Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək – AFİŞA | SON XƏBƏR | SON XƏBƏR

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək – AFİŞA

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək – AFİŞA

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

4 qarşılaşmadan biri İspaniyanın “Vilyarreal” və “Valensiya” klublarının iştirakı ilə təşkil olunacaq. Ölkənin şərqində yerləşən eyniadlı qonşu şəhərlər arasındakı məsafə cəmi 60 km-dir. Bu komandalar 2003-2004 mövsümündə həmin vaxt UEFA Kuboku adlanan yarışın yarımfinalda üz-üzə gəliblər. Həmin vaxt səfərdə qolsuz heç-heçə edən “Valensiya” evdə Mistanın penalti qolu ilə finala adlayıb. Daha sonra “yarasalar” Fransa “Olimpik”ini üstələyərək, turnirin qalibi olub.

Erkən final adlandırılan qarşılaşma İngiltərədə “Arsenal” və İtaliya “Napoli”si arasında təşkil olunacaq. “Topçular” “Qarabağ”la birgə yer aldıqları E qrupunu lider kimi başa vurub. Neapollular isə Avroliqaya Çempionlar Liqasından qrup üçüncüsü kimi gəliblər. Bugünkü matçda “Arsenal” Rob Holdinq, Denni Uelbek və Ektor Belyerinin xidmətindən yararlana bilməyəcək. “Napoli”də isə Raul Albiol və Amadu Diavara meydana çıxmayacaq. Bu komandalar əvvəllər yalnız 2013-2014 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində qarşılaşıblar. Həmin vaxt hər iki komanda 2:0 hesablı qələbə qazanıb.

Daha bir görüşdə Portuqaliyada “Benfika” və Almaniyanın “Ayntraxt” komandaları üz-üzə gələcək. Lissabon təmsilçisi də Avroliqaya Çempionlar Liqasında qrup üçüncüsü kimi qoşulub. Daha sonra “qartallar” 1/16 finalda Türkiyə “Qalatasaray”ını, 1/8 finalda isə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunu üstələyiblər. “Ayntraxt” isə Avroliqanın qrup mərhələsindəki 6 oyunun hamısından qalib ayrılıb. Daha sonra isə Frankfurt komandası Ukrayna “Şaxtyor”u və İtaliya “İnter”ini üstələyib. İki klub ilk dəfə qarşılaşacaqlar.

Nəhayət, Çexiyada “Slaviya” İngiltərənin daha bir təmsilçisi “Çelsi”ni qəbul edəcək. Praqalılar ötən mərhələdə turnirin son qalibi İspaniya “Sevilya”sını mübarizədən kənarlaşdırmaqla sensasiyaya imza atıblar. “Slaviya” bu mövsüm öz meydanında uduzmayıb. “Çelsi” isə ümumiyyətlə məğlubiyyət acısı yaşamayıb.

Qeyd edək ki, Avropa Liqasının finalı mayında 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa Liqası 1/4 final, ilk oyunlar

23:00. “Arsenal” (İngiltərə) – “Napoli” (İtaliya)

23:00. “Vilyarreal” (İspaniya) – “Valensiya” (İspaniya)

23:00. “Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya)

23:00. “Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə)

“Report”


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>