Təyyarəni qaçırmaq istəyən tələbələrin baş tutmayan terroru - milis polkovnikinin qəhrəmanlığı niyə gizli saxlanılıb? | SON XƏBƏR | SON XƏBƏR

Təyyarəni qaçırmaq istəyən tələbələrin baş tutmayan terroru – milis polkovnikinin qəhrəmanlığı niyə gizli saxlanılıb?

SSRİ-də ilk dəfə "qaçırılmağa cəhd edilən təyyarəyə hücum əməliyyatı" (şturm) 1973-cü ilin noyabrın 2-də həyata keçirilib. “Şimşək” adı altında keçirilən əməliyyata Moskvadakı “Vnukovo” hava limanında SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Yuri Andropov və SSRİ daxili işlər naziri Nikolay Şelokov rəhbərlik ediblər.

Sülhməramlı Qüvvələrin Beynəlxalq Konqresinin 1973-cü ilin payızında SSRİ-də keçirilməsi dəqiqləşdikdən sonra Moskvada bu mötəbər tədbirə ciddi hazırlıq işləri başlanılıb. Bir neçə dövlət başçısının da tədbirdə iştirakı nəzərə alınaraq, təhlükəsizlik məsələləri ilə bağlı xüsusi tədbirlər planı hazırlanıb. Bu məqsədlə Moskva şəhər Daxili İşlər Baş İdarəsinin yüksək fiziki göstəricilərə malik əməkdaşlarından ibarət xüsusi qruplar yaradılıb. Moskva şəhərindəki 127-ci milis bölməsinin əməkdaşı, sambo üzrə idman ustası, DİN-in sambo üzrə keçirilən turnirlərində 11 dəfə çempion titulunu qazanan Aleksandr Popryaduxin də bu qruplara cəlb edilib.

Təhlükəsizliklə bağlı ciddi tədbirlərin görülməsinə baxmayaraq, qonaqların Moskvaya gəldiyi ərəfədə, noyabrın 2-də baş verən hadisə SSRİ-nin imicini zərbə altında qoyub.

Belə ki, həmin gün Moskva-Bryansk reysini icra edən “Yak-40” təyyarəsini Avtomobil texnikumunun dörd tələbəsi - Viktor Romanov, Andrey Nikifirov, Vladimir Jalnin, Pyotr Bondaryov qaçırmağa cəhd ediblər. Təyyarə Moskvadan qalxdıqdan 10 dəqiqə sonra qrupun başçısı Viktor Romanov pilotların kabinasına girmək istəyib. Salonda olan bort-mexanik ona mane olmaq istəyəndə, Romanov onu qundağı kəsilmiş tüfənglə yaralayıb. Sərnişinlərdən biri Romanovu zərərsizləşdirmək üçün ona hücum edib və o da açılan atəşdən ciddi yara alıb. Romanov pilot kabinasının qapısını sındıraraq içəri daxil olub və tələblərini irəli sürüb: “Mən 3 milyon dollar pul tələb edirəm, pullar çatdırıldıqdan sonra təyyarə İsveçə uçmalıdır...”

Pilot gənc terrorçulara başa salıb ki, Bryanskda bu pulu əldə etmək mümkün olmayacaq, buna görə biz yenidən Moskvaya eniş etməliyik. Pilot onu da deyib ki, İsveçə uçmaq üçün təyyarəyə əlavə yanacaq vurmaq lazımdır. Pilotun dedikləri tələbələrin ağlına batıb. Təyyarə geriyə istiqamət alaraq Moskvanın “Vnukovo” hava limanına eniş edib. Hava şəraitinin dumanlı olmasına baxmayaraq pilot təyyarəni endirə bilib və əvvəlcədən təyyarədəki vəziyyətlə bağlı dispetçerə məlumat verib.

“Vnukovo”da təcili əməliyyat qərargahı yaradılıb. Yuri Andropov və Nikolay Şelokov hava limanına gəliblər. Qərara alınıb ki, altı nəfərdən ibarət qrup təyyarəyə hücum etsinlər. Plana görə əməliyyat pul olan çantanı Romanova verilən zaman başlanacaq.

