Torpaq sahələrində aqrokimyəvi analizlərin həyata keçirilməsində yeniliklər olacaq
2021-ci ildən etibarən 10 ha və daha çox sahəsi olan torpaq istifadəçilərinin torpaq aqrokimyəvi analizlərinə cəlb olunması nəzərdə tutulub. Bu ilin payızlıq əkinləri üçün edilən bəyanlara müvafiq olaraq hazırda monitorinqlərə başlanıb. Torpaq analizlərinin nəticələri monitorinq nəticəsi ilə birlikdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edildikdən sonra əkin subsidiyalarının ödənilməsi həyata keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, torpaqların aqrokimyəvi analizi fermerlərə torpağın qida elementlərinə olan ehtiyacını, bitkiyə lazım olan gübrə növünü müəyyənləşdirmək və ondan səmərəli istifadə etmək, torpağın uzun müddət və davamlı istifadəsini təmin etmək, eyni zamanda aqronomik məsləhət almaq üçün əlavə imkan yaradacaq.
Belə ki, baza analiz paketinə torpağın pH-ı, duzluluq (EC), mütəhərrik fosfor (P2O5), mənimsənilən kalium (K2O) və ümumi azot (N) daxildir. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Regional Aqrokimya Laboratoriyalarında baza analizlər daxil olan paketin bir nümunə üçün qiyməti 28 manat təşkil edir. Analiz üçün əkin sahələrindən hər 5 ha-dan bir nümunə götürülməsi məqsədəmüvafiqdir.