Prezidentin nitqi, davranışı özünəinamın, haqqın, ədalətin təntənəsidir | SON XƏBƏR | SON XƏBƏR

Prezidentin nitqi, davranışı özünəinamın, haqqın, ədalətin təntənəsidir

ilham_aliyev_main_new_president_310120_2-1-300x2285-300x228

 

“Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır”.

Bunu Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı jurnalistin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualını cavablandırarkən belə deyib:

“Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.

Düşməndən təmizlənən torpaqlar

Sentyabrın sonundan başlayaraq Ermənistan silahlı birləşmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan mövqelərini, həmçinin yaşayış məntəqələrini müxtəlif növ silahlardan atəşə tutublar. Nəticədə hərbçilərimiz və mülki şəxslərimiz arasında yaralanan, həyatını itirən olub. Bunun qarşılığında Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. Rəşadətli ordumuz düşmənin müdafiə xəttini darmadağın edərək strateji yüksəklikləri, o cümlədən Murovdağ zirvəsini, həmçinin 50-yə yaxın yaşayış məntəqəmizi Ermənistan işğalından azad edib. Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut şəhərləri düşməndən təmizlənib.Müharibənin gedişində düşmənə sarsıdıcı zərbə endirilib, təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə Ermənistanın ümumilikdə 1 milyard dollarlıq hərbi texnikası məhv edilib. Bununla yanaşı, minlərlə erməni yaraqlısı məhv edilib. Proses indi də davam etməkdədir. Döyüş meydanında məğlub olan, Silahlı Qüvvələrimiz qarşısında davam gətirə bilməyən düşmən, Azərbaycanın cəbhə xəttindən uzaq yaşayış məntəqələrini, hətta Gəncə, Mingəçevir, Yevlax şəhərlərini, Abşeron, Xızı rayonlarını, hərbi obyektləri deyil, mülki əhalinin yaşadığı ünvanları hədəfə alır. Beləliklə Azərbaycan daxilində itkilərə yol açmaqla çaşqınlıq, təşviş yaratmağa, Ordumuzun cəbhədə irəliləməsinin qarşısını almağa çalışır. Lakin əbəs yerə.

Dövlət-Xalq-Ordu birliyi

Baxmayaraq ki, Ermənistanın terroru nəticəsində Azərbaycanın 40-dan artıq mülki şəxsi həyatını itirib, 200-dən çox yaralımız var, 2 mindən çox evə ziyan dəyib, cəmiyyətimizdə ruh düşkünlüyündən, təşvişdən əsər-əlamət yoxdur. Əksinə, ölkə vətəndaşları Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ümumi düşmənə qarşı mübarizəyə səfərbər olunublar. Tam əminliklə deyə bilərik ki, Azərbaycanda Dövlət-Xalq-Ordu birliyi formalaşıb. Siyasi əqidəsindən, tutduğu yoldan asılı olmayaraq bütün siyasi partiya və təşkilatlar Azərbaycanın haqq işində birmənalı mövqe nümayiş etdirirlər. Bu birlikdən və dəstəkdən güc alan Ali Baş Komandan İlham Əliyev həm cəbhədə, həm də beynəlxalq aləmdə Ermənistanın işğalçı siyasətinə, erməni yalanlarına qarşı böyük əzmlə mübarizə aparır. Hələ sentyabrın 29-da "Rossiya-1” telekanalında yayımlanan "60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə internet üzərindən aparıcıların suallarını cavablandıran Prezident İlham Əliyev sakit, səbir və təmkinlə, məntiqə, fakta əsaslanan fikirlərlə Ermənistanın işğalçı mahiyyətini, törətdiyi təxribatları bir daha ortaya qoyub. Azərbaycanın əks-hücum əməliyyatlarına başlamasının səbəblərini izah edib.

