Çörçillin erməni konyakının həvəskarı olmasına dair mif – bu, sadəcə, saxtakarların uydurmasıdır | SON XƏBƏR | SON XƏBƏR

Çörçillin erməni konyakının həvəskarı olmasına dair mif – bu, sadəcə, saxtakarların uydurmasıdır

Mif və əfsanələr yaratmaqda peşəkar sayılan ermənilərin daha bir uydurması istehsal etdikləri konyakla bağlıdır. Hətta onlar, konyakları dünyada məşhur olan Fransa ilə rəqabət aparmaq gücündə olduqlarını da dilə gətirməkdən çəkinməyiblər. 

1930-cu illərdə ermənilər öz konyaklarını məşhurlaşdırmaq üçün daha bir hiyləgər vasitəyə - “maraqlı” bir uydurmaya əl atıblar. Onlar bu dəfə məşhur siyasətçi, Britaniyanın baş naziri Uinston Çörçillin adından yararlanıblar.

Belə ki, guya Çörçill erməni konyakının hədsiz vurğunu olub, Stalin tez-tez ona bu içkidən pay göndərib. 1937-ci ildə britaniyalı siyasətçi həmkarından növbəti dəfə konyak payı alanda içkidə dəyişiklik hiss edib. Çörçill bu məsələni, konyakın keyfiyyətinin əvvəlki kimi olmadığını Stalinə söyləyib.

Guya Stalin bu “irad”dan sonra dərhal məsələnin araşdırılmasını göstəriş verib. Məlum olub ki, Ermənistandakı konyak zavodunun direktoru Markar Serdakyan repressiyaya məruz qalaraq Sibirə sürgünə göndərilib. Uydurmaya görə, bu məlumatı əldə edən kimi Stalin zavod direktorunu bir gecədə hərbi təyyarə ilə Ermənistana qaytarıb və zavod əvvəlki keyfiyyətdə məhsul istehsalına başlayıb.

Bəs həqiqət necə olub?

Həqiqətin necə olduğunu bir azərbaycanlı, yaxud da qeyri-erməni millətindən olan digər bir şəxs söyləsəydi, məsələ yəqin ki, mübahisəli qalardı. Amma hadisəyə zavod direktoru Markar Serdakyanın oğlunun münasibət bildirməyi ermənilərin uydurmasını bütövlükdə alt-üst edib.

Vanu Serdakyan öz məmuarlarında atasının sürgün olunması haqqında fikirlərini belə bölüşüb: “Söylənilənlərə görə, mənim atam Sibirə sürgünə göndərilib və bir ildən sonra Stalinin göstərişi ilə geri qaytarılıb. Bu, həqiqət deyil. 1937-ci ildə atamı Ukraynaya, Odessa şəhərinə göndəriblər. Məqsəd yerli konyak zavodunun məhsuldarlığını, istehsal gücünü artırmaq, buraxılan məhsulların keyfiyyətini yaxşılaşdırmaq olub. Atam bu sahəni yaxşı bilib. Və o, Odessada, “sürgündə” heç də deyildiyi kimi, bir il yox, bir neçə il işləyib. “Ukrayna” və “Odessa” adı ilə buraxılan konyaklar da atamın yeni məhsulları olub. Digər tərəfdən, atamın repressiya, Sibirdə sürgün həyatı, bir il sonra bəraət alması ilə bağlı heç bir rəsmi sənəd, heç bir iz yoxdur...”

Vanu Serdakyanın bu açıqlamasından sonra konkret nəticəyə gəlmək olar ki, nə Çörçill konyakla bağlı Stalinə şikayətlənib, nə Stalin zavod direktorunu əfv edib, nə də, ümumiyyətlə Markar Serdakyan repressiya olunub.

Daha bir mənbədə isə qeyd olunur ki, Markar Serdakyanın Ukraynadakı konyak zavoduna direktor təyin olunması Anastas Mikoyanın təşəbbüsü ilə olub.

 

Bu hadisənin erməni uydurması olduğunu sübut edən daha bir fakt isə ondan ibarətdir ki, nə Çörçillin memuarlarında, nə də Mikoyanın xatirələrində hadisə ilə bağlı bir cümlə də olsun qeyd yoxdur. Mətbuatda bu hadisə ilə bağlı yazılar isə erməni yazarlarının saxta məhsullarıdır.

Çörçillin hansı alkoqollu içkilərdən istifadə etdiyinə gəldikdə isə bioqrafları öz kitablarında bu mövzuya geniş yer ayırıblar, baş nazirin alkoqollu içkiyə meylli olduğunu vurğulayıblar, amma onu da qeyd ediblər ki, Çörçill içib, amma içkinin həddini bilib.

Baş nazir alkoqolla bağlı özünə qadağalar da qoyub. Gənc yaşlarında “günorta yeməyinə qədər bir qram da olsun alkoqoldan istifadə etmək qadağandır” deyən Çörçill, orta yaşlarında olanda bu “qanun”a dəyişiklik edib: “Səhər yeməyinə qədər içkidən istifadə etmək olmaz”. 50 yaşından sonra isə baş nazir bütün qadağaları ləğv edib.

 

Həkimlər Çörçillə alkoqollu içkiləri və siqarı məhdudlaşdırmağı tövsiyə etsələr də, baş nazir buna əməl etməyib və özünü tam normal hiss etdiyini bildirib: “Hər gün bir neçə siqar, hər gün bir neçə qədəh viski və mən 200 faiz formadayam. Buna heç kimin şübhəsi olmasın...”

Çörçill daha maraqlı bir ifadəsi ilə alkoqola olan həvəsini gizlətməyib: “Oturmaq mümkün olan yerdə mən ayaq üstə dayanmıram. Uzanmağa yer olanda isə oturmuram. Gərginliyi və stressi çıxarmaq üçün ən yaxşı vasitə alkoqol və uzanmaqdır...”

“Mən alkoqoldan daha çox şey alıram, nəinki o məndən”, - söyləyən Çörçill gənc yaşlarında daha çox şampan şərabına üstünlük verib. Siyasətçinin sonralar daha çox sevdiyi içki Sotlandiya viskisi olub. Qızının söylədiyinə görə, atası bu viski ilə sadə kokteyl düzəltməyi daha çox xoşlayıb, bir neçə damcı viski və adi su.

 

Çörçillin konyak ehtirası 1944-cü ildən başlayıb. Fransa alman faşizminin işğalından azad olunduqdan sonra o, Parisdə ən dəbdə olan şərabxananın sahibi ilə tanış olub. Baş naziri şərab və konyak içməyə dəvət ediblər. Çörçill fransızların konyakını möcüzə adlandırıb. Sonralar o, Fransa istehsalı olan alkoqollu içkilərdən daha çox istifadə etməyə başlayıb.

Mümkün variantdır ki, Çörçill Stalinlə görüşəndə ziyafət zamanı süfrəyə erməni konyakı da qoyulub və təbii ki, Mikoyan erməni konyakı haqqında “yüksək” fikirlərini də söyləyib. Ola bilsin ki, konyak britaniyalı baş nazirin xoşuna da gəlib. Amma bu heç də ermənilərin uydurduğu kimi “Çörçilin əlindən içərisində erməni konyakı olan qədəh düşməyib” demək deyil və arxivlərdə olan hər hansısa bir şəkildə Çerçillin süfrəsində və əlində erməni konyakı əks olunmayıb...

İlham Cəmiloğlu, Musavat.com

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>