Azərbaycan dünyanın ən güclü ölkələri sırasındadır

Amerikanın «U. S. News & World Report”» jurnalının açıqladığı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısında bir çox Avropa ölkəsini qabaqlayan Azərbaycan 45-ci yerdə qərarlaşıb
Sosial, iqtisadi, yol , nəqliyyat, infrastruktur sahələrində, insanların rifah halının yaxşılaşdırılması istiqamətində ciddi islahatların aparıldığı Azərbaycan region ölkələri arasında qazandığı uğurları ilə fərqlənir. Aparılan islahatlar, zamanın çağırışlarına, yeni hədəflərə hesablanmış inkişaf ölkə iqtisadiyyatını gücləndirməklə, daxili məsələlərin həllini də sürətləndirir.
«Azərbaycan iqtisadiyyatı inkişaf edir. Mən gələcəkdə iqtisadi sahədə heç bir problem görmürəm. Manatın məzənnəsi artıq üç ildir ki, sabitdir. Əminəm ki, belə davam edəcək. Valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız ümumi daxili məhsuldan artıq çoxdur. Xarici borcumuz azalır, yenə də azaldacağıq. Mən göstəriş vermişəm təqribən 10 faizə qədər, indi ümumi daxili məhsulun 17 faizini təşkil edir, 10 faizinə qədər getməlidir. Sənaye artır. Bu il qeyri-neft sənayemiz 15 faiz, kənd təsərrüfatı 7 faiz artıbdır. Davos Ümumdünya Forumu bizi çox yüksək yerlərə layiq görür, o cümlədən islahatların aparılması istiqamətində. İslahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə biz dünyada birinci onluqdayıq. Özü də bunu biz yox, Davos deyir. Dünya Bankı nə deyir? Deyir ki, Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır» söyləyən Prezident İlham Əliyevin qürurla səsləndirdiyi statistik rəqəmlər beynəlxalq təşkilatların hesabatlarında da əksini tapır.
Ölkədə aparılan düşünülmüş siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdiyi kimi, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Azərbaycana 270 milyard dollardan artıq sərmayə qoyulmuşdur. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir ki, bu göstəriciyə görə ölkəmiz dünyada 9-cu yerdədir. Həyata keçirilən sosial islahatlar davam etdirilir. Azərbaycanın əldə etdiyi nailiyyətlərin beynəlxalq aləmdə nümunə göstərilməsi yeganə hal olmadığı kimi, təsadüfi də deyil. Dünya Bankının 2020-ci il üzrə «Doing Business»” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsində isə 5-ci yerdədir.
Beynəlxalq maliyyə təşkilatlarının, reytinq agentliklərinin hesabatlarında qeyd olunduğu kimi, Azərbaycanda biznes mühiti yaxşılaşır, sərmayə qoyuluşu üçün daha münbit şərait yaradılır, yerli və xarici sərmayələr dövlət tərəfindən lazımi səviyyədə qorunur. İqtisadi göstəricilər arasında xüsusi çəkisi olan biznes mühitinin yaxşılaşdırılması göstəricisinə görə fərqlənən Azərbaycan bir neçə ildir ki, MDB məkanında və regionda liderliyini qoruyur.
Göründüyü kimi ölkə üzrə əsas iqtisadi və sosial göstəricilər müsbətdir, dinamika təmin edilir. Sevindirici haldır ki, Azərbaycanın inkişaf modelinin uğurları beynəlxalq aləmdə böyük maraqla qarşılanır.
Dünyanın iqtisadi xəritəsində Azərbaycan yeni dövlət olsa da, qlobal layihələrin müəllifi olan ölkəmiz bütün sahələr üzrə aparılan islahatların dəyərinə, şaxələndirmə siyasətinə görə beynəlxalq reytinq agentliklərinin hesabatlarında ilk sıralarda yer alır.
Dünya iqtisadiyyatına uğurla inteqrasiya edən Azərbaycanın iqtisadi uğurları növbəti dəfə beynəlxalq səviyyədə təsdiqlənib. Amerikanın «U. S. News & World Report”» jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb. Reytinq ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilib. Siyahı Pensilvaniya Universitetinin «BAV Group i Wharton School»” Qrupunun analitikləri tərəfindən tərtib edilib. Siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb.
Dövlətlərin qüdrətini təsdiqləyən bu göstəricilər üzrə fərqlənən Azərbaycan siyahıda 45-ci yerdə qərarlaşıb. Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə, bir neçə Avropa ölkəsini – Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.
Göründüyü kimi beynəlxalq mövqeyi möhkəmlənən, sivilizasiyalar arasında körpü olan, tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə önəmli töhfələr verən, müəllif olduğu enerji və nəqliyyat layihələrini reallaşdırmaqla qitələri birləşdirən, tərəfdaşlarının sayı çoxalan, Qoşulmama Hərəkatına və Türk Dövlətləri Əməkdaşlıq Şurasına eyni zamanda, sədrlik edən , dünyanın ən güclü ordusu sıralarında yer alan, dünya ictimaiyyətinə «ASAN xidmət» kimi intellekt xidmət təklif edən, beynəlxalq təşkilatlarda layiqincə təmisl olunan Azərbaycan dünya dövlətləri arasında fərqli mövqeyi ilə seçilir. Qüdrətli dövlət kimi nümunə göstərilir.
Xuraman İsmayılqızı, «İki sahil»