Fransa Baş naziri: "Aprelin ilk 15 günü çətin olacaq" | SON XƏBƏR | SON XƏBƏR

Fransa Baş naziri: “Aprelin ilk 15 günü çətin olacaq”

“Sizə açıq və aydın şəkildə demək istəyirəm: döyüş hələ indi başlayır".

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Fransanın Baş naziri Eduar Filipp Parisdəki mətbuat konfransında ölkədə koronavirusla bağlı yaranmış vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, aprelin ilk 15 günü sona çatmaqda olan mart ayının ikinci yarısından da çətin olacaq.

Mətbuat konfransında iştirak edən Fransanın Səhiyyə naziri Olivye Veran hökümətin xəstəxanaların epidemiya ilə mübarizə imkanlarını gücləndirmək üçün reanimasiya şöbələrində çarpayıların sayını 5 mindən 14-14,5 minə çatdırmaq niyyətində olduğunu söyləyib.

Son məlumatlara görə, Fransada son sutka ərzində 319 nəfər virusdan ölüb. Bununla da koronavirusun bu ölkədə öldürdüyü insanların ümumi sayı 2 314 nəfərə çatıb.

Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 37 575 nəfərə çatıb, 17 620 nəfər xəstəxanalara yerləşdirilib. Reanimasiya şöbələrində 4 273 xəstə var. Sağalanların sayı 6 624 nəfərdir.

Dünən Fransada əhalinin təcrid olunması rejimi aprelin 15-dək uzadılıb, bu müddətin daha da uzadılma ehtimalı yüksəkdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 199 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 664 min nəfəri keçib, 30 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>