Bakı-Quba yolundakı biabırçı duruma nə vaxt son qoyulacaq? – Anar Nəcəfli cavab verir... | SON XƏBƏR | SON XƏBƏR

Bakı-Quba yolundakı biabırçı duruma nə vaxt son qoyulacaq? – Anar Nəcəfli cavab verir…

Ziya Məmmədovun 30 il zəmanət verdiyi yol indiyədək 30 dəfə təmir olunub. Bu isə bir daha onu deməyə əsas verir ki,  600 milyonluq manata yaxın vəsaitə başa gələn b yolun tikintisi zamanı bir xeyli yeyintiyə yol verilib...  Amma yeyintini həyata keçirənlər hələki cəzasız qalıb...
Son illər Azərbaycanda sürücü və sərnişinlərin ən çox şikayət etdiyi avtomobil yolu, demək olar ki,  Bakı-Quba-Rusiya yoludur. Artıq 10 ilə yaxındır ki, bu yol dağılır. Amma nə dağılıb qurtarır, nə də təmir işləri başa çatır...
Hələ 2009-cu ildə  o vaxtkı nəqliyyat naziri Ziya Məmmədov Bakı-Quba-Rusiya yolu istifadəyə verilən zaman onun istismar müddətinin 30 il olduğunu vurğulamışdı. Amma cəmi 3 il sonra - 2012-ci ildə yol sıradan çıxmağa başladı. Bu gün - yolun istismara verilməsindən 12  il sonra isə  Bakı-Quba-Rusiya yolunun xüsusilə H.Tağıyev qəsəbəsindən Quba rayonunadək olan hissəsi pandemiyaya və müharibəyə rəğmən iqtisadiyyatının inkişaf etdiyi deyilən müasir Azərbaycan Respublikası üçün həddindən artıq biabırçı durumdadır...
Əməkdaşımız da bu günlərdə şəxsi işləri ilə bağlı həmin yolla Qusar şəhərinə gedib-qayıdıb.  Onun sözlərinə görə, bəhs edilən yolun geri qayıdan istiqaməti daha bərbad durumdadır. Çünki normadan artıq çəkidə tikinti materilları daşıyan ən ağır tonnajlı yük avtomobilləri yüklü şəkildə daha çox məhz həmin hissə ilə hərəkət etməkdə davam edir.  Yaxşı ki, Rusiya ilə  avtomobil yolları əsasən bağlıdır və xarici qonaqlar bu yolu az gəlib-gedir...
Xüsusən, şimal istiqamətindəki rayonlarımızdan Bakıya müalicə, əməliyyat məqsədilə gəlib-qayıdan ağır xəstələr üçün Bakı-Quba yolu ilə avtomobillə hərəkət etmək ən ağır məşəqqətdir...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  2021-ci ilin əvvəlindən bəri verilən açıqlamalardan bəlli olur ki, hazırda  sözügedən istiqamətdə ödənişli yol tikilir və 2022-ci ilin may ayına qədər Bakı-Quba yolunun ödənişli hissəsi istifadəyə veriləcək.
Bəs mövcud köhnə, yəni pulsuz yolun taleyi necə olacaq? Sürücü və sərnişinlər nə vaxtadək Bakı-Quba yolunda sözün əsl mənasında zülm çəkəcəklər?..
“Bakı-Quba yolunun qaydaya salınması üçün işlər aparılır və davam etdirilir. Hazırda Sumqayıt istiqamətində bu işlər görülür.  Və lazımi işlərin mərhələrlə görülməsi nəzərdə tutulub. Maliyyə vəsaitinin ayrılmasına uyğun olaraq həmin işlər davam etdiriləcək”.
Bunu Moderator.az-a açıqlamasında  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli  söyləyib.
“Belə aydın olur ki, ödənişli yolla paralel köhnə yol da saxlanılacaq və təmir ediləcək. Amma hazırda əsas güc ödənişli yolun tikintisinə verilib. Bəs  pullu yolla getmək imkanı olmayanlar nə vaxt köhnə yolla rahat gedə biləcəklər?” sualını isə  xidmət rəhbəri belə cavablandırıb:
“Əlbəttə, köhnə yol da qalacaq və təmir ediləcək. Təbii ki, həmin yolun örtüyünün normallaşdırılması üçün işlər aparılır və aparılacaq. Bu, birmənalıdır.  Eyni zamanda ödənişli yola yanaşmada bir məqamı da nəzərə almaq gərəkdir. Yəni ödənişli yolla mövcud yolun fərqi ondan ibarət olur ki, siz ödənişli yoldan istifadə etdiyiniz halda mənzil başına daha tez və rahat çata bilirsiniz. Məsələn, mövcud yolda sürət həddi 60-90 km/saat nəzərdə tutulursa, ödənişli yolda bu daha çoxdur.  Və ona görə də həm məsafənin qısa olması, həm vaxt itkisinin azalması  digər yolla müqayisədə yanacaq sərfiyyatının da  azalmasına gətirib çıxarır. Həmin yanacaq sərfiyyatının qiymətini və köhnə yolla gedilən halda bunun fərqini nəzərə aldıqda siz  kiçik bir ödəniş edərək pullu yolla mənzil başına daha tez çata bilirsiniz. Odur ki, sürücülər seçim qarşısında  qalanda onlar üçün ödənişli yoldan istifadə həm məsafə, həm yanacaq sərfiyyatı baxımından, belə demək olarsa, daha sərfəli olacaq”.
