Milli dövlətçiliyimizin fəlsəfəsini yaradan düha- Heydər Əliyev | SON XƏBƏR | SON XƏBƏR

Milli dövlətçiliyimizin fəlsəfəsini yaradan düha- Heydər Əliyev

Heydər (1)

Dahi şəxsiyyət olan Heydər Əliyevin böyüklüyünü də illər keçdikcə daha dərindən dərk edirik. 

1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri olan Azərbaycanı çox keçmədən ön sıralardan birinə çıxardı. Sonradan Azərbaycan yenidən müstəqilliyə qovuşarkən siyasi rəhbərliyə qayıdışı ilə ölkəmizi bir çox təhlükələrdən – siyasi və iqtisadi böhrandan, xaos və anarxiyadan, parçalanmaq və məhv olmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Məhz onun müdrik siyasəti sayəsində müstəqilliyimiz qorunub saxlandı və möhkəmləndi, ölkəmiz inkişaf yoluna çıxdı, beynəlxalq arenada tanınmağa başladı. Bu gün Azərbaycan dünyada söz və nüfuz sahibidir, regionun lider dövlətidir. Heydər Əliyev dühası dünəndən bu günümüzə, bu gündən isə sabahımıza körpülər salıb.

Siyasi hakimiyyətə gəlişi

1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində, sözün böyük mənasında, Günəş doğdu. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcı oldu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaradırdı. Biz bunu çox-çox sonralar – tarixin imtahanına çəkilərkən dərk etməyə başladıq. Əvvəlcə uzaq 1970-ci illərin mənzərəsinə nəzər salaq.

Ulu Öndər hakimiyyətə gələnə qədər ən geridə qalan respublikalardan biri sayılan Azərbaycan qısa müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötdü. 1969-1982-ci illərdə milli gəlir 2,6, sənaye məhsulu 2,7, kənd təsərrüfatı 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı. Ölkənin sənaye potensialı əvvəlki 50 ildəkini iki dəfə üstələdi. Həmin dövrdə 813 min yeni iş yeri açıldı, əhalinin güzəranı qat-qat yaxşılaşdı. Respublikamızın elmi-texniki potensialı dəfələrlə artdı, 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Ötən əsrin 80-ci illərinin əvvəllərində ən nüfuzlu ali məktəblərə respublikamızdan göndərilən gənclərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Hər il 800-1000 azərbaycanlı gənc isə ittifaqın nüfuzlu hərbi məktəblərində hərb sənətinin sirlərinə yiyələnirdi. Heydər Əliyevin həyata keçirdiyi titanik və kompleks fəaliyyət nəticəsində Azərbaycan ittifaq büdcəsindən dotasiya almayan iki respublikadan birinə çevrilmişdi.

Azərbaycanın Dövlət Müstəqilliyinin qarantı

SSRİ-nin son illərində baş verən faciəvi hadisələr, 20 yanvar olayları və sair xalqın yaddaşında dərin iz buraxıb.

XX əsr müstəqillik tariximizin yaddaşında Heydər Əliyev fenomeni özünəməxsus yer tutmuşdur. Hələ 90-cı illərin əvvəllərində müstəqilliyinə yenicə qovuşmuş Azərbaycan xalqını qarşıda çətin və məşəqqətli illər gözləyirdi. Bir tərəfdən keçmiş SSR-nin varisi Rusiya kimi nəhəng qonşumuz, digər tərəfdən cənubdan separatçılığı dəstəkləyən İran İslam Respublikası, daxildən isə dövləti parçalamağı qarşılarına məqsəd qoymuş bir çox ölkələrin siyasətinə xidmət edən qruplar hakimiyyət uğrunda mübarizə aparırdılar.

1993-cü ilin əvvəllərində hakimiyyət böhranı yaşayan bu gənc respublika dövlətçiliyini itirmək təhlükəsi yaşayırdı. Erməni işğalçıları tərəfindən torpaqlarımızın bir hissəsinin zəbt edilməsi, eyni zamanda daxili intriqalar hakimiyyət böhranını dərinləşdirirdi. Belə olan halda xalq öz xilaskarına üz tutdu. Beləliklə, 1993-cü ilin iyunun 9-da xalqın təkidi və tələbi ilə ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi. Xalqımız bu qanlı-qadalı günləri geridə buraxdı. Xalqını canından belə çox sevən bu müdrik siyasətçi dəhşətli hadisələrin gözlənilən bəlalarından xalqımızı zamanındaca xilas etdi.

Hələ 1993-cü ilin iyunun 4-də Gəncədə baş vermiş qiyam hakimiyyətə qarşı itaətsizlik göstərməklə ölkəni tamamilə xaosa sürükləyirdi. Belə bir vaxtda Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən ulu öndər Heydər Əliyev Milli Məclisin iclasında bu hadisələrlə bağlı məlumat verdi.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Bütün çətinliklərə baxmayaraq o, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu və 1997-ci ildən rəsmi bayram kimi qeyd edilməyə başlandı.

Həmin dövrdə müstəqillik qazanmağımız ilkin şərt idisə, ən vacib məsələ onu qoruyub inkişaf etdirmək və baş verəcək təhlükələrdən qorumaq idi.

