Abadkənd-Kolanı-Xələc-Yenikənd yolu yenidən qurulur
Avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu yaşayan 10 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna, həmçinin Salyan-Şirvan avtomobil yolu vasitəsi ilə Hacıqabul-Bəhrəmtəpə-Mincivan və Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi magistral avtomobil yollarına rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaq və bununla da iqtisadiyyatın inkişafına təkan verməkdir.
Sözügedən yol boyu işlər texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə 2 avtobus dayanacağının tikintisi, 17 km göstəricinin, 110 yol nişanı və məlumatverici lövhələrin, 160 siqnal dirəyinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə yaxın müddət ərzində sözügedən yolda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.