Güzəl Abdiyevanın dramı: ərini bölmədə işgəncə ilə öldürən polislərə əfv diləyir | SON XƏBƏR | SON XƏBƏR

Güzəl Abdiyevanın dramı: ərini bölmədə işgəncə ilə öldürən polislərə əfv diləyir

Özbəkistanda əri polislər tərəfindən işgəncə ilə öldürülən gənc  qadın indi məhkəmədə həmin polislərin əfv olunmasını xahiş edir. Virtualaz.org xəbər verir ki, Güzəl Abdiyevanın dramı haqda “Azadlıq” radiosunun özbək xidməti bəhs edir.

Güzəl Abdiyevanın əri, 32 yaşlı Yusuf Abdurəhmanov Özbəkistanın Çirakçi rayon polis bölməsində məruz qaldığı işgəncələrdən ölüb. Bu iş üzrə polis bölməsinin iki əməkdaşı-Nurbek Ovlayev və Ənvər Conkobilov həbs olunub. Güzəl Abdiyeva isə sentyabrın 16-da keçirilən məhkəmə prosesində onların azad edilməsini xahiş edib.

“Mən indi ancaq onların uşaqları barədə düşünürəm. Onların da arvadları var. Mən bu haqda düşünürəm. Səkkiz aydır mən acı göz yaşı tökürəm. Mən bilirəm nə çəkmişəm. Ona görə də yaşadıqlarımı heç düşmənə də arzulamıram. Mən bilirəm indi onların uşaqları nə soruşur: “hanı mənim atam, hanı mənim atam”. Mənim uşaqlarım atalarını itiriblər. Onların ata sevgisinə ehtiyacı var. Onların uşaqları da ata gözləyir. İndi onların anaları əzab çəkir. Allah var, qoy Allah cəzalandırsın. Bizim prezidentimiz nə qədər adamları əfv edir. Doğrudanmı mən bu iki adamın əfv olunmasını xahiş edə bilmərəm?”,-qadın məhkəmədə deyib.

Güzəl məhkəmədən ittiham olunanların azadlığa buraxılması barədə qərar çıxarmağı xahiş edib, bildirib ki, onlar hətta 50 il azadlıqdan məhrum edilsələr də əri dirilməyəcək.

Abdurəhmanovun qohumları isə məhkəmədə verdikləri ifadədə deyiblər ki, polislər onu bütün sümükləri sınana qədər xüsusi amansızlıqla döyüblər. “Biz meyiti yuyanda mərhumun sümükləri xışıldayırdı, çünki döyülməkdən salamat sümüyü qalmamışdı. Heç eşşəyi də belə döyməzlər”,-qohumlardan Şadmon Abdurahmanov bildirib.

İş üzrə məhkəmə Qaşqadərya vilayət məhkəməsində keçirilir. Yusuf Abdurəhmanov 2020-ci ilin yanvarında Qaşqadərya vilayətinin Çirakçı rayon polis bölməsinin əməkdaşları tərəfindən mal-qara oğurluğu şübhəsi ilə saxlanılıb. Ertəsi gün o, polis bölməsində işgəncələrdən ölüb. Analoji hadisə bu ilin iyun ayında Əndicanda da baş vermişdi və orada 32 yaşlı kişi polisdə döyülərək öldürülmüşdü.

Özbəkistan prezidenti Şövkət Mirziyayev həmin vaxt selektor müşavirəsi zamanı Əndican polisindəki işgəncələrə görə Daxili İşlər Nazirliyinin rəhbərliyini ittiham edib. “Nəyə görə prokurorlar, əməlyyat-axtarış işlərinə və cinayətlərin açılmasına nəzarət edənlər, DİN rəhbərliyi öz günahını etiraf etmir? Nəyə görə siz xalqdan üzr istəmirsiniz və işgəncələr tətbiq edən əməkdaşlarınıza görə cavabdeh olduğunuzu, onlara insanlarla qanun çərçivəsində davranmağı öyrədə bilmədiyinizi etiraf etmirsiniz? Təəsüf ki, sizin bivecliyiniz və savadsızlığınız bizim islahatlarımızı gözdən salır”,-Mirziyayev deyib.

Virtualaz.org


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>