“Bəlkə də telefonu sönməsəydi, ölümündən öncə son dəfə danışa bilərdik” | SON XƏBƏR | SON XƏBƏR

“Bəlkə də telefonu sönməsəydi, ölümündən öncə son dəfə danışa bilərdik”

– Necə tanış olmuşdunuz?

– Bu sualı bizə verəndə, həmişə gülümsəyib deyirdik, Polad Murov dağının başında, mənsə Universitet kitabxanasında… Necə tanış ola bilərdik?! Ailələrindən məni görüb bəyənmişdilər. Poladın 28 yaşı vardı, mənsə magistraturanın ikinci kursunda oxuyurdum. Hər ikimiz qərar verdik ki, öncə görüşüb danışmaq mütləqdir. Universitetin həyətinə gəldi. Gördüm ki, üzü nurlu, çox ədəbli isandır. Bir saata yaxın danışdıq, gözünü qaldırıb, üzümə baxmadı. Amma hərbçilərə məxsus məxfilik, sirr vardı cümlələrində. Açıq şəkildə dedim, yəqin, bizim münasibətimiz alınmayacaq. Çünki anlaşa bilməyəcəyik. Siz çox sirli danışırsınız. Gəlin, elə hərəmiz öz yolumuza qayıdaq. Poladdan ayrılıb, geri qayıdanda, gördüm arxamca gəlir.

Hərbçi xanımlarının beynində bir yaddaş yeri olur. Anlayırsan ki, həyat yoldaşının əsas amalı vətən uğrunda canından keçməkdir. Xüsusən də Poladın ailəsi üçün bu məqam gözlənilirdi. Çünki hər zaman ön cərgədə idi. Səngərdə vəziyyət gərginləşən kimi ilk sırada o gedirdi. Hamı geri dönsə də, o, gəlmirdi. Qəribədir ki, son vaxtlar bunu durmadan mənə xatırladırdı. Onsuz da gözəl siması vardı. Amma sanki üzünə nur çökmüşdü. Tez-tez deyirdi, bir gün mən olmayacam. Özünü həmin günə hazırla. Lakin dediyiniz kimi düşünmək başqa, yaşamaq tam başqa… Və bir gün qapı açılır, hamı içəri girib bir ağızdan deyir: “Poladı gətiririk”.

– Ofelya xanım, Polad Həşimovun şəhidlik xəbəri hamımız üçün faciə oldu. Gözlənilməz idi.

– Sizə bir məqamı deyəcəm. Aprel savaşında evə daha tez-tez gəlirdi. Sanki ürəyinə nə isə dammışdı. Mən də hiss edirdim ki, narahatdır. Amma heç nə demirdi. Sırf bu hadisə qəflətən baş verdi. 29 iyunda bizi Şəmkirdən Qəbələyə yola salırdı. Əşyaları maşına yüklədi. Bizimlə sağollaşdı, maşının yola çxmağını gözləmədən korpusa geri qayıtdı. Bu mənim üçün çox qəribə oldu. Həyəcanla pəncərədən arxasınca baxdım. Çünki Polad heç vaxt belə etməzdi. Maşın gözdən itənədək arxamızca baxardı.

Mən bu çətinliklərə alışmışdım. Bəzən 10 günlərlə əlaqə saxlaya bilmirdik. İş başında olurdu. Amma bu dəfə çox narahat oldum. 9 iyulda son dəfə danışdıq. 13 iyulda əlini telefona atır ki, bizimlə əlaqə saxlasın. Görür, telefon cibində deyil. İş yoldaşı deyir, o qədər məyus oldu ki, axı mən ailəmlə danışacaqdım. Yoldaşı telefonun təklif etsə də razılaşmır ki, öz telefonumdan zəng vuracam. Amma simasındakı dəhşəti mənə təsvir edəndə çox üzüldüm. Bəlkə də telefonu sönməsəydi, ölümündən öncə son dəfə danışa bilərdik.
publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>