İcra başçısından narazı olan Ucar sakini QAN QUSUR | SON XƏBƏR | SON XƏBƏR

İcra başçısından narazı olan Ucar sakini QAN QUSUR

Bir neçə gün öncə Ucar şəhəri sakini Əliyev Tehran İslaməli oğlunun ailəsinə edilən qanunsuzluğa görə aclıq aksiyasına başlaması ilə əlaqədar məlumat yayılmışdı.

Gundemxeber.Az yenisabah.az-a istinadla bildirir ki, Ə.Tehranın dediyinə görə, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun göstərişi ilə ailənin yeganə çörək yeri olan obyekti qanunsuz olaraq dağıdılıb, yerində şahmat məktəbi və Azərsu ASC-ə bina inşa edilib. O, icra orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq, şikayəti təmin olunmayıb. Hətta icra hakimiyyətindən bildirilib ki, get nə edə bilirsən et. Bundan sonra o ölüm aclığına başlayıb.

“Regionnews.az” bu gün Tehran Əliyevlə əlaqə saxlayıb. O deyib ki, halı yaxşı deyil:

“2009-cu ildən məni süründürlər. Mən həbsdən çıxandan sonra sənədlərlə birlikdə indiki icra başçısı Mənsur Məmmədovun yanına getdim. Ona bildirdim ki, mənim mülkümü söküblər. Sənədlərimə baxdı, dedi ki, sənin sənədlərin düzdür, haqlısan, mülkündə tikintilər qeyri-qanuni aparılıb. Sənə başqa yerdən torpaq verərlər. Mənə iş verən də yoxdur. Həbsdən sonra heç kim kömək etmir. Başçı o zaman işçilərinə tapşırdı ki, bu məsələ ilə maraqlanın. Başçı gedəndən sonra dedilər ki, sən düz deyirsən torpaq sənə verilməlidir. Amma bu sürüşdürmə ilə olmalıdır. Onun üçün də rüsum ödəməlisən. Mən onlara bildirdim ki, 10 qəpiyim yoxdur çörək almağa. Mənə dedilər ki, 7500 manat rüsum ödəməlisən. Ya da gözlə, görək nə edə bilirik. İkinci dəfə getdim, dedilər sən gözlə, Mənsur müəllimlə danışaq. Gedib nə söhbət etdilərsə, bilmirəm. Gəlib dedilər ki, Mənsur müəllim deyir ki, gedib kimə şikayət edir etsin. Vaxtında bu tapşırıqla sökülüb, mənim vaxtımda da tikilməyib. Bu iş mənlik deyil. Bir sözlə mənim mülküm olan torpağı vermirlər. Artıq bir həftədir ki, aclıq aksiyası keçirirəm”.

Əliyev deyib ki, heç kim vəziyyətimlə maraqlanmır:

“Əlbəttə xəbərləri var. Bilirlər aclıq aksiyası keçirirəm. İlk günlər halım pisləşdi və təcili yardım çağırıldı. Evdə də demirəm ki, qan qusuram. Mədəmdə yaralar var. Vəziyyətim yaxşı deyil. Fiziki gücüm tükənib. Amma sona qədər davam edəcəm. Haqqımı istəyirəm. Ombudsmana da bildirmişəm”.

Məsələ ilə bağlı Ucar Rayon icra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, baş memarı Nasir Abdıyev bildirildi ki, aidiyyatı şəxslərə tapşırıq verilib ki, Tehran Əliyevin torpağı başqa əraziyə sürüşdürülsün:

“Tehran Əliyevə təklif olunub ki, hansı ərazidə istəsə veriləcək. Bir müddət öncə Qazax-Bakı magistral yolunun kənarında torpaq istəmişdi. Biz də ona görə müraciət etməsini bildirdik. Sadəcə olaraq Tehran dedi ki, bələdiyyənin hesabına vəsait köçürməyə imkanı yoxdur. Həqiqət odur ki, torpaq verilməsi qaydaları qanunla tənzimlənir. Biz ondan kənara çıxa bilmərik. Dövlət rüsumları köçürməlidir. Başqa ərazidə istəyirsə, elə olmalıdır. Şəhər bələdiyyəsinə o pul köçürməsini, həmin ərazilərinin birində torpaq ilə təmin olunmasını istəyirik. Dünən də bu haqda söhbət olub. O sahədə iş gedir. Onun aclıq aksiyasını bilmirdik, məlumat verərik, maraqlanarıq”.

Qeyd edək ki, Ucar Rayon İcar Hakimiyyətinin başçısı Mənsur Məmmədov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun və Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı Elton Məmmədovun bacısı oğludur.

Gundemxeber.Az

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>