“Qarayanız olduğu üçün pakistanlı hesab edirdilər” - Xüsusi Təyinatlı şəhidimizin anası... | SON XƏBƏR | SON XƏBƏR

“Qarayanız olduğu üçün pakistanlı hesab edirdilər” – Xüsusi Təyinatlı şəhidimizin anası…

Vətən müharibəmizin şəhid qəhrəmanlarından biri də çavuş Elçin Fərhad oğlu Bağırovdur. E.Bağırov 1980-ci ildə Ağdamın Sarıcalı kəndində anadan olub.

 

Moderator.az qəhrəman şəhidimizlə bağlı yazını təqdim edir.

 

Şəhidimizin ailəsi ilə görüşmək üçün yaşadığı Sabunçu rayon Pirşağı qəsəbəsi Qarabağ düşərgəsinə yollandıq. İlk öncə onu qeyd edək ki, indi bu binalarda öz doğma yurd-yuvasından didərgin düşən Xocalı, Ağdam, Şuşa və digər rayonlarımızın sakinləri yaşayır.

Bizi şəhidimizin anası Həcər xanım qarşıladı. İki oğul və bir qız anası olan Həcər xanım, daha çox Elçinə bağlı olduğunu deyir:

1614867201_c15943fc-162c-47b4-9361-aef4849912c6

“Elçinin üç yaşı olanda atası güllələndi...”

“Biz də Ağdam rayonu işğal olunanda qaçqın düşdük, oğul. Ordan Oğuz rayonuna gəldik. Elçinin üç yaşı olanda atası ot çaldığı yerdə bir nəfər tərəfindən güllələndi. Ondan sonra bu üç uşağı mən böyütməyə başladım. Daha sonra biz indi yaşadığımız bu lagerə köçdük. Övladlarımı bu soyuq, nimdaş iki otaqlı evdə böyütmüşəm. Elçin uşaq vaxtından vətənpərvər uşaq idi və elə böyüyəndə də hərbçi olmaq qərarına gəldi”.

“Dedim ki, Elçin, birdən müharibə olar...”

“Artıq beş il idi ki, orduda çavuş kimi xidmət edirdi. Ailə qurdu, artıq dörd övladı var. Goranboyda ailəsi ilə kirayədə yaşayırdılar. Müharibə ərəfəsində onlara getmişdim. Dedim ki, Elçin, birdən müharibə olar, qorxuram.  Dedi ki, “ana, müharibə olsun da, torpaqları biz almayaq, bəs kim alsın? Sən heç nədən qorxma. Elə edəcəm ki, səni hamı tanıyacaq”. Bu sözlər mənə qəribə gəlirdi. O qədər də başa düşmürdüm. Amma o, şəhid olandan sonra qapımı elə adamlar açdı, onda gördüm ki, Elçin bunları deyirmiş”.

“Yatıb yuxuda gördüm ki, evimizin üstündən helikopter keçir...”

“Sentyabrın 27-də döyüşlər başladı və Elçin də irəli getdi. Ondan sonra nigarançılıq da başladı. Bir ana kimi nə çəkdim bir Allah bilir. (Ağlayır) Yatıb yuxuda gördüm ki, evimizin üstündən helikopter keçir və mən də saçımı yolub yerə tökürəm. Daha sonra isə qonşular gəlib saçımı yığıb mənə verirlər. Səhər durub bunu qonşulara danışanda dedilər ki, yaxşı yuxudu, hər şey yaxşı olacaq. Elçin “Həmlə” Taborunun Xüsusi Təyinatlı hərbçisi idi. Çox hündür, güclü oğlan idi. Onlar ilk öncə Murov dağı istiqamətində döyüşlərə başlayıblar. Orda bir neçə yüksəklikləri düşməndən azad ediblər. Hətta bir şəhid və yaralı yoldaşını ərazidən çıxarıb. Daha sonra isə Talış kəndi istiqamətində əməliyyata başlayıb”.

“O, qarayanız oğlan olduğu üçün onu pakistanlıya oxşatmışdılar...”

1614867201_c15943fc-162c-47b4-9361-aef4849912c6 (1)

"Sentyabrın 30-da isə Elçin şəhid oldu, onunla əlaqəmiz kəsildi. Daha sonra ermənilər saytlarında Elçinin fotosunu paylaşıb yazdılar ki, Azərbaycan ordusunda pakistanlı döyüşçülər var. O, qarayanız oğlan olduğu üçün onu pakistanlıya oxşatmışdılar. Elçinin nəşi 50 gün düşmən tərəfdə qaldı. Daha sonra alındı və bir ay da xəstəxanada saxlanıldı. DNT analizindən sonra onun nəşini bizə verdilər və dekabrın 20-də İkinci Fəxri Xiyabanda dəfn edildi”.

Şəhidimizin qayınanası Nailə xanım söhbətimizə qoşulur. Əslən Xocalı rayonundan olan Nailə xanım, fevralın 25-dən 26-na keçən gecə həyat yoldaşını və oğlunu şəhid verib:

“İki qızım var. İndi Elçinin yoldaşı olan qızım Vüsalə biz Xocalıdan çıxanda bir yaş yarımlıq uşaq idi. Həmin gecə ermənilər həyat yoldaşımı və oğlumu güllələdilər. Ondan sonra bu iki qız övladımı özüm böyütdüm. Daha sonra qardaşım da Qarabağ müharibəsində şəhid oldu. İndi gəlmişəm qızımın evinə ki, ona təsəlli verəm. Həyat yoldaşını itirib, dörd uşaqla tək qalıb, çətindi”.

Nailə xanım Elçinin ailəsinin evlə təmin olunması üçün kömək istəyib:

“Elçin Bakıda dəfn olunub. Uşaqlar hər dəfə deyir ki, atama gedək. Biz də onu ziyarətə gedirik. Cavan gəlin dörd körpə uşaqla bu qəzalı binada necə yaşasın? Bir otaqlı evdi, onun da heç bir şəraiti yoxdur. Elçinin Aylin, Mirağa, Əli və Elay adında körpə övladları qalıb. Elayın ayağında çox ciddi problemi var, əməliyyat olunacaq. Bu gün bir şəhid ailəsi kimi tək istəyimiz onların evlə təmin olunmasıdır. Xahiş edirik bizə kömək etsinlər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi şəhidin ailəsini evlə bağlı qeydiyyata alıb. Biz sənədlərimizi Sabunçu rayon İcra Hakimiyyətinə vermişdik. Daha sonra ordan bizə bildirdilər ki, Ağdam sakini olduğunuz üçün sənədlərinizə imtina gəlib. İndi onlara sual vermək istəyirəm ki, Ağdama köçənə qədər şəhid yoldaşı körpə balaları ilə harda yaşasın?”.

Vasif Əlihüseyn
Fotolar müəllifindir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>