Bakıda Beynəlxalq Maliyyə Mərkəzlərinin yaradılması ilə bağlı "dəyirmi masa" keçirilib | SON XƏBƏR | SON XƏBƏR

Bakıda Beynəlxalq Maliyyə Mərkəzlərinin yaradılması ilə bağlı “dəyirmi masa” keçirilib

Bu gün Bakıda “Beynəlxalq Maliyyə Mərkəzlərinin yaradılmasının ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda "dəyirmi masa" keçirilib.

Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, təbdirdə çıxış edən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, bu gün Azərbaycan üçün neft kapitalının insan kapitalına çevrilməsi çox önəmli bir məsələdir. Onun sözlərinə görə, Azərbaycan 2025-ci ildə Bakıda “Expo-2025 ” beynəlxalq sərgisinin keçirilməsi təşəbbüsü ilə çıxış edib və bu istiqamətdə ölkə daxilində, eləcə də xarici ölkələrdə və müxtəlif beynəlxalq təşkilatlarda aktiv təbliğat kampaniyası aparmaqdadır: “Məlumdur ki, 2025-ci ildə beynəlxalq sərgiyə ev sahibliyi etmək üçün Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka şəhərləri də öz namizədliyini irəli sürüblər. Artıq seçim mərhələsi yekunlaşmaq üzrədir və yaxın günlərdə “Expo 2025”ə ev sahibliyi edəcək şəhərin adı açıqlanacaq. Azərbaycan “Expo 2025” sərgisinin mayın 10-dan noyabrın 10-dək təşkil olunmasını təklif edib. Sərginin mövzusu isə “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.

O xatırladıb ki, ötən il qardaş ölkə və tərəfdaş dövlət olan Qazaxıstanın paytaxtı Astana şəhəri bu tədbirə ev sahibliyi edib. Azərbaycan sərgidə böyük pavilyonla təmsil olunub: “Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan milli pavilyonumuz sərgi ziyarətçilərinin ən çox ziyarət etdiyi pavilyonlardan biri olub. Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyi tərəfindən təşkil edilən Azərbaycan pavilyonunda iyulun 9-da Azərbaycan Milli Günü təşkil edilib və pavilyonun rəsmi təqdimatı olub. Sentyabrın 9-da isə Azərbaycan Prezidenti İlham Əliyev “EXPO 2017” beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub. Sərgi bitdikdən sonra, sərgi pavliyonlarının yerləşdiyi ərazidə cari ilin iyulundan Astana Beynəlxalq Maliyyə Mərkəzinin (ABMM) fəaliyyətə başlayıb. İyulun 7-də ABMM-in rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimi “Astana Maliyyə Günləri” beynəlxalq konfransı çərçivəsində baş tutub”.

O bildirib ki, yaranmasından az müddət keçməsinə baxmayaraq artıq 100-dək şirkət Astana Beynəlxalq Maliyyə Mərkəzində qeydiyyatdan keçib: “Dünyanın bir sıra iri maliyyə institutları burada öz nümayəndəliklərini açıblar. Belə mərkəzlərin regionda yaradılması çox önəmlidir. Belə maliyyə mərkəzlərinin yaradılması qiymətli kağızlar bazarı daxil olmaqla, maliyyə bazarlarının inkişafının formalaşmasına stimul verə bilər. Bu, həm də Azərbaycanda rəqabətin inkişaf etməsinə və rəqabətyönümlü məhsulların istehsalına təkan verə bilər. Belə güman edilir ki, ABMM xarici şirkətlərin qiymətli kağızlarını öz birjalarında yerləşdirməklə yanaşı, İslam bankçılığının regionda güclənməsinə gətirib çıxaracaq, kapital bazarının genişlənməsinə, ölkəyə güclü investisiya axınına səbəb olacaq, eləcə də ölkənin iqtisadi inkişafına güclü təkan vermiş olacaq”.

İqtisadçı ekpert Fərhad Əmirbəyov isə bildirib ki, belə mərkəzlərin yaradılması üçün ilk növbədə strateji baxış olmalıdır: “Belə maliyyə mərkəzlərinin yaradılması üçün sənaye, metallurgiya, istehsal çox güclü olmalıdır. Bundan başqa, Azərbaycanın milli valyutası çox güclü olmalıdır”.

Qeyd edək ki, Astana Beynəlxalq Maliyyə Mərkəzində 2018-ci ilin sonunadək “Samruk-Qazına”nın aktivlərinin özəlləşdirilməsi başlayacaq, Qazaxıstan Maliyyə Nazirliyinin istiqrazları, həmçinin islam ölkələrinin istiqrazları yerləşdiriləcək.

Çıxışlarda qeyd edilib ki, Astananın bu təcrübədən gələcəkdə Azərbaycan da faydalana bilər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>