Dövlət proqramlarının icrası nəticəsində qədim Bərdə müasir, abad şəhərə çevrilib | SON XƏBƏR | SON XƏBƏR

Dövlət proqramlarının icrası nəticəsində qədim Bərdə müasir, abad şəhərə çevrilib

Dövlət proqramlarının icrası nəticəsində qədim Bərdə müasir, abad şəhərə çevrilib

Azərbaycanda həyata keçirilən düşünülmüş iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizin hər yerində olduğu kimi, Bərdə rayonunda da bütün sahələrdə tərəqqiyə nail olunub, şəhər və kəndlərin siması tanınmaz dərəcədə dəyişib. Üç dövlət proqramının əhatə etdiyi 2004-2018-ci illərdə rayonun iqtisadiyyatı dinamik inkişaf edib, sosial-iqtisadi göstəriciləri yüksəlib, genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilib, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm işlər görülüb, sosialyönümlü obyektlər tikilərək istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2004-2018-ci illərdə rayonda ümumi məhsul buraxılışının həcmi 4,9 dəfə artaraq 94 milyon 810 manatdan 461 milyon 924,8 manata yüksəlib. Bu dövrdə sənaye məhsulu istehsalı 3,5 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 4,8 dəfə, əsas kapitala yönəldilən investisiyalar 9,8 dəfə artıb. 2018-ci ildə rayon iqtisadiyyatının və sosial sferanın bütün sahələrinə qoyulan investisiyalar 2004-cü illə müqayisədə 10,3 dəfə artaraq 79 milyon 793 min manata çatıb. Dörd dəfə çox olmaqla, 19 milyon 56 min manatlıq əsas fondlar istifadəyə verilib.

Dövlət proqramlarının əhatə etdiyi 2004-2018-ci illərdə rayonda geniş tikinti-quruculuq və abadlıq işləri aparılıb, qədim Bərdə gözəlliyi ilə seçilən müasir, abad bir şəhərə çevrilib. Bu dövrdə Heydər Əliyev Mərkəzi, Olimpiya İdman Kompleksi, üzgüçülük hovuzu, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 96 mənzilli 3 yaşayış binası, məcburi köçkünlər üçün Təhlə kəndində 195 ailəlik qəsəbə, Həsənqaya kəndində 866 və 588 ailəlik yaşayış məhəllələri, kəndlərdə sadə idman kompleksləri inşa edilib. Mədəniyyət Mərkəzi yenidən qurulub, Tarix-Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası əsaslı təmir edilib, “Bərdə” türbəsi bərpa olunub, elektron kitabxana yaradılıb.

Bu illərdə rayonda məktəb tikintisi də geniş vüsət alıb. 20 ümumtəhsil məktəbinin, uşaq incəsənət və musiqi məktəblərinin yeni binaları pedaqoji kollektivlərin və şagirdlərin sərəncamına verilib.

Rayon sakinlərinin müasir tibbi xidmətlə əhatə olunması istiqamətində önəmli tədbirlər həyata keçirilib. Yeni inşa edilən Müalicə Diaqnostika Mərkəzi, uşaq xəstəxanasının 60 çarpayılıq korpusu, əsaslı şəkildə yenidən qurulan ağciyər xəstəlikləri xəstəxanası, doğum evi, mərkəzi xəstəxananın iki korpusu müasir tibbi avadanlıqlarla təmin edilib.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması prioritet məsələlərdən biridir. Ötən 15 il ərzində respublika əhəmiyyətli Yevlax-Xocalı-Laçın və Bərdə-İstisu avtomobil yollarının Bərdə rayonu ərazilərindən keçən hissəsi əsaslı təmir edilib. Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı, Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar, Yeni Daşkənd-Umudalılar, Muğanlı-Körpüsındıran kəndlərarası avtomobil yolları yenidən qurulub, Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində körpü tikilib.

Dövlət Proqramları çərçivəsində rayonda cins heyvandarlıq, taxılçılıq, pambıqçılıq, baramaçılıq sahələri inkişaf etdirilib. Mehdili kəndində yem istehsalı müəssisəsi və “Azərxalça” ASC-nin regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi tikilib, rayona 5 min başa yaxın südlük və ətlik istiqamətli cins heyvanlar gətirilib. Rayonda əhalinin elektrik enerjisi, təbii qaz, içməli su təminatının, rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilib.

Əminliklə söyləmək olar ki, dördüncü Dövlət Proqramının icrası nəticəsində də bölgələrimizin simasına yeni naxışlar vurulacaq, ölkəmiz sosial-iqtisadi sahədə daha sürətlə inkişaf edəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>