Kəndimizin son günü (133-cü yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (133-cü yazı)

TeylorYaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

133-cü Fəsil

Anadolu türkləri demişkən, hızla yürüyən kitabımızın bu hissəsini yəni birinci kitabın tamamlanmasına az qalır, bir neçə il öncə yazdığım, maraqla qarşılanan birinci kitabımda, “Qarabağın bəy kəndi Novruzlu” əsərimdə ellərimizin-obalarımızın, insanlarımızın təsvirindən elə də geniş bəhs etməmiş uzaq olmayan tarixin yaddaş daşlarının altındakı ağlı-qaralı, acılı-şirinli, tərpətdikcə müxtəlif səslər çıxardan xatirələrin zaman tozunu elədə çox çırpalamayaraq, üstlərinə bərk getməmişdik.

İndi, birinci kitabın tamamlanmasına az qalan “Kəndimizin son günü” şərti adı ilə dəyərləndirdiyimiz əsərimizdə isə ötən əsrin həqiqətləri necə varsa eləcə də, artırıb-əksiltmədən, rənglərə əlavə çalarlar qatmadan elə həqiqətlər kimi də təqdim olunur. Ötən fəsillərdə təqdim etdiyimiz həyat həqiqətlərinin internet resurslarında, elektron media vasitələrində dərcini oxuyanlarda yəqin özlərində etiraf edirlər ki, yalanlar, xülyalar bu fəsillərə yaxın düşə bilməyib, özlərində etiraf gücü tapanlarında səsləri-küyləri, təmasda olduğumuz dəyərli ziyalılarında bizim üçün dünyanın ən ali mükafatlarından olan təşəkkürləri, dərc olunan fəsilləri oxucu sayı göstərir ki, düz yoldayıq, hədəfləri düz nişan alaraq, onluğun yaxasını cıra bilmişik. Əslində biz nə deyirik ki, hamımızın az qala əzbərdən bildikləri həyat həqiqətlərinə güzgü tutaraq, tarixin qaranlığındakı xatirə daşlarını tərpədərək altdan çıxan müxtəlif ölçüdə-bişidəki həyalı-həyasız həqiqətlərə, həyat hekayətlərinə qələmimizlə işıq salaraq zamanın sapına düzüb əbədiləşdirərək, gələcək, gedəcək fəsillərə çatdırırıq. Nəisə, deyəsən yenə hisslərə çox qapılaraq yazacaqlarıma, məni beynimdə gecədən bəri rahat qoymayan həyat hekayətlərinə nəfəs verməyimə geciksəmdə başlayaq yurd yerlərimizdə məşhur olan, cığırlardan, adlı və adsız tanrı möcüzələrinin təsvirinə.

