Nazirlik: Bakıda daha bir ərazidən ağaclar köçürüləcək | SON XƏBƏR | SON XƏBƏR

Nazirlik: Bakıda daha bir ərazidən ağaclar köçürüləcək

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşov

"Bakıda son illər ərzində davam edən iri həcmli tikintilər, əhali artımı, şəhər infrastrukturunun sürətlə böyüməsi, atmosferə buraxılan zərərli qazlar və digər antropogen amillər mövcud yaşıllıq sahələrin qorunmasına və yaşıllıqların genişləndirilməsinə kəskin ehtiyac yaradıb".

Sonxəbər.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşov deyib.

O bildirib ki, hazırda Bakıda mövcud olan yaşıllıqların ümumi sahəsi, təxminən, 14 min hektardır: "Bu da adambaşına 6 kvadratmetr təşkil edir. Ona görə də yaşıllıqların qorunması, miqyasının daha da genişləndirilməsi qarşıda duran ən mühüm vəzifədir və onların vacib olmayan tikintilər altına düşərək kəsilməsi yolverilməzdir".

İdarə rəisi qeyd edib ki, Nazirlik birmənalı olaraq belə hallara qarşıdır: "Dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihələr həyata keçirildikdə, qurumuş, təhlükə yaradan və xəstə ağaclardan başqa, ağac kəsilməsi qaydalara ziddir. Bu günlərdə Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid prospektindən Əbdürrəhmanbəy Haqverdiyev küçəsinədək olan hissəsində yolun genişləndirilməsi üçün tikinti altına düşən ağacların köçürülməsinə müvafiq rəyin verilməsi ilə bağlı bizə müraciət daxil olub. ETSN-nin Dövlət Ekspertiza İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib, 151 ağac və kol bitkisinin yol tikintisi altına düşdüyü müəyyən edilib. Odur ki, tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə birlikdə münbit ərazilərə köçürülməsinə rəy verilib. Yaşıllıqlara qulluq göstərilməsi birbaşa Yaşıllaşdırma Təsərrüfatı Birliyinin xidməti vəzifəsinə aid olan məsələdir və yaşıllıqlara mövsümi budama xidməti göstərilməsi üçün ETSN-dən müvafiq rəy alınması tələb olunmur, bu tədbirlərin ağacların bioloji inkişafda olmadığı vaxtlarda aparılması zəruridir".

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar çərçivəsində ağacların köçürülməsi aşağıdakı hallarda mümkündür:

- dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;

- şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;

- ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>