Kirvələr və qudalar Zamin Hacı yazır: | SON XƏBƏR | SON XƏBƏR

Kirvələr və qudalar Zamin Hacı yazır:

Bu gün 2 martdır və Azərbaycan mətbuat tarixinin ən parlaq səhifələrindən biridir. 2005-ci ilin məhz bu günündə bizim jurnalistika inkişaf etmişdir, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovu yaşadığı evin blokunda güllələyib öldürüblər. Günahkarlar hələ də yaxalanmayıbdır, bu isə biz jurnalistlərə əlavə güc verir. Biz bilsək ki, jurnalist öldürənləri tuturlar, o zaman heç zad yaza bilməzdik. Həyatımız maraqlı keçməzdi. Yaradılan şəraitə görə əlaqədar orqanlara dərin minnətdarlıq edirəm.

Ümumiyyətlə, korrupsiya dünyanın hər yerində var. Məsələn, dünən Fransa məhkəməsi eks-prezident Nikola Sarkoziyə 4 il həbs cəzası kəsibdir. Nikola müəllim (Paşinyan da nəzərə alsın, bu saat dünyada onun adaşlarına qarşı səlib yürüşü var) o cəzanın azı 1 ilini türmədə keçirəcəkmiş.

Hesablama Palatası isə qeyri-hökumət təşkilatlarına yardım idarəmizi yoxlayıb, orada nəsə yeyinti tapıbdır. Maraqlıdır, bu sizin nəyinizə lazımdır? Yeyiblər, halal xoşları olsun. Bəyəm bundan hansısa şikayətlənən var? QHT-lər razı, hökumət razı, camaat dünəndən razı. Ata sözündə deyilən kimi: “Yedin qazı, qayıqla keçdin Arazı, basmarladın Naznazı, daha niyə olasan narazı?”. Üzr istəyirəm, bu ayrı yazıya aid məsəl idi, bura səhv düşdü, yaddan çıxarın. Məsəl əslində budur: “Sən razı, mən razı, qələt eləyir qazı”. (Yanlış anlaşılmasın, burada məhkəmə qazısından söhbət gedir). Bəli. İstənilən korrupsiya halında ortada narazıların mövcudluğu vacibdir. Burada isə şikayət edən görünmür.

Əslində Hesablama Palatası bir vaxtlar Heydər Əsədovun başçılığı altında işləyəndə daha konstruktiv idarə idi. O əyyamlarda neft pulları ölkəyə sel kimi axırdı, hərə bir yanda büdcəni sümürürdü, lakin palata hansısa yeyinti aşkara çıxarmırdı. Şair demişkən: “Sərməst meyi-hüsnü səfasan, ey gül, Ol vəqt ki, hüsnün gedə hüşyar olacaqsan”. Və ol vəqtlər bizim HP-yə (idarənin adının qısaltması dünya elektronika nəhənglərindən birini bizə xatırladaraq xoş ovqatımıza səbəb olur) başçılıq edən Heydər müəllim haqda təzəlikcə mətbuatda pis-pis yazılar peyda olur. Deyirlər o, əlim qurusun yazdığım yerdə, kənd təsərrüfatı naziri işləyərkən yeyintilər etmişdir.

Mənim bu tip yazılarda ən çox xoşuma nə gəlir? Qohumluq əlaqələri! Keçmiş və indiki məmurlarımızın neçə manat oğurlaması, nədə ittiham edilməsi o qədər də maraqlı gəlmir, nəinki onların bir-biri ilə hansı üzvi və qeyri-üzvi əlaqələr yaratması. Keçmiş HP sədrimiz və keçmiş kənd təsərrüfatı nazirimiz Heydər Əsədov haqda yazıda da belə gözəl əlaqələrdən bəhs olunmuşdu. Sən demə, Əsədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovla quda imiş. Eyni zamanda, Səlim Müslümov Heydər Əsədovun kirvəsiymiş. (Doğrusu, yazıda jurnalist xəsislik etmiş, uca millətimizə tam aşkarlıq şəraiti yaratmamışdı, o üzdən kim kimin qucağına uşaq qoyubdur, bu bizə qaranlıq qaldı. Ümid edirik növbəti yazılarda aşkara çıxar. Olduqca vacib məsələdir). Səlim müəllim sosial müdafiə naziri işləyərkən əliəyrilik etdiyi üçün zindandadır. Bu da kirvələr və qudalar arasında müəyyən narahatçılıq, dilxorçuluq yaradır və sairə - yazıda belə deyilirdi.

Respublikamızın vaxtilə bir sürü qohum-əqrəba arasında bölüşdürülməsi dövlətçilik baxımından düzgün hal idi. Əhali şikayətlənə, donquldana bilmirdi. Məlum idi ki, hara getsək eyni tayfa ilə üzləşəcəyik. Quda kirvənin, yeznə bacanağın qapısına yollayacaq, şikayətimizi qoz yerinə qoyan olmayacaqdır. Hazırda deyəsən belə idari qohumluqlar bir qədər azalıbdır. Ümid eləyək təzədən artar.

Hələlik bu qədər, qalın geyinin, boz ay davam edir.

Müsavat.com

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>