Bakıda zibillikdən 600 kiloqramdan artıq qəpik toplanıb | SON XƏBƏR | SON XƏBƏR

Bakıda zibillikdən 600 kiloqramdan artıq qəpik toplanıb

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda maqnit separatoru vasitəsilə toplanan 600 kiloqramdan artıq qəpik “Təmiz Şəhər” ASC tərəfindən xeyriyyə aksiyaları üçün istifadə olunub.

Trend-in məlumatına görə, bu barədə “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov məlumat verib.

Onun sözlərinə görə, zavod 2012-ci ildə Almaniya texnologiyası ilə inşa edilib. Burada Tullantılar çeşidləndikdən sonra təkrar emala yönləndirilir:

"Zavodda 170-dən artıq Balaxanı sakini daimi işlə təmin olunub. Bu günə kimi, çeşidləmə zamanı tapılmış 1200-dən artıq müxtəlif növ sənəd toplanılaraq “Poçtap” layihəsi çərçivəsində “Azərpoçt” MMC-yə təhvil verilib. Maqnit separatoru vasitəsilə toplanan 600 kiloqramdan artıq qəpik isə “Təmiz Şəhər” ASC tərəfindən xeyriyyə aksiyaları üçün istifadə olunub".

Media mənsubları üçün Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyinə virtual tur təşkil olunub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə yaradılan muzeydə “Tullantıdan sənətə” sərgilərində iştirak edən 42 ölkədən 180-dək sənət adamının yaratdığı əsərlər nümayiş olunur.

Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanışlıq zamanı jurnalistlərə bildirilib ki, poliqonun yenidən qurulması işləri İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən reallaşdırılan “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində həyata keçirilib.

Burada tullantılardan ayrılan çirkab sular filtrlər vasitəsilə süzülərək texniki suya çevrilir və poliqonun ərazisində əkilən ağacların suvarılmasında istifadə olunur. İndiyədək keçirilən yaşıllaşdırma aksiyaları zamanı 12 mindən çox ağac və bəzək kolu əkilib. Tullantılardan yığılan qazlar isə xüsusi generatorlar vasitəsilə elektrik enerjisinə çevrilir və bu poliqonun ehtiyacları üçün istifadə olunur.

Əraizdə olan Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda ən sərt ekoloji tələblərə cavab verən və 4-cü nəsil texnologiyalarla inşa edilən müəssisə il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231,5 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində zavodda əldə edilən enerji ilə 100 min ailəni elektrik enerjisi ilə təmin etmək mümkündür. Bununla yanaşı, tullantıların yandırılması nəticəsində yaranan dib külündən Balaxanı qəsəbəsində yolların əsaslı təmir-bərpa işlərində istifadə olunur. Koronavirus pandemiyası ilə əlaqədar zavodda 1800 m3 tibbi tullantılar utilizasiya edilib. Zavodun ərazisi mütəmadi olaraq dezinfeksiya olunur.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>