Rusiya kəşfiyyatının PKK-dakı agenti: Kəlbəcərdə təlim keçib... | SON XƏBƏR | SON XƏBƏR

Rusiya kəşfiyyatının PKK-dakı agenti: Kəlbəcərdə təlim keçib…

Rusiyanın Çelyabinsk şəhərində anadan olan “Məzlum Rus” ləqəbli PKK terrorçusu 2000-ci illərin əvvəllərində Federal Təhlükəsizlik Xidməti tərəfindən agent kimi cəlb edilib və bir müddət Gürcüstanla Ermənistanda fəaliyyət göstərib. Daha sonra Qarabağda (işğal illərində,-red.) təlim keçib. Bu haqda “Türkiye” qəzeti İraqın şimalındakı Sincar yezidi kürd bölgəsindəki mənbələrdən və İraq təhlükəsizlik orqanlarından əldə etdiyi məlumatlara istinadən yazır.

İraq ordusunun keçmiş zabiti, Sincar bölgəsindən olan Fayad Əziz PKK-nın bölgə lideri kimi Said Hassanın göstərildiyini, amma əslində bütün səlahiyyətin “Məzlum Rus” adlı PKK yaraqlısında olduğunu bildirib. “Məzlum Rus”un əsl kimliyi, ad-soyadı göstərilmir.

İraq təhlükəsizlik qaynaqları isə deyiblər ki, “Məzlum Rus” Türkiyə, Suriya və İraqda bir çox terror hücumlarında iştirak edib və Rusiya kəşfiyyatı tərəfindən dəstəklənib. Digər tərəfdən “Məzlum Rus”-un Sincar sakini olduğu haqda saxta sənəd hazırlanıb, onun Sincar bölgəsində yezidi kürdlərin hərbi qruplaşması olan YBŞ (“Sincar Müqavimət Birliyi”) təmsilçisi qismində İraqın müdafiə naziri, kəşfiyyat rəhbərliyi və baş nazir Mustafa Kazımi ilə görüşlərinin təşkil etməyə cəhd göstərilir.

Qəzet iddia edir ki, FTX tərəfindən ələ alınan “Mazlum Rus” ilk təlimini Ermənistanın Vardenis (Basarkeçər,-red.) bölgəsində keçib və daha sonra Qarabağda, o zaman işğal altında olan Kəlbəcərdəki terror düşərgələrində təlimlərə davam edib. “Məzlum Rus” PKK-da əsasən Ermənistan və Rusiya vətəndaşlarından ibarət olan “Ağrı qartalları” qrupunun liderlərindən biridir, habelə Suriyanın şimalında yerli ermənilərdən və PKK-çılardan ibarət “Nubar Ozanyan Briqadası”nı quranlardan olub. Rusiya vətəndaşı olan bu PKK yaraqlısı Türkiyənin Hakkari, Şırnak, Van, Bingöl, Ağrı bölgələrində, İraqın şimalında bir çox terror hücumlarında fəal rol oynayıb. 2015-ci ildə isə Türkiyənin cənub-şərqində  tabeçiliyindəki 60-a qədər erməni, rus və serb PKK yaraqlısı ilə birlikdə barrikadalar quranlardan, yollarda xəndək qazıb mülki şəxslərə və təhlükəsizlik qüvvələrinə hücumlar təşkil edənlərdən biri olub.

Türkiyə Milli İstihbarat Təşkilatının yaxından təqib etdiyi “Məzlum Rus”a qarşı 2018-ci ildə Sincar bölgəsində hava əməliyyatı həyata keçirilib. Lakin Türkiyə aviasiyasının endirdiyi zərbə zamanı 18 terrorçu məhv edilsə də “Məzlum Rus” ağır yaralı halda sağ çıxıb, oradan Sincarın Əl-Sakiniyə kəndinə aparılıb və PKK-nın xəstəxana kimi istifadə etdiyi köhnə məktəb binasına yerləşdirilib. MİT-in əldə etdiyi kəşfiyyat məlumatları əsasında bu obyektə də dəqiq zərbə endirilib, amma “Məzlum Rus” oradan da sağ çıxıb.

Qeyd edək ki, həmin hava zərbələrindən sonra bir sıra mənbələr “Məzlum Rus”un öldürüldüyünü yazıblar. Mənbələr habelə onu “Ermənistan əsilli yezidi kürdü” və “YBŞ komandanı” kimi təqdim edib.

Qeyd edək ki, Ermənistan ötən ilin payızında 44 günlük müharibə zamanı İraqın və Suriyanın şimalından PKK yaraqlılarını Qarabağa cəlb etmişdi. Bunu sonradan PKK mənsubları özləri də təsdiqləmişdilər.

virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>