Mutant kartofa oxşayan məhsulun fantastik qiyməti Samir SARI | SON XƏBƏR | SON XƏBƏR

Mutant kartofa oxşayan məhsulun fantastik qiyməti Samir SARI

Dünənəcən kilosu 5-6 manata olan, mutant kartofa oxşayan bir şey idi, marketlərin küncdəki piştaxtasında atılıb qalmışdı, üzünə baxan yoxuydu. Saatda bir hansısa soyuqdəyməsi olan adam yaxınlaşıb 200-300 qram alardı, ya almazdı. Bu gün nə təhər populyarlaşıbsa, qiyməti qalxıb olub 46 manat. Bəzi yerlərdə 60 manata deyirlər.

Söhbət zəncəfildən gedir – radiasiyaya məruz qalmış kartofa oxşayan şeydən. (Bilmirəm, onun adına tərəvəz deyim, yoxsa tibbi-texniki bitki).

Zəncəfilin birdən-birə bu günə düşməsinin səbəbkarı türkəçarə müalicəyə dəruni inam, sarsılmaz etiqad bəsləyən xalqımızdır. Kimsə koronavirus illətinin dərmanının zəncəfil olduğunu uydurub, camaat da daraşıb zəncəfil alır. O tərəfdə yazıq Yaponiya, İsveç, Kanada, Almaniya alimləri gecəbəgündüz laboratoriyadan çıxmadan vaksin hazırlamaq üzərində işləyirlər, amma bizimkilər artıq o vaksini tapıblar – zəncəfil.

İş belə olandan sonra, əlbəttə ki, zəncəfilin qiyməti qalxmalıydı. Oxumuş adamlar demişkən, panaseyadır axı, əlacdır, dərməndir. Təzə xəstələyin təzə dərmanının qiyməti əl-əlbət baha olar.

Hələlik dünya alimləri bu söhbəti ciddiyə almırlar. Elə öz tibb alimlərimiz də deyirlər ki, zəncəfil+limon dəmləməsi koronavirusa kar eləmir, sadəcə, orqanizmin immunitetini bir balaca artırır. Bu da az şey deyil. Dəryada saman çöpüdür, amma hər halda ümid yeridir. Ümid koronavirusa axırıncı yoluxur.

Düzdür, xalqın bu ağır durumundan istifadə edib zəncəfildən pul tutmaq istəyənlərə də bir-iki gəlmə ağır söz demək olar, amma nə deyəcəksən, bazar iqtisadiyyatıdır, tələb təklif doğurur, bir mala böyük tələbat varsa və o, çatışmırsa, demək, onu çox pul verən aparacaq.

Ancaq burada əsas söz deyiləsi adamlar panikaya düşənlər və zəncəfil+limonun ecazkar şəfaverici xassəsinə inananlardır. Söz yox, o nemətlər faydalıdır, istifadə etmək lazımdır, amma özünü limona, zəncəfilə tutdurub mədə-bağırsaq sistemini də xarab eləmək olmaz.

İntəhası, bunu kimə deyirsən? Seyidin qaloşunu öpüb başına qoyanlara, imtahandan qabaq pirə gedib nəzir verənlərə, xərçəng xəstəsini ağır seyidin yanına aparıb dua yazdıranlara?

Bax, zəncəfil növbəsi yaradanlar, bir kilo zəncəfilin iki barrel (319 litr) neftdən baha olmasına səbəb olanlar o adamlardır. Onlar eyzən inanmaq, ümid bəsləmək üçün nəsə axtarırlar... və tapırlar.

O gün dostlardan biri yazıbmış ki, bəs koronavirusun əsl dərmanı Cəlilabad sarımsağıdır. Bəzi yerlərdə sarımsaq alanlar satıcıdan dəqiqləşdirirmişlər ki, bu, hara sarımsağıdır. Biləsuvar, Masallı sarımsağı olsa, almırmışlar, çünki şəfa 10 km o yanda, 5 km bu yanda becərilmiş sarımsaqda deyil, məhz Cəlilabad rayonunun hüdudlarında yetişdirilmiş sarımsaqdadır.

O üzdən kim fəndgir tərpənib öz əlindəki məhsulun reklamını aparsa, xeyli qabağa düşəcək. Tarixi təcrübə göstərir ki, kütləvi xof günlərində reklamın gücü bir başqa olur.
Belə söhbətlər adamın yadına sovet dövründə baş vermiş bir hadisəni salır.

Demək, o vaxtlar bir məmur-alimi Moskvadan Ryazana ezam edirlər ki, kommunizm quruculuğu mövzusunda mühazirə oxusun. Adam gəlir, bu şəhərdəki dostuyla görüşür, ordan-burdan söhbət edirlər. Rəfiqlərin söhbəti əsnasında məlum olur ki, tərəvəz məhsullarının satışı məntəqəsinin müdiri işləyən ryazanlının işləri yaxşı getmir, 2-3 ton kələmi gətirib vurublar böyrü-başı açıq anbara, deyiblər, sat, bu da sata bilmir, məhsul turşuyur. Mühazirəçi deyir, yaxşı, görüm neynirəm. Ertəsi gün əmək kollektivləri ilə görüşdə o, bir az kommunizmdən danışdıqdan sonra söhbətin mabədini çevirir kələmin üstünə, onun faydalarından, min bir dərdə dava olmasından-filandan danışır. Axşam dostu ilə görüşəndə məlum olur ki, xalq daraşıb, kələmi süpürüb, aparıb...

İndi də heç moskvalı mühazirəçinin reklamına ehtiyac yoxdur, adi kənd həkimi və ya mollası adi bir məmulatı, məsələn, camış qatığını dərman buyursa, biz tökülüşüb kənd-kəsəkdə camış qatığı qoymayacağıq. Onun da qiyməti qalxacaq, bir bankası olacaq, məsələn, 20 manat. Amma təbii ki, bazarı, alıcısı da olacaq. Hətta “məndəki təmiz camış qatığıdır, balam ölsün” deyə and içənlərdən 25 manata – bal qiymətinə alacağıq. Nədən ki, can daha şirindir – baldan da.

Tövsiyəm odur ki, tırkaya getməyək, yapon alimlərinin vaksinini gözləyək. Kim bilir, bəlkə onlar da zəncəfil+limon dəmləməsini və ya camış qatığını məsləhət görəcəklər.

Müsavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>