Altı nəfərlik qrupa yuxarıda adını qeyd etdiyimiz Aleksandr Popryaduxin başçılıq edib. O, aeroport işçiləri üçün nəzərdə tutulmuş forma geyinib və əlində içi pulla dolu olan çanta ilə təyyarəyə yaxınlaşıb. Terrorçu qrupun üzvlərindən biri ehtiyat giriş qapısından başını çıxararaq Popryaduxini diqqətlə müşahidə edib və bu şəxsin aeroport işçisi olmasından şübhələnərək ona atəş açıb. Güllə Popryaduxinin sinəsindən dəyib. Xoşbəxtlikdən zirehli jilet onu xilas edib. Bu atəşdən sonra arxa tərəfdən yanacaq maşınında olan qrupun digər beş üzvünün təyyarəyə hücumu başlanıb, təyyarəyə birinci daxil olan Popryaduxin isə salona girən kimi içəri gözyaşardıcı tüstü buraxan qumbara atıb. Əməliyyat zamanı tələbələrdən biri yaralanıb, qrupun başçısı Viktor Romanov çıxış yolu tapmayaraq özünü güllələyib, digər iki nəfər isə könüllü təslim olublar.

Əməliyyat cəmisi 4 dəqiqə 17 saniyə çəkib. İki nəfərin yaralanmasından başqa sərnişinlərdən və təyyarə heyətindən heç kim zərər çəkməyib. Sonralar bu əməliyyat SSRİ DİN-in akdemiyasında dərsliklərə də salınıb.

Əməliyyatdan dərhal sonra Andropov və Şelokov Leonid İliç Brejnevə vəziyyəti məruzə ediblər.

Hadisədən bir həftə sonra Brejnev Kremldə “Şimşək” əməliyyatını keçirən altı nəfərlik qrupu Andropovun, Şelokovun və bir neçə Siyasi Büronun üzvlərinin iştirakı ilə qəbul edib. Baş katib Aleksandr Popryaduxini Sovet İttifaqı Qəhramanı adı ilə təltif edib. Təltif haqqında fərmanda “terrorçuluğa qarşı mübarizədə fərqləndiyinə görə” ifadəsinə Andrey Suslov etiraz edərək bildirib ki, milis əməkdaşının bu cür təqdim etməklə, biz həm də onu açıqlayırıq ki, SSRİ-də terror hadisələri də baş verir. Suslov bu ifadəni dəyişdirilməsini təklif edib. Büro üzvləri onunla razılaşıblar və həmin ifadə “cinayətkarlığa qarşı mübarizədə fərqləndiyinə görə” ifadəsi ilə dəyişdirilib. İctimaiyyətə məlumat verilib ki, Popryduxin Qorki istirahət  parkında təhlükəli cinayətkarı zərəsizləşdirdiyinə görə bu ali mükafata layiq görülüb. Beləliklə də, milis əməkdaşının əsl qəhrəmanlığı SSRİ dağılana qədər gizli saxlanılıb.

Bu hadisədən sonra Aleksandr Popryaduxin müsabiqədənkənar SSRİ DİN-in Akademiyasına qəbul olunub, polkovnik rütbəsinə qədər yüksəlib.

1990-cı illərin əvvələrində təqaüdə göndərilən Popryaduxin sonralar şəxsi mühafizədə işləyib. Yüksək maaş alsa da o, bu işindən razı olmayıb, səbəbini isə belə izah edib:

“Təqaüdə çıxdıqdan sonra formamı da, qızıl ulduzumu da seyfə qoyub iş axtarmağa başladım. Nəhayət, 26 yaşlı bir biznesmen məni özünə mühafizəçi götürdü. Yüksək əmək haqqı verirdi, amma bir polkovnik, bir Sovet İttifaqı qəhrəmanı kimi səhərlər onun yatağına kofe aparmağım məni sındırırdı, elə buna görə də bu işdə çox qala bilmədim...”

Milis polkovniki ömrünün son illərini Rusiya Sambo Federasiyası ilə bağlayıb. Federasiyanın tədbirlərində iştirak edib, öz təcrübəsini gənc idmançılara ötürüb.

Aleksandr Popryaduxin 2013-cü ildə, 74 yaşında vəfat edib.

İlham Cəmiloğlu,
Musavat.com


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>