“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır | SON XƏBƏR | SON XƏBƏR

“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır

“Arman Dikiy” (“Vəhşi Arman”) ləqəbli qazaxıstanlı kriminal avtoritet, bir vaxtlar “Lotu Quli”nin yaxın ətrafına daxil olan Arman Cumagəldiyev məşhur özbəkistanlı biznesmen-kriminal avtoritet “Qara Qafur”un bacısı oğlu Rövşən Muhiddinovu (“Qızıl Rövşən”) İstanbuldakı otellərdən birində döydüklərini təsdiq edib. Lakin işgəncə haqda deyilənləri rədd edərək onu “qorxaq” adlandırıb. Bu haqda “Azadlıq” radiosunun qazax xidməti bildirir. “Vəhşi Arman” Muhiddinovla “razborka” barədə özünün İnstagram səhifəsində yazıb.

"Qızıl Rövşən"

Virtualaz.org kriminal aləmin Orta Asiyadan olan bu nüfuzlu nümayəndələri arasında milyonlarla dollarlıq hesablaşma barədə ötən günlərdə “Azadlıq” radiosunun özbək xidmətinə istinadən yazmışdı. Xatırladaq ki, hazırda İstanbulda olan Muhiddinov sosial şəbəkələr üzərindən yaydığı müraciətində 2019-cu ilin noyabrında “lotu Quli”nin adamları (o cümlədən “Arman Dikiy”)  tərəfindən İstanbuldakı “Hyatt Regency” otelinə “razborka” üçün çağırıldığını, orada 10-a yaxın idmançı cüssəli şəxs tərəfindən əlləri bağlı halda saatlarla döyüldüyünü, işgəncə verildiyini bildirmişdi. “Qızıl Rövşən” deyirdi ki, onu “Dubaydakı qohumunun” əmri ilə döyüblər.

Dubay: "Arman Dikiy" və "Qara Qafur"

Daha sonra Muhiddinovun yaxınları həmin nüfuzlu qohumun hazırda Dubayda olan keçmiş AIBA (Beynəlxalq Həvəskar Boks Federasiyası) prezidenti, kriminal avtoritet Qafur Qəhimov olduğunu təsdiq etmişdilər. “Qara Qafur”un öz qohumunu döydürməsinə səbəb isə hazırda həbsdə olan özbəkistanlı biznesmen Oybek Mirəliyevlə bağlıdır. Mirəliyev “Qara Qafur”un ortağı olub və “Qara Qafur”un arvadı Lola Rəhimovanın şikayəti əsasında həbs edilib. Rəhimovanın şikayətində göstərilir ki, Mirəliyev onların ailəsinə məxsus mənzili 650 min dollara satıb və pullarını mənimsəyib. Habelə “Mercedes Maybach” markalı avtomobilini və daha 7 milyon dolları da ələ keçirib.

“Qara Qafur” Mirəliyevdən həmin pullarının alınmasını (kriminal aləmin qaydaları əsasında) bacısı oğlu Muhiddinova tapşırıb. Muhiddinov isə məsələni araşdırıb və əmin olub ki, Mirəliyev günahkar deyil, pulları əslində Lola Rəhimova mənimsəyib. O, dayısına bu haqda deyəndə “Qara Qafur” qəzəblənib, bacısı oğlunu “düşmənin tərəfinə keçməkdə” günahlandırıb və onunla əlaqəni kəsib. Daha sonra Lola Rəhimovanın məsləhəti ilə “Qızıl Rövşən”i cəzalandırmaq üçün “Lotu Quli” və “Dikiy Arman”a müraciət edib. Onlar da öz adamlarını Muhiddinovla “razborkaya” göndəriblər.

Fevralın 28-də İnstagram-da yerləşdirilmiş audioyazıda Cumagəldiyev bildirir ki, Muhiddinovu həqiqətən İstanbuldakı otellərdən birinə görüşə çağırıblar. Orada “görüşə silahla gəldiyi üçün” ona bir neçə zərbə vurublar, amma işgəncə verməyiblər. “Arman Dikiy” həmin hadisə ilə bağlı polisə şikayət etdiyi üçün Muhiddinovu “qorxaq” adlandırır.

Muhiddinov hazırda İstanbulda yaşayan nüfuzlu özbək biznesmendir. Onun kriminal dairələrlə bağlı olduğu bildirilir. Özbəkistan xüsusi xidmət orqanlarının istefada olan polkovniki anonimlik şərti ilə deyib ki, Qafur Rəhimov 2013-cü ilə qədər kriminal aləmə daxil idi və AIBA prezidenti seçilmək üçün kampaniyaya başlayanda öz yerinə Muhiddinovu irəli sürərək kriminal aləmdən formal olaraq uzaqlaşıb.

virtualaz.org


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>