinə qoyaraq nəzərində tutduğunu təklif edəcəyi fikirləri ilə belə pul gözləmə işində püxtələşmiş, sakitcə qurbanını gözləyən sovet OBX-nin tipik nümayəndəsinin yanına qayıdardı.

Qasımov İnkişaf Əliş oğlu həyəcanını boğaraq təstələdiyi pul topasını yavaşca adamın papkasının altına sürüşdürərək utana-utana: Buda şirinlikdi, çörək yeyərsiniz, qalanınıda özünüz yoluna qoyun ki, mənlə işləri olmasın (yəni ora, bura çağırmasınlar) – söyləyərək hirsindən cibində öfkələyib, əzişdirdiyi dəsmalla, həyəcanlı olanda tez-tez tərlədiyindən üzünü-göünü silərdi. Gözünün qırağı ilə, vərdiş etdiyi baxışlarla pul topasına baxıb ürəyində razı qalan sovet OBX-nin tipik nümayəndəsi (axı nə etmişdi, hansı əzyəti çəkmişdi ki, daş ataraq tərləyib su axıtmamışdı, hazır çeynəməli tikə rastına çıxmışdı qalırdı udmaq, o da bunların əlində su içimi) pulu götürüb cibinə qoyduqdan sonra qalxar, zəhmli papkasını qoltuğuna vurar: Yaxşı, neyləyim daha sakit adamsan çalışıb yoluna qoyacam – deyərək, qalxıb birlikdə həyətə düşdükdən sonra həyətin bir tərəfində, yoldan görünməsin deyə (yəni söz-söhbət şişməsin ki, güya o qanunun digər tələblərini pozurmuş, əslində belə məqamlarda qanunların dilini bilmək ona və məsləktaşlarına qətiyyən sərf etməzdi) köndələninə saxladığı bahalı, bərli-bəzəkli qoşa fara jiqulisinə əyləşib, çörək ağacı olan papkasını arxa oturacağa qoyduqdan sonra ayaqda dayanmış, bir illik zəhmətini beş dəqiqəyə silib-süpürüb apardığı Qasımov İnkişaf Əliş oğlu ilə xudahafisləşib həyətdəki uşaqların taybatay açdığı göy darvazadan çıxaraq rayon mərkəzinə üz tutardı.

Bir illik əzyəti bir anın içində göyə sovrulan Qasımov İnkişaf Əliş oğlu aşağıya, həyətə düşüb həyat yoldaşına: Hə ay Gilə, gördün evi yıxılmışa döngəni keçdikdən sonra verdiyim salam başıma nə oyun açdı, bir ildə bu yazıqla (əli ilə, taxta qaraja dincini alan zəhmətkeş ağ Moskviçi göstərərdi) zülm ayaqlayıb qazanıb-topaladığımız, nətər külək aparıbmış kimi əlimizdən çıxdı – sözlərinə, bıçaq vursan qanı çıxan, qapqara qaralmış sadəlövh Gilə də: Ə, qadanı-balanı, uşaqların azarın aparsın, nağayraq görmürsən o qırmızı sifət nətər oturub dirəşmişdi, Allah o yazanın evini yıxsın – deyərək, qarğışını Qasımov İnkişaf Əliş oğlundan ucundan-qulağından eşitdiyi məlum ünvana göndərərək əllərini qoşalayıb göylərə açaraq onları zülmə, xərcə salanı Allaha tapşırırdı. Qasımov İnkişaf Əliş oğlunun başına gələn bu oyuna, zülmə-zillətə, bir il ərzində ağ Moskviçlə qazandığının əlindən çıxması o dövr Ağdamda az qala lətifəyə çevrilmiş bir əhvalatı danışmaqla ötən əsrin əndərbadi işlərindən birini şərhsiz xatırlatmaq istəyirəm, Ağdamın baməzə, deyib-gülən, hazırcavab kişilərindən olan rəhmətlik kino Fazil (kino qurğuları idarəsinin müdiri olduğundan soyadı Qasımov olan bu kişini qısaca belə çağırardılar) növbəti hind filminin şıdırğı nümayişinə hazırlıq tapşırığı verərək xudmani kabinetində siqaret çəkə-çəkə vargəl edirmiş.

Ağdamda yayda hind kinosu, “Fillər mənim dostumdur”un gəmli, rus demişkən vızıvayuşiy (təhrik edici, vazgeçilməz) ağladan musiqisi ətrafa yayılar, kinoteatrın girişində də qabığı partlayan tum satılar biletli-biletsiz içəri girənlərdən yığılan sarı təkliklər (bir rub olardı belə kinolara giriş) toplana, bundan başqa nə arzusu ola bilərdi ki, kino Fazilin. Deməli kinoya baxmağa gələnlərdən pulların yığılmasına sorumlu olan adam qucaq dolusu təkliyi, üçlüyü kino Fazilin qarşısındakı stolun üstünə aşırıb çölə çıxandan sonra, sevimli məşğuliyyətinə pulları saymağa başı qarışan kişini qəfil açılan qapının səsi diksindirərdi, içəri girənə: Ə, nə olub, sualını verərək – həyəcanla cavab gözləyən kino Fazil eşitdiyi: Əmi, uşağı milisiyaya apardılar – cavabından həyəcana düşməyərək əli ilə sayaraq dəstələdiyi beşlikləri, üçlükləri, təklikləri: Fillərdə belə getdi – deyərək, stolun siyirtməsinə aşıraraq növbəti siqareti alışdırdı. Qsımov İnkişaf Əliş oğlunun düşdüyü vəziyyətlə həmin durum eyni olduğundan xatırlatdım. Gələn fəsildə də kitabımızda nostalji xatirələrdə gəzişəcəyik, nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>