Şuşaya köçmüş ilk sakin: "Ata-ana, məni bağışlayın, Şuşanı sizsiz gördüm" - VİDEO | SON XƏBƏR | SON XƏBƏR

Şuşaya köçmüş ilk sakin: “Ata-ana, məni bağışlayın, Şuşanı sizsiz gördüm” – VİDEO

Ağdamda doğulub, Şuşada böyümək, atamın ağdamlı, anamın şuşalı yazılıb taleyimə. 9 il əvvəl bu taleyə üsyan etdim, düşündüm ki, kaş, valideynlərimdən biri digər bölgədən olardı, yazı-yayı orda keçirə bilərdim, ən azı bir tərəfli ağlayardım. Artıq bir ildir, duyğularım dəyişib, qürurluyam. Çünki doğulduğum torpağım, böyüdüyüm Şuşam var. Hələ yaşamasam da, varlıqlarını bilmək belə bütün arzularımı dəyişib.

Öz evini tapmaq, oranın daşına, çınqılına sarılmaq duyğusunu da yaşayacam, bilirəm. İndi həsəd aparmıram, əksinə, o arzumun da gerçəkləşəcəyi günü səbrlə, iftixarla gözləyirəm. Demək olar ki, günləri sayıram.

Torpaqlarımız işğaldan azad edildikdən sonra doğulduğum Ağdama iki, böyüdüyüm Şuşaya üç dəfə səfər etmişəm. Budəfəki Şuşa səfərim də tam fərqli duyğularla yadımda qaldı. Çünki ömrünün 36 yaşında Şuşanı tərk etmiş, amma indi doğulub, böyüdüyü torpağa sarılıb, məcburi tərk etdiyi doğma evinə köçən ilk sakinlə görüşdüm. Düşündüm ki, görəsən bu hissi mən, mənim doğmalarım necə yaşayardı bəs?

Fazilə Zeynalova deyir ki, sevincimin həddi-hüdudu yoxdur: “May ayının 1-dən Şuşadayam. Gəldim əvvəlcə qayıtdım. Sonra cənab Prezident İlham Əliyev DİN sistemində çalışan polis ailələrinin, eləcədə hərbçilərin köçürülməsi üçün icazə verdi. Mənim oğlumda polis sistemində uzun illərdir çalışır. Şuşa işğal azad edildikdən sonra Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib və doğulduğu torpaqda çalışmaq istəməsini xahiş edib. Çox sağ olsunlar ki, müraciətini müsbət qiymətləndirdilər. Qızım, bu sevinci sənə izah edə bilməyəcəm. Amma sevincimin həddi-hüdudu yoxdu. Bütün nəslim, nəcabətim Şuşalıdır. Bilirsiniz necə hissdir bu?”

Fazilə xanımın sevincini, onun hansı hisləri keçirdiyini anlayıram. Çünki, ömrünün gənc yaşlarında doğulduğun yurddan uzaq düşmək, oradan uzaqda böyümək hissi və ağrısı ilə böyüdük biz də: “Mən bu evə gəlin köçmüşəm. Övladlarım burda doğulub. Ata evimi erməni faşistləri yerlə yeksan edib. Bu evdə yaşamışam, Şuşa işğal olunanadək. İki övladım var, bir qızım, bir oğlum. Atam, anam rəhmətə getdilər. Qohum-əqrəbalarım da bizim kimi köçkünlük taleyini yaşadı. Hamı Şuşa həsrəti ilə yaşadı, cavanlı, qocalı. Valideynlər Şuşa deyib dünyalarını dəyişdi, qızım. İndi həm sevincli, həm də kədərliyəm, atama-anama məni bağışlayın, mən Şuşanı sizsiz gördüm deyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə səbr, dözüm, şəfa versin. Allah Azərbaycan Prezidenti İlham Əliyevə can sağlığı versin”.

Şuşada köçəndə ev-eşiyinin, qapı bacasının belə olmadığını deyir Fazilə ana…Bildirir ki, doğulduğum torpağa qayıdacağıma əmin idim, sən demə, həsrətin sonu vüsalmış: “İndi şükür burda şərait yaradılır. Su xəttimiz var, şərait cənab Prezidentin göstərişi ilə gün-gündən yaxşılaşır. Şuşa daha gözəl görkəmdə olacaq. Şükür bu günə, daşına, torpağına şükür. Bəs Bakı üçün darıxmırsız? Yox… Mən oğluma demişəm, həm də çox adamlara, Məftun müəllimə, Şuşa Nümayəndəliyinin rəhbərliyinə belə demişəm ki, da ölsəm burda öləcəm. Bir söz də deyim sizə? Əlimə silah alıb döyüşməyə bu yaşda belə hazıram, yetər ki, Şuşamda ölüm. Allah Bakıda yaşadığım ömrü ömrümə yazmasın”.

“Nəvələrim üçün darıxsam belə sən demə Şuşaya sarılanda bütün boşluqlar dolurmuş”, – deyir Fazilə Zeynalova: “Darıxıram, niyə darıxmayım. Amma mən burda doğulub, ayaq açmışam. İlk ana-ata sözlərini burda demişəm. Darıxmaq, doğma yurda dönməyin sevincini ötə bilməz. Şuşadayam və bundan böyük sevinc ola bilməz. Vətən bütün arzuların fövqündədir. Arzularıma gəlincə inşallah Şuşamıza sərbəst gedib-gələ bilək. Digəri isə inşallah qohumlu-əqrəbalı hamımız burda olaq. Nəvələrim gəlsin, Prezidentimizə inanırıq, ardıcıllıqla hər şey düzələcək. Ermənilər şəhəri məhv edib, tariximizi silməyə cəhd etdilər. Amma dərk etmədilər ki, yalan ayaq tutar, amma yeriməz”.

Xatirələrlə dolu evini, yurdunu düz 29 ildən sonra tapan ana, indi burdan bir an belə ayrılmaq istəmir: “”Zəfər yolu”nun daşına, torpağına qurban olum mən. Biz ordan keçib həsrətə son qoymuşuq. Əsgərlərimiz o yoldan gəliblər. Sizə də təşəkkür edirəm. Tezliklə bütün Şuşalılar qayıtsın öz vətənlərində yaşasın. Əvvəlki kimi bütün evlərdə işıq yansın. Hamı yerində, yurdunda olsun. Bir də siz gəlin, Şuşa aşı dəmləyəcəm”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>