“Ödənişli yolun istifadəyə verilməsi hələ 2022-ci ilə gözlənlir. Bəs artıq 3-4 ildir sürücü və sərnişinlərin böyük əziyyətlə getdiyi köhnə yolun qaydaya salınması təxminən nə vaxta planlaşdırılır?”
“Onu dəqiq deyə bilmərəm. Bilirsiz, ödənişli yol o demək deyil ki, istifadəyə verildiyi müddətdə dərhal bu dəyişiklik olacaq, yəni yolla gedənlər ödəniş edəcək. Bakı-Ələt-Astara yolunun da ödənişli olması haqda təkliflər verilmişdi.  Ancaq o, hələlik təklif olaraq qalır. Və hazırda insanlar o istiqamətdə  rahat şəkildə həm magistral yoldan,  həm də ona paralel olaraq  mövcud olan yoldan istifadə edirlər. Hər hansı bir problem yoxdur” - deyə Anar Nəcəfli bildirib.
Həmsöhbətimiz  “Məlumdur ki, yollarımızı, o cümlədən bəhs etdiyimiz yolu bərbad vəziyyətə qoyan daha çox  ağır tonnajlı yük avtomobilləridir. Bakı-Quba yolu təmir edildikdən, eləcə də ödənişli hissəsi istifadəyə verildikdən sonra da eyni avtomobillər o yolla hərəkət edəcəksə, bu, yenə də  həmin yolun dağılmasına gətirib çıxarmayacaq ki?” sualına da cavab verib.
“Həmin yolun əvvəlində yeni müasir tərəzi-nəzarət məntəqəsi qurulur və artıq işlər yekunlaşmaq üzrədir.  Yük avtomobilləri tərəzi-nəzarət məntəqəsindən keçdikdən sonra  o yola buraxılacaqlar. Yəni əgər onların  normadan artıq yükü varsa, standartlara uyğun deyillərsə, təbii ki,  istər bu yoldan tranzit kimi istifadə edən, istərsə də respublika daxilində hərəkət edən nəqliyyat vasitəsi olsun, həmin yola buraxılmayacaq” –  deyə dövlət qurumunun rəsmisi vurğulayıb.
Qısa arayış və şərh: 
Bakı-Quba Rusiya dövlət sərhədi avtomobil yolunun tikintisinə 2008-ci ildən başlanılıb. Rəsmi məlumatlara görə, layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib.
Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu tikilib. Yol istifadəyə veriləndə o vaxt Nəqliyyat Nazirliyi bu yolun 30 il davamlı olacağı barədə məlumat yaymışdı. Çünki yol əməlli-başlı xərc aparmışdı.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 km-lik Bakı-Gəndob hissəsində yolun inşası zamanı yol verilən konstruktiv səhvlər, həmçinin avtomobil yolu ilə əsasən Qubadan Bakı şəhərinə istiqamətində normadan artıq yüklənmiş yük maşınlarının (ümumi nəqliyyat vasitələrinin 67,82% təşkil edir) hərəkəti nəticəsində  qısa müddətdə yolun örtüyündə çatlar və dağılmış hissələr yaranıb.
Artıq 2012-ci ildə  Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda təmir işlərinə start verilib.
Bu bərbad  yolla hərəkət etməkdən artıq bezmiş sürücü və sərnişinlərin təbirincə desək, Ziya Məmmədovun 30 il zəmanət verdiyi yol indiyədək 30 dəfə təmir olunub. Bu isə bir daha onu deməyə əsas verir ki, 600 milyon manata yaxın vəsaitə başa gələn Bakı-Quba-Rusiya avtomobil yolun tikintisi zamanı bir xeyli yeyintiyə yol verilib... Amma yeyintini həyata keçirənlər hələki cəzasız qalıb...
Sultan Laçın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>