"Atam onu ölümdən xilas edən alman qadına söz verir ki, qızı olsa adını “Rima” qoyacaq" | SON XƏBƏR | SON XƏBƏR

“Atam onu ölümdən xilas edən alman qadına söz verir ki, qızı olsa adını “Rima” qoyacaq”

“Evimiz zabitlər evi ilə üzbəüz idi, orada görüdüm ki, 1-ci mərtəbədə uşaqlara rəqs dərsi keçirlər. Mən də hər zaman bunu görürdüm. Bir gün anama dedim ki, mən də rəqslə məşğul olmaq istəyirəm. Anam məni dəstəklədi və rəqs məktəbinə qoydu. 2-ci sinifdə oxuyanda tanınmış balerinamız Qəmər Almaszadə məni gördü və “Şelkunçik” baletində mənə böyük rol olan Maşanı verdi. Atamın xəbəri yox idi ki, mən balet sənətini seçmişəm. Anamla mənim tamaşama gəlirlər və anam atama məni göstərib deyir ki, görürsən nə gözəl qızdır? Atam da deyir ki, hə, çox gözəl qızdır. Anam ona deyir ki, bu bizim qızımız Rimadır. Olar o baletdə oxusun? Atam da artıq bununla razılaşır və icazə verir”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət xadimi Rima Məmmədova deyib. O daha sonra əlavə edib.
“Atam ixtisasca mühəndis idi. O Moskvada Bauman adına hərbi məktəbi bitirmişdi. Onu da qeyd edim ki, atam bu məktəbi bitirən ilk azərbaycanlılardandır. Böyük Vətən Müharibəsi illərində atam Saratovda hərbi zavodda işləyib. Anamla tələbəlik illərində tanış olub, evlənmişdilər. Anam mənə hamilə olanda atamı qonşu mənzildə yaşayan alman əsilli bir qadın zəhərləyib. Ölüm ayağında olan atamı Rima adlı qonşu qadın sağaldır. Atam da ona söz verir ki, qızı olsa adını “Rima” qoyacaq. Valideynlərim olduqca müdrik insan, əsl ziyalı idilər” - deyə o bildirib.
Sənətkar daha sonra onu məşhurlaşdıran “Bizim küçə” filmindən danışıb.
“Balet məktəbində oxuyanda məni “Molla Fəttahın sərgüzəştləri” filminə dəvət etmişdilər. Bu film əslində iranlı Sasanpurun diplom işi idi. Filmdə Möhsün Sənani molla obrazını oynayırdı, mən isə rəqqasəni. Bundan başqa Nəsibə Zeynalova da çəkilmişdi. Nəsibə xanım mənim yadımda hər zaman insanpərvərliyi ilə qalıb. Yadımdadır, çəkiliş arası bütün kollektiv üçün evindən yemək gətirmişdi. Möhsün Sənani isə mənə hər zaman deyirdi ki, qızım, sən filmə çəkiləndə heç kimi görmə. Çünki bilirsiniz ki, filmdə böyük kollektiv olur, ona görə də fikrimi yalnız obrazımı yaxşı oynamağa yönəldirdim. Bu filmdən sonra məni Əşrəf Mamayev “Bizim küçə” filminə dəvət etdi. Bu filmdəki Gözəlova Sara obrazı məni sözün əsl mənasında məşhurlaşdırdı. Düzdür, çətinliklər də yaşadım. Orada maşını sındırdığım səhnədə çəkiç çıxıb sifətimə dəydi, rejissor gördü ki, dodağım nə boyda şişib. Məni ağlamaq tutmuşdu. Rasim Ocaqov dedi ki, Rima, narahat olma, mən səni yaxından yox, uzaq plandan çəkəcəyəm. Elə də oldu. Bir də orada oğlana şillə vurduğum səhnə də böyük maraqa səbəb olmuşdu. Oğlana şillə vurduğum səhnəni prob üçün çəkib, Adil İskəndərova göstərmişdilər, demişdi ki, hə, Rimanı çəkə bilərsiz (gülür). Məni bu səhnə ilə təsdiqləmişdilər. Bu film məni qısa zaman ərzində məşhurlaşdırmışdı. Hətta yolda mənə görüb yaxınlaşırdılar ki, oğlumuza məmnuniyyətlə belə qız alardıq. Amma film sahəsi mənə maraqlı deyildi, bu prosses məni yorurdu. Çünki film əvvəldən axıra qədər ardıcıllıqla çəkilmirdi, sonu çəkilirdi, daha sonra ortasına keçirdilər. Ona görə də peşəkarlığımdan xəbərsiz idim. Məni daha sonra Həsən Seyidbəyli “Telefonçu qız” filmində baş rola dəvət etdi, hətta rejissor asistentini evə də göndərmişdi. Amma etiraz edirdim, istəmirdim. Ona görə də ömrümü rəqs sənəti ilə bağladım. 18 il Xareoqrafiya məktəbinin direktoru vəzifəsini icra etdim. Məni bu vəzifəyə Qəmər Almaszadə məcburi gətirmişdi” - deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>