Ağcabədidə Milli Qəhrəmanın büstünün açılışı olub - FOTO | SON XƏBƏR | SON XƏBƏR

Ağcabədidə Milli Qəhrəmanın büstünün açılışı olub – FOTO

Ağcabədi rayonunun Xocavənd kəndində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Sadıq Hüseynovun büstünün açılışı olub.

Şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi mərasimdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları Milli Qəhrəmanın büstü önünə əklil və tər qərənfillər qoyublar.

Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, şəhidin ailə üzvləri və döyüş yoldaşları çıxış edərək, onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Hüseynov Sadıq Dayandur oğlu 1961-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. 1989-cu ildə Şuşa şəhər Polis Şöbəsinin sahə müvəkkili kimi işə başlayıb. O, ermənilərin torpaqlarımıza qarşı təcavüzü başlayanda polis əməkdaşı kimi döyüşlərə qatılıb. 1992-ci il martın 29-da döyüşlərdən birində ağır yaralansa da, silahını yerə qoymayıb. 1992-ci il aprelin 13-də erməni silahlı dəstələrinin Şuşanı raket atəşinə tutması zaman döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olub.

Çıxışlarda şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs edilib, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində tədbirin əhəmiyyəti yüksək qiymətləndirilib.

Sadıq Hüseynov Azərbaycan Prezidentinin 1992-ci il 8 oktyabr tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" (ölümündən sonra) fəxri adına layiq görülüb. Təhsil aldığı Xocavənd kənd tam orta məktəbi onun adını daşıyır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>