“Caz musiqisi eşidəndə qarnıma iynə batırırlar” -Xruşşovun yaradıcı adamlara qarşı antipatiyası | SON XƏBƏR | SON XƏBƏR

“Caz musiqisi eşidəndə qarnıma iynə batırırlar” -Xruşşovun yaradıcı adamlara qarşı antipatiyası

58 il öncə bu gün, 7 mart 1963-cü ildə Kremldə Nikita Xruşşovun ölkə ziyalıları ilə görüşü zamanı baş katibin çıxışında “senzuradan kənar” o qədər ifadələr olub ki, görüşdən bir neçə gün sonra yığıncağın stenoqramını və lentə çəkilişini yox ediblər.

Amma çəkiliş lentinin kopyalanmış surəti kimlərsə tərəfindən gizlədilib. Bu lent yalnız 1999-cu ildə üzə çıxıb. Bununla da uzun illər ziyalılar, xüsusilə də mədəniyyət, incəsənət, ədəbiyyat adamlarının Xruşşovun yaradıcı adamlara mənfi və dözülməz münasibəti haqqında fikirləri öz təsdiqini tapıb.

Ümumiyyətlə, Nikita Xruşşovun yaradıcı adamlarla münasibətləri çox da isti olmayıb. Düzdür, baş katib mütəmadi olaraq onlarla görüş keçirib, işləri ilə tanış olub. Amma bu görüşlərin hamısı sonda qalmaqalla, Xruşşovun təhqirləri, hədə-qorxuları ilə, baş katibin ağılasığmaz “məsləhət”ləri ilə yekunlaşıb.

Belə görüşlərdə Xruşşov böyük ziyalı ordusu qarşısında bəstəkarları, heykəltəraşları, rəssamları, şair və yazıçılara “fahişə”, “homoseksual”, “gey”, “yaramaz”, “anasını tanımayan”, “satqın” və mətbuatda ifadə edə bilinməyəcək sözlərlə də təhqir edib.

Musiqi janrlarında söhbət gedərkən Xruşşov “caz” sözünü eşidəndə “bu musiqi səslənəndə mənin qarnıma iynə batırırlar” söyləyib. Yazıçı İlya Erenburqun, şair Yevgeni Yevtuşenkonun, heykəltəraş Ernst Neizvestninin yaradıcılığından söhbət düşəndə baş katib onların yaradıcılığından ürəyinin bulandığını bildirib, onların yaratdığı əsərləri infeksion xəstəliklər adlandırıb.

Sözügedən 7 mart 1964-cü ildə keçirilən görüşdə isə Xruşşovun hədəfinə şair-publisist Andrey Voznesenski düşüb.

Voznesenki tribunaya qalxıb və çıxışına başlayıb:
“Mən bu tribunanı özüm üçün çox yüksək sayıram. Ona görə də çalışacağam ki, qısa və əsas məsələlərdən danışım. Mənim sevimli şairim və müəllimim kimi mən də partiyanın üzvü deyiləm, amma...”

Elə bu məqamda onsuz da çılğın olan Xruşşov səbrinə hakim kəsilə bilməyib, o, Voznesenskinin sözünü yarımçıq kəsib, baş katiblə şairin arasında dialoq başlanıb:

-Sənin partiyanın üzvü olmamağın şücaət deyil. Sən niyə bunu reklam edirsən? Bununla nə demək istəyirsən? Bəli, sən Kommunist Partiyasının üzvü deyilsən, amma başqa partiyanın üzvüsən. Mən Kommunist Partiyasının üzvü olmağımla fəxr edirəm və ölənə qədər də onun sıralarında olacağam.

Voznesenski çıxışını davam etdirməyə çalışıb:
-Nikita Sergeyeviç, mən demək istəyirəm ki, sevimli şairimiz Mayakovski kimi...

Xruşşov onun sözünü yenidən yarımçıq qoyub:
-Sən partiyaçı olmamağınla kimlərəsə işarə edirsən? Özünə tərəfdarlar yığmaq istəyirsən? Xeyr, biz sizi sıraya düzəcəyik, sizinlə mübarizə aparacağıq. Elə düşünürsünüz ki, “mülayimləşmə” dövrüdür. Yanılırsınız. Biz sizə şaxta-sazaq da yarada bilərik. Partiya sizə azadlıq və sərbəstlik verdi. Stalin rejimindən sonra siz rahat nəfəs almağa başladınız. Hamınız susmuşdunuz, Stalin ölən kimi diliniz açılıb. Sizlərə verilən sərbəstlik o demək deyil ki, bildiyinizi edəcəksəniz. Biz həmin rejimi yenidən tətbiq edə bilərik.

-Nikita Sergeyeviç, siz məni düzgün anlamadınız, mən sovet adamıyam və öz ölkəmə xidmət edirəm.

-Yalandır. Sən SSRİ-də doğulmusan, amma bu ölkədə doğulmayan o qədər adamlar var ki, SSRİ-yə səndən qat-qat çox xeyir verib. Sən antisovet ünsürsən.

-Yoldaş Xruşşov, mənim heç bir antisovet fəaliyyətim yoxdur, mən bu tribunaya da başqa məqsədlə çıxmamışam.

-Sən bu tribunaya başqa məqsədlə çıxa bilmərsən. Sənin başqa məqsədlərin SSRİ-dən çox-çox uzaqlardadır. Sən ora gedə bilərsən. Mən sənə xarici pasport verə bilərəm.
Dialoq-mübahisə xeyli uzanıb. Daha sonra Xruşşov daha bir neçə nəfəri də hədəfə alıb. Zalda əyləşən qırmızı köynəkli rəssam da Xruşşovun diqqətindən yayınmayıb və baş katib onu barmağı ilə işarə edərək,- “Baxın, bu cavan oğlan da antisovet ünsürdür, Kremlə qırmızı köynəklə gəlib”,- deyərək təhqir edib.

Xruşşovun hakimiyyəti illərində bir çox yaradıcı adamlar baş katibin bu münasibətini çox da ciddiyə almayıblar. Hamı Xruşşovun ədəbiyyatdan, incəsənətdən anlayışsız bir şəxs olduğunu yaxşı anlayıb. Elə Andrey Vosnesenski də özünü sındırmıyıb və SSRİ-ni tərk etməyib. O, şair, publisist, rəssam və arxitektor kimi fəaliyyətini davam etdirib, ölkənin ən tanınmış yaradıcı simalarından biri olub. Voznesenski 1978-ci ildə SSRİ dövlət mükafatına layiq görülüb.

Nikita Xruşşov isə dünya tarixinə hakimiyyətdən devrilmiş siyasi səriştəsi olmayan bir dövlət başçısı kimi düşüb.

İlham Cəmiloğlu, Musavat.com


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>