Pirmurad adlanan, başı Zeynalabdinin qoruğuna, ayaq tərəfi rayon mərkəzinə gedən dədə-baba tarixlərin sarmaşdığı daşyola, bizim nəslin yaddaşlarında daşyol kimi əbədiləşib, bizdən əvvəli ilə fərq elədə böyük olmaz, daş, çınqıl, arabirdə (əgər bu möcüzə baş versəydi asfalt döşəməsi olmazdı torpaq yol adlanardı) söykənən ucaboylu ağaclar başbaşa versədə nədənsə tala adlanan Göyçəyin bağına birləşən düzdə biz görəndə ağaclar yox idi, dörd tərəfi isə bağlarla sərhədlənmişdi. Pirmuradda ot, ələf dizə çıxar, müxtəlif can dərmanı xırda boylu bitkilər üzə gülərdi. Bir ara Pirmuradın əzəli simasında süni əməliyatlar apararaq üzüm kələsələri salmaq istəsələrdə, partiyalı baş bilənlərin zəhmətləri hədər getdi, çəkilən zəhmətin axırı olmadı, eləbil bu müqəddəs torpaq ordan-burdan gətirilmiş yad, hibrid, süni tənək şitillərə qucaq açmayaraq bitirmədi, maya vermədi, külli dövlət vəsaiti sərf olunan, insan əməyi sərf olunan, şumlanan, beton dirəklər bastırılan, top-top məftillər alınan, Pirmurad kələsərliyi illuziyası birdəfəlik başa çataraq sona yetdi. Bilindi ki, bu əsirləri yola salmış düzün sükutuna, düzümünə əl uzatmaq olmaz, çox olan günahların sırasına Pirmurad yarasıda əlavə edildi, partiya rəhbərləri tərəfindən. Kəndimizi tərk edənə qədər uca boylu bağlarımızda milli manqurtlarımız tərəfindən əl qoyaraq buldozerlərin qanlı dişləri ilə yerlə-yeksan edilərək milli faciəıərimizin əsasının qoyulduğu illərdə Pirmurad şumlanmış uca boylu ağacların boy boya verdiyi bağ yerlərindən yenə seçilirdi, qədim daşları, sərdabələri, birdə özünə məxsus rəngli bitkiləri, yalnız orda məktəb yeri adlanan digər tarixi ərazimizdə bitən quzualtı ilə, yarı aşmış beton dirəklərlə, atılıb qalmış, paslanmış məftil topaları ilə fərqlənib seçilirdi. Quzualtı bu bitkinin nə olduğunu kəndimizdə qoyun-quzu saxlayanlardan bilməyən yox idi. Qoyunların bala verən vaxtı yumru quyruqlu, qıvırcıq tüklü, muncuq gözlü dəcəl quzuların xəstələnib soyuqlamaması üçün adətən qoyunlar, ilkinə şişəklər ilin payızında birdə yaz ağzında bala verdiyində hər həyət-bacada olan quzuların saxlandığı yerlərdə nəmişlik olmasın deyə kürək bellə təmizlənən quzuluğa (ətrafına çur-çubuqla, yada taxta dirəklərdən sıx hasarlar çəkilərdi) anaları örüşdən qayıdan nobatdan həyətə ayrılanda mələyib oynaqlaya-oynaqlaya analarına cumaraq süddən şüşələnmiş məmələrini boşaltmasınlar, adətən qoyunlar yüngülvari sağılandan sonra özlərini həlak edən quzuları buraxardılarki doya-doya əmsinlər, sonra da zorla qaytarılıb yerlərinə salınanda yumşaq, topa-topa yerə düzülmüş, ətirli-ətirli quzualtının döşəklərinin üstündə qarın-qarına, baş-başa mışıl-mışıl yatsınlar.

Quzualtının yığılma prosesi çox sadə idi, bu bitkinin topa-topa bitmiş təbii sərhədlənmiş xiyabanlara ulaqlar, atlar qoşulmuş arabaları yaxınlaşdıraraq kövrək kökü yaba, yada uzun saplı dəhrə ilə vurularaq yüklənərdi, quş kimi yüngül quzualtılar yığıldıqca yaba ilə üstündən vurularaq, yada tapdalanaraq arabanın döşəməsinə yapıxdırılırdı ki, çox yığsınlar, birdəfəyə apardıqları yük həyətlərində ki, quzu saldıqları yerə bəs eləsin ki, quzuların rahatlığı təmin edilsin. Özüdə maraqlı idi, yetişməmiş, kökü, budaqları yaş quzualtını kəsmək hətta dəhrə ilə də çox çətin olardı, amma elə ki, yarpaqları, budaqları saraldı, yəni yetişdi, qov kimi yüngül olar, hətta dəhrə də lazım olmazdı, elə ayağınlada vursan kökündən qopardı. Belə bir maraqlı, əslində çox gərəkli olan bitkinin, quzualtının üstündə böyüyən quzular çox sağlam olar, soyuqlamaz, burunlarıda qanamazdı. Kitabımızın gələn fəslində dəyurd yerlərimizdə gəzişəcəyik, nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>