Fillər də belə getdi- 8 Mart təbriki əvəzi Nazim Sabiroğlu yazır: | SON XƏBƏR | SON XƏBƏR

Fillər də belə getdi- 8 Mart təbriki əvəzi Nazim Sabiroğlu yazır:

Ağdamın çal-çağır vaxtında şəhərə Hindistan istehsalı “Fillər mənim dostumdur” kinosu gəlibmiş.

Anşlaq-anşlaq dalınca, pul sel kimi axır kassaya. Kinoteatrın indi rəhmətlik olmuş direktoru da Ağdamda çox baməzə adamlardan biriymiş. Direktor oturub kabinetində axşamkı qazancı sayırmış.

Saydıqca da, həm camaata alqış edirmiş, həm də fillərə...Birdən qapı açılıb və içəri 2-3 qohumu girib. Deyib, “nə olub, görmürsüz pul sayıram, kənar şəxslərin içəri girməyə ixtiyarı yoxdur”. Deyiblər ki, bəs, xəbər gətirmişik. Nə? Oğlunu milis tutub. Bunun da oğlu Ağdamda şələ-şür cavanlardanmış. Direktor bir pula, bir bəd xəbər gətirmiş qohumlarına baxaraq, dərindən ah çəkib deyir: “Hə, fillərdə belə getdi...”

4251ac2a12ee388cc4557e1cf99a4e9a

 

Tanıyanlar bilir ki, sosial şəbəkələrdə yoxam. Düzdür, baş redaktorumuz və dostum Azər Ayxan arada yarızarafat “sən də ordasan, bilirəm” kimi atmacasından qalmır. Amma və lakin sosial şəbəkə mənim alanım deyil, orada olanlara isə münasibətim kafidir. Deyirlər, guya orada da nəsə faydalı işlər dönür, nə isə öyrənmək olur. Əsrimiz sosiallaşma əsridir, pandemiyanın da insanların canını boğazına yığan bu günlərdə insanlar dərdini, hərdən də mənfi enerjisinin orada çıxarırsa, qoy olsun.

“Yutub” isə bir başqa dünyadır. Buradan çox faydalanıram. Etiraf edim ki, burada da sarsaq videolar yayanlar çoxdur, amma gərək faydalılarını seçəsən. Əsas da evdə texnika xarab olanda. “Yutub”dan “Dəmirdöküm” kombisini indi Elşən quşların dilini bilən tək (bizim Elşən Balaxanskini demirəm, onu özüm hərdən zorla başa düşürəm) öyrənmişəm. Təzə köçən vaxtı “Jurnalistlər binası”nda ən ciddi problem kombi idi. Nə gizlədim, elə gün olub ki, usta iki dəfə gəlib, hər dəfə də halal xoşu olsun, cibiboş getməyib. Nəhayət, “Yutub” köməyə gəldi...

Burda o qədər faydalı videokanallar var ki, adamın dadına istənilən saatda çatır. Dadına çatır, az söyləntidir, adamı maarifləndirir, öyrədir, hətta usta edir. O səbəbdən indi türk istehsalı olan kombini sökürəm, yığıram, istənilən problemini çözürəm. Arada dostlar da zəng edib, “filan problem nə ola bilər” də soruşur. Adamlara faydalı olmaq hər zaman xoş duyğudur Azərbaycanlılar düzü, burada faydalı olmağa çalışırlar. Xüsusilə sabah bayramı olan qadınlar. Adi yumurta-pomidordan tutmuş xaş hazırlamağa qədər öz kanallarını yaradıb xanımlara (hərdən də kişilərə) həm faydalı məsləhətlər verirlər, həm bəyənmə və abunə toplayırlar. Faydalı işdir, onların zəhmətini qiymətləndirmək lazımdır. Amma buradaca onu da qeyd etməliyəm ki, bizim bəzi xanımlarda hədsiz uzunçuluq var. Məsələn, bir dəfə xaşın hazırlanmasını öyrənmək üçün xeyli vaxtım və əsəbim getdi.

Qarşıma çıxan videoların birində(yəqin daha faydalıları da vardı) xanım o qədər geniş, adamın ürəyini sıxan uzun-uzadı cümlələrlə, elə astagəl danışırdı ki...Təəssüf ki, milli kişilərimiz burada heç bir faydalı ustalıq sirlərini bölüşmürlər. Əlbəttə ki, bacarırlar. Amma bir video çəkib kiməsə faydalı olmağı ya özlərinə sığışdırmırlar, ya da... Anadolu türkü olan qardaşlarımızın da xeyli sayda bu tip faydalı videoları var. Amma onlar da yalnız Türkiyə istehsalı olan texnikaların xarakteristikasından danışıb-öyrədirlər.
Ruslara isə əsl minnətdarlıq düşür. Ütüdən başlayaraq, ən mürəkkəb Rusiya, əcnəbi məişət texnikalarında yarana biləcək problemləri həm lakonik, həm sadə adamın başa düşəcəyi dildə, hər cür xırdalıqlarına qədər izah edirlər. Mükəmməl bir master-klass! Geniş ürək açıqlığı!

Elə olur ki, adi bir problem üçün usta çağırmağı düşünürsən, məsələn, ən çox rast gəlinənlərini deyirəm: kombi rəqəmli “oşibka” verir, hamam otağına isti su gəlmir, paltaryuyan maşına su gəlmir və ya su axıdır, televizorun rəngi qarışır və sairə...Rus dilində axtarış vermək kifayətdir ki, qarşına 10-larla faydalı videolar çıxsın.

Bu günün söhbətidir. Paltaryuyan maşın su buraxmırdı. Buyur, rus ustalar danışsın, sən də işini gör. Açıb-sökdüm. Dedikləri iki yerdə problem tapılmadı. Qaldı sonucu problem-klapan. Klapanı dəyişmək problem deyil, onu da öyrədir. Demək, klapan xarab olub. Burada artıq başqa variant yoxdur. Klapan üçün zəng etdim servisə. Bir nəzakətli xanım götürdü, əvvəl qarşıdan gələn bayramını təbrik etdim. Ərazi üzrə ustanın telefon nömrəsini verdi. Sağollaşdıq.

Zəng etdiyim nömrədən yorğun və yoğun bir səs gəldi. Problemi deyirəm, neçə çıxışlı klapandır ona qədər... Anlayır ki, bu işdə xam deyiləm, amma hələ fikirləşir. Yenə yorğun səslə “hə, yəqin ki, o problemdir”, “qiyməti təxminən filan”, “saat 5-dən sonra gəlib, baxaram...” Özümü saxlaya bilmirəm, “Rus usta deyib də, klapandandır, dördüncü səbəb yoxdur” deyirəm. Təəccüblə, bir az da incik “rus usta kimdir”,- deyə soruşur. Gülmək məni tutur, “gəl, gözləyəcəyəm, 8 mart da belə getdi”,- deyib sağollaşıram...

İndi onu gözləyirəm. Dedim bunu yazım. Məsləhətdir ki, ustaya tez qaçmayın, “Yutub”a baxın, faydalı məsləhətlər orda çoxdur. “Fillər mənim dostumdur” da orada var, həm də pulsuz...


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>