“Vilayətin erməni rəhbərliyi 1986-cı ildən növbəyə duran Şuşalıya yalnız 2034-cü ildə mənzil vəd edirdi...” | SON XƏBƏR | SON XƏBƏR

“Vilayətin erməni rəhbərliyi 1986-cı ildən növbəyə duran Şuşalıya yalnız 2034-cü ildə mənzil vəd edirdi…”

“İşğaldan azad  bölgələrimizə məhz belə rəhbərlər gərəkdir...”
“Hadisələrin gərgin gedişi şuşalıların doğma yurdlarını abadlaşdırmaq, onun qədim şöhrətini bərpa etmək, tikmək və yaratmaq istəyinə mane ola bilməmişdir...”
“Bu gün Şuşa və onun əhatə etdiyi kəndlər sözün həqiqi mənasında tikinti meydançasını xatırladır. Son vaxtlar tikinti-abadlıq və sosial məsələlərin həcmi xeyli artmış, bir sıra yeni sənaye müəssisələri yaradılmış, filiallar açılmışdır. Bəs bu ağır günlərdə Şuşanın iqtisadi, sosial və mədəni həyatı hansı qayğılarla yaşayır? Meydana çıxan problemlər necə aradan qaldırılır? Kömək və yardım nə vəziyyətdədir?..” 
28 ildən çox davam edən işğaldan cəmi iki ay 14 gün öncə azad olunmuş Şuşa şəhərindən bəhs edən bu sətirlər  qədim və gözəl şəhərimizin bu günü yox, 32 il öncəki durumu haqdadır.  Müxbirin  suallarına cavab verən isə Şuşanın hazırkı İcra Hakimiyyəti başçısı yox, o günlər  Şuşa Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri  vəzifəsini daşıyan Şuşa rayon İcra Hakimiyyətinin şəhid başçısı Mikayıl Gözəlovdur...
Şuşanın keçmişi haqda araşdırma apararkən rastlaşdığımız o illərdə “Kommunist” qəzetinin Qarabağ üzrə xüsusi müxbiri olan rəhmətlik tanınmış jurnalist Ziyəddin Sultanovun 1989-cu ilin oktyabrında növbəti Şuşa səfərindən sonra dərc etdiyi “Həyat davam edir” adlı məqaləsindən bu günümüzlə səsləşən bəzi  parçaları Moderator.az oxucularının diqqətinə çatdırırıq:
Rəhmətlik Mikayıl Gözəlov  müxbirin yuxarıda göstərilən suallarını belə cavablandırır:
“Başqa yerlərdə olduğu kimi, qədim Qarabağımızın gözəllik incisi olan Şuşanın da gecəsi-gündüzü yoxdur.  Ancaq hadisələrin gərgin gedişi şuşalıların doğma yurdlarını abadlaşdırmaq, onun qədim şöhrətini bərpa etmək, tikmək və yaratmaq istəyinə mane ola bilməmişdir.
Durğunluq dövrünün, onun törətdiyi əyinti və ədalətsizliklərin təsiri Şuşada da izsiz qalmamış, onsuz da əlverişsiz şəraitdə yerləşən dağ rayonunun vəziyyətini daha da ağırlaşdırmışdır. Təkcə bir faktı göstərmək kifayətdir ki,  vilayətin(söhbət o dövrdə rəhbərliyində əsasən ermənilər olan Dağlıq Qarabağ Muxtar Vilayətindən gedir-S.L.) planlaşdırma orqanlarının tərtib etdiyi siyahı 1986-cı ilin yanvarında növbəyə duran Şuşa sakininə ancaq  2034-cü ildə mənzil verilməsini vəd edirdi.  Vilayətin digər rayonlarında isə mənzil problemini həll etmək 1997-ci ilin sonuna kimi planlaşdırılmışdır. Necə deyərlər, əlavə izaha ehtiyac yoxdur. Əhalinin hər nəfərinə düşən əmək haqqına  və pul gəlirinə görə SSRİ-də sonuncu yerlərdən birini tutan Azərbaycanda Şuşa axırıncı pillədə idi...”
