Həkim babanın istefası Zamin Hacı yazır: | SON XƏBƏR | SON XƏBƏR

Həkim babanın istefası Zamin Hacı yazır:

“Yoxdu bu rüsvalığın dərdinə dərman, ey təbib”
(Füzuli)

Bizdə xalqın sağlıq durumuna aid gözəl ata sözləri vardır, onlardan biri də budur: “Mamaça nə qədər çox olsa da, güc doğana düşər”. Oxşar ata sözündə isə bir az fərqli nəticələr ortaya çıxır: “Mamaça çox olsa, uşaq tərsinə gələr”. Hal-hazırda bu iki məsəlin ikisi də ölkəmizdə sağlamlıqla bağlı vəziyyəti dəqiq ifadə edir. Həm güc doğana (oxu: xalqa) düşür, həm uşaq (oxu: tibbi idarəetmə) tərsinə gəlir.

Təsəvvür edin, bizdə səhiyyə ilə bu dəqiqə azı 3 dövlət qurumu məşğuldur. Səhiyyə Nazirliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (“TƏBİB”) və İcbari Tibbi Sığorta üzrə dövlət agentliyi. Poliklinikalar, təcili yardımlar, nazirliklərin öz hospital və sahə xəstəxanaları da həmçinin, səhiyyə bazarımıza “rəngarənglik” qatmaqdadır. Bunlar arasında səlahiyyətlər, idarələr, xəstəxanalar necə bölüşdürülüb, faktiki heç kim bilmir. Yalandan “dövlət xəstəxanası” adı ilə saxlanılan xəstəxanalarda demək olar heç bir pulsuz müayinə-müalicə qalmayıb, orda iş çətinə düşəndə - yəni, xəstə yiyəsi pulsuz müalicə istəyəndə - xəstələrin dalına təpik vurub özəl klinikalara atırlar. Özəl klinikalar isə əsl yarmarka, “qara bazar”dır. Baş həkimlərin, klinika yiyəsi olan deputat, oliqarx-məmur və sairənin tibbi xidmətlərə kefləri istəyən qiyməti qoymaq hüququ var. Xoşun gəlmir, öl. Bizdə azadlıqdır.

Keçən il COVİD-19 pandemiyasına dünyanın inkişaf eləmiş dövlətləri öz ümumi daxili məhsulunun 30-40 faizinə qədərini xərclədilər. Həm camaatı, həm iqtisadiyyatı xilas etmək üçün. Bizdə isə ÜDM-in 3 faizi xərcləndi, o da böyük xahiş-minnətlə.

Apreldə şanlı səhiyyə nazirimiz Oqtay müəllimi nəhayət işdən azad elədilər, o vaxtdan müqəddəs kreslo boşdur. Yalnız “nazirin səlahiyyətlərini icra edən” birinci müavin Teymur müəllimi nələrdənsə məsul saymaq olar. Təbii, lazım gəlsə. Gəlməsə, saymarıq. Kimə nə dəxli? Biz müstəqil ölkəyik.

Nəhayət dünən TƏBİB-in şefi Ramin Bayramlı istefa ərizəsi yazıbdır. Beləcə, düz 2 tibb idarəmiz, yəni, əjdahanın iki başı kəsilib atılmışdır. Yalnız üçüncü baş – tibbi sığorta od püskürərək düşmənləri qorxudur. Bəxtimiz gətirib ki, hələ onun sədri Zaur Əliyev istefa verməmişdir. Yoxsa bizə iynəni kim vurardı? Göygöz Kosa (koronavirusun köhnə adıdır) bizi Qanlı dağda daşa döndərərdi. Həkim baba məsələsi vacib məsələdir. Hadı müəllim deputat olsa bəlkə köməyə çağırardıq. Bıdını, Mətanət bacını, Elşəni götürüb yardıma tələsərdi.

Ramin Bayramlının istefası da bizim COVİD-19-la mübarizə tədbirlərimizə oxşadı. Gah dedilər onun villası tapılıb. Gah yazdılar işdən çıxarılıb. Ta özü dünən istefa verənəcən, adına nələr qoşulmadı... Sözgəlişi, Ramin müəllim işinin spesifikası baxımından şəxsən mənə heç vaxt maraqlı olmayıb, çünki onun əvvəlcədən günah keçisi qismində ora qoyulduğunu, faktiki heç zadı həll etmədiyini yaxşı anlayırdım. Dünən istefasından sonra Vikipediyada tərcümeyi-halına baxdım, orda yazılmışdı ki, Ramin Bayramlının hələ tələbə vaxtından bəri Azərbaycan Tibb Universitetinin “Təbib” jurnalında çoxlu... şeirləri dərc olunmuşdur. Yəqin Anar müəllim də AYB-nin “Ulduz” jurnalında təbabətə dair elmi məqalələr dərc eləyir. Məsələn, Rəşad Məcidin imzasıyla. Qəribə məmləkətdir, nə edəsən...

İndi yaxşı olardı səlahiyyətli şəxslər Ramin müəllimin istefasını qəbul etməsinlər. Belə şərt qoyulsun: get, 6 aydan sonra təzədən ərizə yaz, baxarıq. Hələ onu demirəm ki, ərizə faktiki şənbə-bazar günü – avtobuslar işləməyən vaxt verilib. Kov deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>