Bunun qarşılığında Ermənistanın baş naziri Nikol Paşinyan gözləri böyümüş, psixoloji sarsıntı keçirmiş halda, məntiqə və fakta söykənməyən fikirləri ilə auditoriyanı aldatmağa çalışıb. Təbii ki, beynəlxalq aləm də bunu görür və qiymətləndirmə aparır. Azərbaycan Ordusunun düşmən ölkənin siyasi rəhbərliyini aciz duruma salmasının daha bir bariz nümunəsi baş nazir Paşinyanın həm parlament qarşısında, həm də sosial şəbəkə üzərindən xalqa müraciəti zamanı onun ünvanına səsləndirilən ittihamlardır. Ermənistan ordusunun cəbhə xəttində böyük itkilərə məruz qaldığını, silahlı qüvvələrdə şəxsi heyət çatışmazlığını, fərarilik hallarının baş alıb getdiyini, hərbçilərin maddi-texniki təchizatında çətinliklərin yarandığını erməni mediası, sosial şəbəkə istifadəçiləri, ayrı-ayrı siyasilər özləri etiraf edirlər. Bütün bunlara görə, hər kəs Paşinyandan hesabat tələb edir. Şübhə yoxdur ki, cəbhə xəttində məhv edilən erməni hərbçilərinin meyitləri ailələrinə çatdırılan zaman bu ittihamlar daha da kəskinləşəcək. 

Düşmən ölkənin rəhbərliyindən fərqli olaraq Azərbaycan dövlət başçısı, bir qədər əvvəl vurğuladığımız kimi, döyüş meydanı ilə yanaşı, ideoloji cəbhədə - media müstəvisində də düşmənlə mübarizə aparır, Ermənistanın işğalçı siyasətini, dezinformasiyalarını ifşa edir. Buna misal olaraq, Prezident İlham Əliyevin indiyə qədər "Əl-Cəzirə”, "Əl-Ərəbiyə”, "TRT Haber”, "Pervıy Kanal”, CNN-Türk, "Euronews”, "CNN International” ("Connect the World”), "Sky News”, RBK, "Haber Global”, "Haber Türk”, "France 24”, NTV televiziyalarına, "Ria Novosti” agentliyinə müsahibələrini qeyd edə bilərik. İndiki gərgin vəziyyətdə vaxt məhdudluğuna baxmayaraq, dövlət başçısı heç bir media qurumundan imtina etmir, hər birinin efirinə çıxaraq Azərbaycan, türk, rus və ingilis dillərində jurnalistin suallarını cavablandırır, haqlı mövqeyimizi bütün dünyaya çatdırır. Təbii olaraq, müsahibə əsnasında ermənilərin dünyaya sırıdığı, Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə hesablanmış yalanlara da tam aydınlıq gətirilir. Guya suriyalı, liviyalı muzdluların Ordumuzun sıralarında döyüşməsi, Türkiyənin F-16 hərbi təyyarələrinin döyüşlərdə Silahlı Qüvvələrimizə dəstək verməsi, Şuşadakı kilsənin "vurulması”, müsəlman azərbaycanlıların ümumən xristianlığa qarşı müharibə aparması kimi yalanların ifşa edilməsi bu qəbildəndir. Bununla informasiya cəbhəsində də Ermənistana sarsıdıcı zərbə vurulur. Çünki həqiqət, obyektiv mövqe qarşısında yalanın ömrü yoxdur. 

“Qərəzsiz olsunlar…”

Yenə qayıdaq  prezidentin son müsahibəsinə. Prezident İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibəsində jurnalistin Azərbaycanın kasetli raketlərdən istifadə ilə bağlı sualına cavabında   bildirib ki, bir çox beynəlxalq təşkilatlar hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar:

“Onlar bura gəlmək üçün bizə müraciət etməyiblər. Ona görə bizdə onların qərəzliliyi ilə bağlı böyük şübhələr var.