Heydər Əliyev milli dövlətçiliyimizin fəlsəfəsini yaratdı. Ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu. Məhz belə mürəkkəb şəraitdə Heydər Əliyevin siyasi iradəsi Azərbaycanın Dövlət Müstəqilliyinin qarantına çevrildi.

Ulu Öndərin missiyası

1993-cü ilin iyunun 24-də yaranmış mürəkkəb proseslərlə bağlı Əbülfəz Elçibəy Bakını tərk etdiyinə görə, Milli Məclisin qərarı ilə Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra qarşıda hələ görülməli mühüm tədbirlər-Dövlət Müstəqilliyinin təmin olunması, xalqı düçar olduğu müharibədən sülh danışıqları yolu ilə qurtarmaq üçün daxili və xarici siyasəti həyata keçirmək, dağıdılmış və talanmış iqtisadiyyatı bərpa etmək dayanırdı.

Ümummilli liderin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən o dövrdəki Müdafiə nazirinin müavini separatçı Əlikram Hümbətovun rəhbərliyi ilə Lənkəranda qondarma “Talış-Muğan Respublikası” qurulmasının, eyni zamanda şimal ərazisində separatçı qüvvələrin müqavimətinin qarşısı vaxtında alındı. Xalq öz liderini ölkə başçısı görmək arzusunda idi. Bu məqsədlə 1993-cü ilin oktyabr ayının 3-də Heydər Əliyev ümumxalq səsvermə yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Qısa zamanda Ulu Öndərin siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti və uzaqgörənliyi ilə ölkədəki böhrana son qoyuldu. Onun ilk vacib qərarlarından biri işğalçı Ermənistanla müvəqqəti sülh sazişinin bağlanması oldu. 1994-cü ilin may ayının 12-də Bişkekdə atəşkəs əldə edildi. Atəşkəsin mühüm əhəmiyyəti ondan ibarət idi ki, dövlətin inkişafına əngəl törədən maneələr aradan qaldırılsın, ordu quruculuğuna başlanılsın və bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndirilsin.

İqtisadi və enerji təhlükəsizliyinin qarantı kimi 1994-cü ilin 20 sentyabrında imzalanmış “Əsrin müqaviləsi” və onun gerçəkləşdirilməsi, ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan “Hasilatın pay bölgüsü” müqaviləsi sonradan Azərbaycana xeyli dividentlər gətirəcəkdi. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsi (Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya, Yaponiya, Norveç və Səudiyyə Ərəbistanı) iştirak etmişdir.

“Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birlikdə işlərə başlanıldı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. 1997-ci ildə “Çiraq”da neft hasilatına başlanıldı.

1993-cü ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tankeri dünya bazarlarına çıxarıldı. Bundan əlavə, Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edildi.

Qərb istiqamətində Bakı-Supsa boru kəməri inşa edilərək 17 aprel 1999-cu ildə işə salındı.

1999-cu ilin noyabrında İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Neft Boru Kəmərinin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalanmışdır. 18 sentyabr 2002-ci ildə Bakıda, Səngəçal terminalında ulu öndər Heydər Əliyev Türkiyə və Gürcüstan prezidentləri ilə birlikdə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşının qoyulmasında iştirak etmişdir. 2006-cı ilin iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Neft Boru Kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir.

Ulu Öndərin missiyası təkcə bununla kifayətlənmirdi. O, Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi. Məhz Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ilin noyabrında müstəqil dövlətin ilk Konstitusiyası qəbul olundu. Hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya aktının qəbulundan sonra ölkədə genişmiqyaslı islahatların aparılmasına başlanıldı, bütün sahələrdə inkişaf dalğasının yaranmasına təkan verildi. Azərbaycan dünya xəritəsində batmış bir ölkədən, dünyanın enerji xəritəsini dəyişə biləcək bir ölkəyə çevrildi. Bütün bu işlərin orbitində Heydər Əliyev amili dururdu, çünki o çətin dövrlərdə ölkəyə sərmayə cəlb etmək, iri şirkət rəhbərlərinin Azərbaycana diqqət göstərməsinin mərkəzində məhz Heydər Əliyev dühası dururdu. Heydər Əliyevin böyük siyasəti və keçmiş SSRİ kimi nəhəng bir dövlətin ali rəhbər heyətində onun təmsil olunması heç kimə sirr deyildir və məhz Heydər Əliyev amili Azərbaycana yatırılacaq sərmayələr üçün əminlik yaradırdı.

Bu gün Müstəqil Azərbaycan Respublikasının bütün sahələrində Heydər Əliyev izi görünür. Dövlətimiz Heydər Əliyev ideyaları ilə yaşayır və onun dövlətçilik konsepsiyası əmin əllərdədir.

Azərbaycan gəncliyi bu gün qürurla və iftixarla bu Vətənin övladı olmaqdan məmnunluq duyur. Çünki Prezident-Xalq, Xalq-Prezident birliyi vəhdət təşkil edir.

Ulu öndər Heydər Əliyevin xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaq və xalqımız müdrik rəhbərinin xatirəsini ehtiramla yad edəcəkdir.

Çünki onun sayəsində torpağının 20 faizin itirmiş Azərbaycan ərazisinin 80 faizini qoruyub saxlaya bildi.

Və nəhayət bu gün onun yetirməsi olan İlham Əliyev o itirilmiş 20 faizi də xalqa qaytarmaqdadır.

Sonxəbər.info 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>