Hələ sovet dövrü olduğu üçün məqalədə məsələnin əsl mahiyyəti açıqlanmır.  Bəlkə də rəhmətlik Mikayıl müəllim bunu da deyib, ancaq Azərbaycan-sovet senzurasının tələblərinə uyğun olaraq  o fikirlər “Kommunist” qəzetində verilməyib... Yəni  söhbət keçmiş DQMV ərazisində yalnız Şuşanın əksərən  azərbaycanlılardan ibarət olması səbəbindən Xankəndindəki erməni Vilayət rəhbərlərinin hər şeydə olduğu kimi, ev növbəsində də bu rayona ayrı-seçkilik qoymasından, Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd, Hadut sakinlərinin ev növbəsinin Şuşa şəhər sakinlərininkindən  nə az, nə çox  37 il tez çatmasının planlaşdırılmasından gedir. Görünür, qatı millətçi, separatçı ruhlu ermənilər tezliklə Moskvanın dəstəyi ilə ətrafdakı sırf azərbaycanlı rayonları kimi,  Şuşanı da işğal edəcəklərini bilirmiş...
Bu gün, Allaha çox şükür ki, gecdə olsa, Milli Ordumuzun müzəffər yürüşü sayəsində işğaldan azad olunmuş digər bölgələrimiz kimi, Şuşa sakinlərinin də  ev almaq “növbəsi” ermənilərin nəzərdə tutduğu vaxtdan 14 il öncə çatdı...
Qayıdaq məqaləyə.... Daha sonra Mikayıl Gözəlov 1988-1989-cu  illərdə Şuşadakı quruculuq, abadlıq işləri barədə konkret rəqəmlər səsləndirir:
“Hər vaxtın öz hökmü var” deyərlər. İndi bizdə də vəziyyət dəyişmişdir.  Adamların doğma torpağa, ata-baba yurdlarına istəyi artmış, işləmək həvəsi yüksəlmişdir.   İndi ev tikmək, yurd salmaq hər yerdə olduğu kimi, Şuşada da kütləvi hərəkata çevrilmişdir.  Məsələn, 1988-ci ildə və 1989-cu ilin ötən dövrü ərzində  500-dən  çox ailəyə fərdi məzil tikdirmək üçün  torpaq sahəsi verilmişdir.   Göstərilən dövrdə fərdi mənzil tikdirənlərə  5 milyon manatdan çox dövlət vəsaiti ayrılmışdır. Onu da qeyd edək ki, bu rəqəm əvvəlki  67 il ərzində vətəndaşlara verilən ümumi  vəsaitin miqdarından xeyli artıqdır.  Indi rayonda bir sıra  vacib sosial  obyektlərin tikintisi  sürətlə davam edir.  Yalnız Malıbəyli və Quşçular kəndlərində Ermənistandan didərgin salınmış 150-yə yaxın ailəyə ev tikdirmək məqsədilə torpaq sahəsi verilmişdir. Bunlardan 60-ı artıq tikilmişdir...”
Təxminən iki il sonra -1991-ci il noyabrın 7-də Azərbaycan Respublikası Prezidenti tərəfindən   müstəqillik dövründə Şuşanın ilk İcra Hakimiyyəti başçısı təyin olunan Mikayıl Gözəlov cəmi 1 ay işlədikdən sonra 1991-ci ilin dekabrında iş otağında müəmmalı sui-qəsd nəticəsində həlak olur. Ermənilər onun başına pul qoymuşdu... Çünki Şuşa sakinlərinin daha yaxşı bildiyi kimi,  Mikayıl müəllim hələ Xankəndində idarə rəisi, Şuşada İcraiyyə Komitəsinin sədri işlədiyi günlərdən  Qarabağda erməni separatçı və terrorçularıyla qorxub-çəkinmədən mübarizə aparmasıyla yanaşı, Şuşanın tikinti-abadlıq işlərində də kifayət qədər fəal, işgüzar və prinsipial kadr kimi iştirak edirdi... Bu səbəbdən çoxları bu gün də deyir ki, Mikayıl müəllimə sui-qəsd baş tutmasaydı,  bəlkə də ermənilər Şuşanı 1992-ci ildə işğal edə bilməzdi...
İşğaldan azad torpaqlarımıza Böyük Qayıdış zamanı o bölgələrimizə məhz belə rəhbərlər gərəkdir...
Sultan Laçın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>