Onlar bizim “Nəyə görə buraya gəlmirsiniz?” dediyimizə görə gəlirlər. Biz onlara “xahiş edirik, buraya gəlin” müraciətini etdikdən sonra onlar gəlməyə razılıq verdilər. Lakin onlar birinci növbədə niyə gəlmədilər?”

Prezidentin Azərbaycanın guya həmin təşkilatları ölkəyə buraxmaması ilə bağlı suala da cavabı birmənalı olub:

“Xeyr. Bu, mümkün deyil. Çünki biz elə dünən onların nəyə görə gəlmədiklərini, qoyun, gəlsinlər Gəncəyə, Tərtərə getsinlər demişik. Ermənilərin hücum etdiyi insanlarla görüşsünlər. Yenə də ballistik mərminin buraxılışı peykdən görünür.

Heç kim deyə bilməz ki, biz Dağlıq Qarabağda və ya Ermənistanda mülki şəxslərin yaşadığı istənilən yerə ballistik raket atmışıq”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın kasetli silahlardan istifadəsi ilə bağlı heç bir sübut yoxdur.

“Bəli, əlbəttə ki. Bununla bağlı heç bir sübut yoxdur. Mən istərdim ki, onlar buraya gəlsinlər və o dəlilləri təqdim etsinlər. Eyni zamanda, Gəncəyə, Tərtərə, Bərdəyə getsinlər və ermənilərin hansı növ silahlardan istifadə etdiklərini görsünlər. Qərəzsiz olsunlar…”, – deyə İ.Əliyev əlavə edib.

Prezident bildirib ki, bu vaxtadək “Human Rights Watch” və “Amnesty International” təşkilatları Azərbaycana qarşı çox aqressiv idi:

“Onlar heç vaxt Ermənistanda insan haqlarının pozulması ilə bağlı heç bir şərh verməyiblər. Ermənistan həbsxanasında jurnalist öləndə onlar sakit idilər. Ermənistanın əsas müxalifət partiyasının rəhbəri həbs edildikdə onlar səssiz idilər. Sabiq prezidentlərin məhkəmə işi gedəndə onlar səssiz idilər.

Onlar görmək istəmirlər. Çünki onların təşkilatlarında erməni əsilli insanlar var və bu təşkilatlardan əsasən Azərbaycanın imicinə xələl gətirmək üçün istifadə olunur. Lakin buna baxmayaraq, biz onları dəvət etdik, qoyun, onlar gəlsinlər və gördüklərini desinlər”.

Paşinyanın təlaşı və xaos

Bu müsahibələr zamanı Azərbaycan prezidenti nə qədər inamlı, qətiyyətli görünürsə, Ermənistanın baş naziri Paşinyan da bir o qədər təlaşlı, narahat görünür. Azərbaycan Prezidenti səlist və məntiqli nitqi ilə auditoriyanı ələ almağı, inandırmağı bacarır. Paşinyanın rabitəsiz nitqi isə aşkar hiss olunur. Bu nəyin əlamətidir? Çünki Azərbaycan Prezidenti həqiqəti deyir. Hər kəsin bildiyi həqiqəti. Paşinyan isə yalan danışır. Azərbaycan Prezidenti dövlətinin gücünə də əmindir. Üstəlik, bütün xalqın da onun ətrafında birləşdiyini bilir. Ermənistanda isə xaosdur. Məğlubiyyətin yaratdığı xaos. İqtisadi vəziyyəti acınacaqlı olan bir ölkənin bundan sonra düşəcəyi durumun yaratdığı xof və ermənilər arasındakı başıpozuqluq, parçalanma qorxusu da Paşinyanın gözlərini hədəqəsindən çıxardır. Azərbaycan Prezidentinin nitqi davranışı özünəinamın, haqqın, ədalətin təntənəsidirsə, Paşinyanın da təlaşı, qorxusu yalanın, ədalətsizliyin nümunəsidir.

Sonxəbər.info 

Yazı  dərc edilərkən istinad zəruridir

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>