Nə yemək istədiyini de, nə hiss etdiyini söyləyim - EKSPERT GİZLİ ŞİFRƏNİ AÇDI | SON XƏBƏR | SON XƏBƏR

Nə yemək istədiyini de, nə hiss etdiyini söyləyim – EKSPERT GİZLİ ŞİFRƏNİ AÇDI

834272

 

Şirniyyat, duzlu, acı və ya ədviyyatlı yemək istəyi əslində hansı duyğuları yaşadığımıza dair ipucu verə bilər.

Alimlər müxtəlif dadların hansı reaksiyalara yol açması barədə araşdırma aparıb. Məlum olub ki, insanlar gizli və basdırılan duyğularını müxtəlif yollarla, o cümlədən qida ilə ifadə edirlər.

İnsanlar üçün qida bioloji zərurətdən daha çox məna ifadə edir. Simvolik baxımdan qida mənəviyyata da aiddir. Necə sevdiyimizi və necə sevildiyimizi, əslində yemək istəyi ilə müəyyənləşdirmək mümkündür. O cümlədən dünya-aləm ilə qarşılıqlı münasibətimizi.

Yeməkdən imtina edən və ya çox az yeyən insan müəyyən mənada həyat eşqinin azaldığını və yaşamaq istəmədiyini ifadə edir. Birinin həddindən artıq yeməsi isə həqiqi və ya xəyali təhlükədən xilas olmaq istəyini göstərir.

Odur ki, yediklərimiz ovqatımız, müəyyən mənada psixoloji vəziyyətimiz haqqında məlumat verə bilər. Teorik olaraq, hər hansı yaxşı hazırlanmış yemək bizim üçün dadlı olmalıdır, çünki onlar bədəni lazımi qida maddələri ilə təmin edir, ehtiyacımızı ödəyir. Ancaq bəzi yeməkləri digərlərindən daha çox sevirik. Niyə?

Qidalanma mütəxəssisi Diana Miniks müxtəlif məhsulların arxasında gizlənən hisslərin şifrələrini açmağa çalışıb. O, tədqiqat nəticəsində müəyyən edib ki, acı, ədviyyatlı yemək və kədər arasında əlaqə var.

Acı yeməklər

"Acı" və ya "ədvalı" sözləri artıq təkcə yeməkləri xarakterizə etmir. Bu sözlərlə biz həyatımızı coşqu və ya heyranlıqla dolduran hadisələri və ya insanları təsvir edirik. Bir növ bənzətmə kimi. "Həyatımın duzu-istiotu qaçıb" ifadəsi əslində maraqlı və ya həyəcanverici duyğuların həsrətində olduğumuzu bildirir. İnanın, bu sözləri təsadüfən işlətmirik. Həkim Miniksin dediyinə görə, kədərləndiyimiz zaman ədviyyalı yeməyə can atırıq və heç olmasa bu yolla cansıxıcı həyatdan xilas olmağa cəhd edirik. Həyatımıza daha çox duyğu, macəra, ruh yüksəkliyi və ehtiras əlavə etmək istədiyimiz üçün ədviyyatlı yeməklərə üstünlük veririk. Çox vaxt həqiqətən nə üçün belə yeməkləri seçdiyimizin səbəbini bilmirik və ya bəlkə də bilirik, ancaq həyatın özündə yenilikləri sınamaqdan qorxuruq. Və çalışırıq ki, ədviyyatlı yeməklə sönməmiş arzuları kompensasiya edək.

Un məmulatları

Bu kateqoriyalı yeməkləri arzulayan insanlar daha çoxdur. Bəzi insanlar yalnız torta və şirniyyatlara meylli olur. Bəs bu niyə baş verir? Şirniyyat istəyən insanlar gündəlik iş rejimindən tükənir. Onlar itirilmiş enerjini qaytara bilən sehrli çubuq kimi karbohidratlara üz tuturlar. Şirniyyatlar onlara ən azı simvolik olaraq həyatlarında çatmayan sevinci qaytarmağa kömək edir.

Duz aşiqləri

Peşəkar aşpazlar tərəfindən tərtib edilmiş kulinariya reseptlərinin çoxunun hazırlanma qaydasında uyğun duz miqdarı göstərilir və bu, deyildiyi kimi heç də zövqə əsasən əlavə olunmur. Düzgün miqdarda duz yalnız yeməyin dadını yaxşılaşdıra bilər. Ancaq orijinal reseptdən asılı olmayaraq, hər şeyə daha artıq duz əlavə edən insanlar var. Şirniyyatları həqiqətən sevmirlər, həmişə birinci duz qabına əl atırlar. Tədqiqata görə, daim duzlu bir şey istəyən insanlar əksər hallarda hisslərin daxili pozğunluğundan əziyyət çəkir. Şiddətli narahatlıq və ya deyək ki, xroniki narahatlıq keçirə bilərlər. Duz bədəndəki suyun hərəkətini sürətləndirməyə kömək edir, sidikqovucu təsir göstərir. Buradan belə qənaətə gəlirik ki, duzlu yemək qəbulu daxili narahatlığın təzahürüdür.

Xırtıldayan qidalar

Bu fenomenə daha yaxından nəzər yetirsəniz görərik ki, çips və qarğıdalı çubuqları kimi xırtıldayan qidaları sevənlər onları dadlı olduğu üçün deyil, səsinə görə sevir. Bundan əlavə, əksər hallarda xırtılını gizlətməyə və ya susdurmağa belə çalışmırlar. Əksinə, bundan zövq alırlar. Bu isə basdırılmış qəzəb duyğularına işarə edir. Onlar üçün xırtıldayan yemək səsi ətraf aləmə nümayiş etdirdikləri gizli aqressiyanı bildirir. Bu da diqqət çəkməyin əla yoludur.

Yumşaq və tez həzm olunan yeməklər

Yumşaq qidalara (düyü, makaron, çörək və s.) ən çox həyatda rahatlıq istəyən insanlar üstünlük verir. İstəyirlər ki, kimsə onlara təsəlli versin, qorusun və sevsin. Yumşaq tekstura da bizə eyni fizioloji hisslər ötürür, qucaqlamaq istəyi oyadır. Odur ki, bizim üçün asan olmayan dövrlərdə belə bir "təsəlliverici" yeməyə üstünlük veririk. Yeməklə şüuraltındakı duyğularımız arasındakı əlaqə gerçəkdir. Şüurumuzda baş verən prosesləri tam izah edə bilməsə də, əhval-ruhiyyəmizdə bəzi problemlərə işarə edir. Hər birimiz müəyyən duyğulara sahibik, buna görə də dadlı təamlar istəyirik. (publika.az)


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>