Paşinyana dörd cinahdan hücum: Ermənistan vətəndaş müharibəsi ilə üz-üzə... | SON XƏBƏR | SON XƏBƏR

Paşinyana dörd cinahdan hücum: Ermənistan vətəndaş müharibəsi ilə üz-üzə…

Ermənistanın keçmiş xunta rejimi baş nazir Nikol Paşinyanı hər cinahdan küncə sıxmaqda davam edir. Nikol özü də bunu dilə gətirməkdən çəkinmir. Bununla belə, əhali arasında köhnə rejimə inam və etimad olmadığı üçün Nikol Paşinyan öz iqtidarını qoruyub saxlaya bilir. Lakin gün keçdikcə vəziyyət gərginləşir və Ermənistan vətəndaş müharibəsinin astanasındadır.

Ötən həftə Ermənistanın baş qərargah rəisi Onik Qasparyan Paşinyanın istefasını tələb edən bəyanat səsləndirdi. Bundan dərhal sonra Nikol onu vəzifəsindən azad etmək üçün istefa müraciəti hazırladı, lakin prezident Armen Sarkisyan Paşinyanın müraciətini qəbul etmədi və Onik Qasparyan öz vəzifəsində qaldı.

Dünən isə baş nazir Nikol Paşinyan Ermənistan prezidenti ilə sırf bu məsələ üçün görüşdü. Erməni KİV-lərinin yazdığına görə, N.Paşinyan prezidentdən Baş qərargah rəisi Onik Qasparyanı vəzifədən azad etməyi tələb edib. Hələlik isə bir nəticə hasil olmayıb.

Görüşün ardınca Nikol Paşinyan tərəfdarlarını mitinqə çağırdı və axşam saatlarında baş tutan mitinqdə çıxışı zamanı baş nazir bir sıra ciddi mesajlar verdi. Dediklərinə diqqət edək: “Açıq demək istəyirəm ki, baş qərargahın bəyanatı keçmiş hakimiyyətin, o cümlədən Serj Sarkisyanın təsirinin nəticəsidir. Baş qərargahın rəisi öz bəyanatı ilə qanunu pozub və istefa verməlidir. Bu qaçılmaz olsa da, o demək deyil ki, bundan sonra silahlı qüvvələrin sıralarında qan düşəcək. Sarkisyan və keçmiş hakimiyyət ordunu qanuni hakimiyyətin əleyhinə qaldırmağa cəhd göstərir”.

Göründüyü kimi, Paşinyan mövcud vəziyyəti şərh edərək tərəfdarlarını ovundurur və keçmiş hakimiyyətin ona qarşı hərəkətə keçdiyini bildirir. Dolayısı ilə bütün baş verənlərdə özünü təmizə çıxarır və eksləri günahlandırır. Bəlkə də haqlıdır. Haqlı olmayan tərəfi isə öz xoşu ilə, müharibəsiz, qansız-bəlasız Qarabağı Azərbaycana təhvil verməməsidir...

Bu arada, eks prezidentlər Koçaryan və Sarkisyan rejiminin tör-töküntülərinin təmsil olunduğu daha bir cinahdan da Paşinyana hücumlar edilir. Belə ki, bu gün Beynəlxalq Rusiya-Erməni "Lazarevski Klubu" bir bəyanat verib. Klub Nikol Paşinyanın icazə verilənlərin bütün sərhədləri aşdığını və ölkəni vətəndaş müharibəsinə apardığını iddia edir.

O klub ki, 2018-ci ildə Rusiya Dövlət Dumasının deputatı, MDB Ölkələri İnstitutunun direktoru Konstantin Zatulinin və bir sıra tanınmış siyasətçi və sahibkarların, ictimai xadimlərin, alimlərin təşəbbüsü ilə yaradılıb. Zatulin başda olmaqla, burada təmsil olunanların hər biri Azərbaycana qarşı daim xüsusi nifrət bəsləyib və hətta əli dinc azərbaycanlıların qanına bulaşıb. Burada təmsil olunanların adlarına diqqət etmək kifayətdir; Nikolay Rıjkov, Artur Çilingarov, Anatoliy Torkunov, Samvel Karapetyan, Sergey Ambartsumyan, Vyacheslav Nikonov, Modest Kolerov, Vazgen Manukyan, Artaşes Geghamyan, Levon Malkhasyan (Malkhaz), Vitali Tretyakov, Karenakhov da daxil olmaqla Rusiya və Ermənistandan jurnalistlər və mədəniyyət ustaları, Vladimir Kazimirov, Zoriy Balayan və başqaları...

Onların bəyanatında deyilir ki, tarixinin ən ağır məğlubiyyətini yenicə keçmiş Ermənistan Respublikası, asılı olduğu və olmamalı olduğu yeni bir sınaq qarşısındadır. Baş nazir Nikol Paşinyan hakimiyyətdə qalma cəhdində icazə verilən hüdudları aşdı və ölkəni vətəndaş müharibəsinə sövq etdi. Özü xaric, Rusiya “İsgəndər” raketlərindən tutmuş, qalan erməni əsgərlərinə qədər məğlubiyyətin uğursuzluğunda hər kəs günahkardır.

“Belə bir vəziyyətdə Paşinyana qalib gəlmək, sosial şəbəkələrdəki qondarma gerçəkliyi öz məqsədləri üçün istismar edən bir demaqoq diktatorluğuna gətirib çıxaracaq. Paşinyanın hakimiyyətdə olduğu illərin sübut etdiyi kimi, o, başqa bir şeyə qadir deyil. Bu o deməkdir ki, ölkə gələcək erməni xalqından, sizdən - Ermənistan vətəndaşlarından alınır” - deyə, klub vurğulayır.

Daha sonra Ermənistan vətəndaşları seçim qarşısında qalıb və bu seçim edilməlidir deməklə Paşinyana qarşı çıxmaq üçün erməni xalqına çağırış edilir: “Baş nazir Nikol Paşinyana da müraciət edirik. Hələ də and içdiyiniz Cümhuriyyətin taleyi üçün bir damla məsuliyyətiniz varsa, yeganə düzgün qərarı verin. Etibarlı insanlara yaratdığınız xaosun öhdəsindən gəlmək üçün bir fürsət verin. Gedin, vaxtınız bitdi!”.

Baxın! Sanki bəyanatın mətnini Sarkisyan yazıb, Koçaryan da redaktə edib. Məqsəd aydındır. Yaranmış fürsətdən istifadə edib Paşinyanı devirmək və yenidən hakimiyyəti ələ almaq. Görünən isə odur ki, xalqın böyük bir qismi hələ də Nikol Paşinyanı dəstəkləyir. Çünki o, tərəfdarlarını müharibədəki ağır məğlubiyyətdə təkcə onun günahkar olmadığına inandıra bilib.

Lakin keçmiş xunta rejimi sakitləşmək fikrində deyil, Paşinyanı ölkəni vətəndaş müharibəsinə sürükləməkdə ittiham etsələr də özləri belə bir xaosun baş verməsində maraqlıdırlar.

Odur ki, Ermənistanda suların durulması üçün Nikol Paşinyan öncə keçmiş rejimin təzyiqlərindən qurtulmalıdır.

Elgün MƏNSİMOV
Trend


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>