Dünya siyasətbazların səhnəsinə çevrilib...Hüseynbala Səlimov | SON XƏBƏR | SON XƏBƏR

Dünya siyasətbazların səhnəsinə çevrilib…Hüseynbala Səlimov

Hətta bu günlərdə belə Avropanın əsas strukturlarının – Avropa Birliyinin və NATO-nun genişləndirmə kursunu davam etdirməsinin özü təqdirəlayiq haldır. Ən azı bu, o deməkdir ki, həyat hələ bitməyib, davam edir.

Amma onu da etiraf edim ki, “adalar modeli”, yəni planetin bir-birinə qarşı olan regional vahidlərə bölünməsi bizi heç vaxt cəlb etməyib, çünki əminik ki, təhlükəsizlik çoxtərəfli və bölünməz bir fenomendir.

Heç bir ölkə özünü dünyadan tamamilə təcrid olunmuş hesab edə bilməz – bu gərgin və ağır günlərdə biz təcrübədə buna bir daha əmin olduq və bir daha qəti şəkildə gördük ki, qonşulardan və ümumiyyətlə, dünyadan təcrid olunmaq necə çətin bir məsələdir.

Amma çox təəssüf ki, təhlükəsizliyin bölünməzliyi məsələsi müxtəlif siyasətçilər və diplomatlar tərəfindən müxtəlif cür yozulub. Ən geniş və daha çox yayılan “yanaşma” budur ki, böyük dövlətlər orta və kiçik ölkələrin ərazilərində öz hərbi mövcudluqlarını təmin edirlər ki, guya bu yolla öz təhlükəsizliklərini təmin etmiş olurlar.

Bu ağır və gərgin günlər göstərdi ki, təhlükəsizlik təkcə bölünməz fenomen deyil, üstəlik, çoxtərəfli hadisədir və onu təkcə hərbi, siyasi və iqtisadi problemlərlə eyniləşdirmək çox bəsit bir yanaşmadır.

Məsələn, koronavirus epidemiyası, demək olar ki, bütün digər siyasi problemləri arxa plana keçirdi – indi heç kim Türkiyə ilə Rusiya arasında Suriya problemilə bağlı yaranmış fikir ayrılığından söz açmır, ABŞ-İran ziddiyyətləri də bu iki ölkənin özlərindən savayı hamının yadından çıxıb, hətta qarşıdan sayrışan neft böhranı belə insanların diqqətindən qaçıb.

Avropada da unutmurlar ki, geosiyasi və ya geoiqtisadi problemlərdən savayı koronavirus kimi də bir problem var.

Avropa ölkələri hazırda bunu ciddi müzakirə etmək üçün daha sıx şəkildə bir araya gəlməyi planlaşdırırlar - burada gah Avropa ölkələrinin iqtisadiyyatı üçün yeni “Marşall planı”ndan bəhs edilir, ya da hansı tədbirlərin bu dəhşətli epidemiyanın qitədə yayılmasının qarşısını ala biləcəyi haqda düşünürlər – axı koronavirusun ən çox meydan sürdüyü ərazi indi də Avropadır...

Amma biz hələ ki, qlobal düşüncənin təzahürlərini və yaxud da əlamətlərini sezmirik. Hətta bu çətin günlərdə də məhz “adalar modeli” dominantlıq təşkil edir, Avropanın və ya Amerikanın təhlükəsizliyi haqda çox danışılır, amma bütünlükdə planetin təhlükəsizliyi haqda çox az adam nəsə deyir.

Kədərlidir ki, neft problemilə bağlı danışıqlar da hələ bir nəticə verməyib. Ötən həftə Səudiyyə Ərəbistanı “böyük iyirmi”lərin məhz bu mövzuda onlayn sammitini keçirmişdi. Amma sammit bir suala cavab verməyib: növbəti neft böhranı reallıqdır, yoxsa..? Hələ ki bu suala tükəndirici cavab verilməyib.

Əksinə ekspertlər bu fikirdədir ki, tezliklə o qədər neft hasil olacaq ki, onu yığıb-yığışdırmaq mümkün olmayacaq. Bu isə əlbəttə, qiymətlərin düşməsi, özü də katastrofik şəkildə düşməsi demək olacaq və bu neft ixracatçısı olan ölkələrə mənfi təsir göstərəcək.

Siyasi daltonizm özünü həm də onda göstərir ki, bizim cənub qonşumuzun – İranın ikiqat pressinq altında olmasına, həm epidemiya, həm də sanksiyalar tərəfindən sıxılmasına baxmayaraq, sonuncuların heç olmasa, qismən götürülməsi və yaxud yumşaldılması haqqında təkliflərə ABŞ qəti məhəl qoymur. Hətta belə bir fakt da nəzərə alınmır ki, hazırki vəziyyətdə epidemiyanın özü izoləedici amil kimi çıxış edir.

Ümumiyyətlə, belə təəssürat yaranır ki, siyasətçilər və diplomatlar yeni epidemiyanın nəticələrini yetərincə qiymətləndirmirlər.

Məsələn, elə bu günlərdə ABŞ prezidenti D.Tramp bildirdi ki, amerikalılar öz iş yerlərinə qayıtmalıdırlar, çünki onun fikrincə, yeni epidemiyanın təsiri digər qrip növlərindən heç də çox deyil! Amma bu ona bir neçə gündən sonra ölkə iqtisadiyyatı üçün stimullaşdırıcı inyeksiyalar paketini təsdiq etməyə mane olmadı – qeyd edək ki, söhbət burada trilyon dollarlardan gedir.

Odur ki, bu çətin günlərdə bir daha əmin olursan ki, siyasətçilərin əksəriyyəti heç də planetar düşüncəli adamlar deyillər, yox, onlar çox dar hüdudlarda düşünür və ya mühakimə yürüdürlər.

Amma unutmayaq ki, biz amerikalı, alman, rus və b. olmaqla yanaşı həm də Yer planetinin sakinləriyik. Bunu unutmaq nəinki etik cəhətdən düz deyil, hətta təhlükəli məsələdir...

Müsavat.com


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>