Üç Qardaşın Universal Dəmir Yumruğu... | SON XƏBƏR | SON XƏBƏR

Üç Qardaşın Universal Dəmir Yumruğu…

Azərbaycana düşmən gözlə baxanlar, bundan sonra “Üç Qardaşın Dəmir Yumruğu” ilə qarşılaşma ehtimalını nəzərə almalı olacaqlar
“Üç Qardaş-2021” təlimləri hərbi qullaqçular arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsində mühüm əhəmiyyət daşıyacaq
Azərbaycan, Pakistan və Türkiyə arasında istənilən sahədə münasibətləri özünün ən yüksək səviyyəsini əldə etməsi, heç kimdə, hətta rəqiblərimizdə belə şübhə hissi yaratmır. Hazırda hər üç strateji tərəfdaş ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə əməkdaşlıq uğurla davam etdirilir. Xalqlarımız arasında dostluq və qardaşlıq münasibətləri özünün ən yüksək səviyyəsini yaşayır. 44 günlük Vətən Müharibəsi dövründə ölkəmizin hər yerində Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı Pakistan bayrağının dalğalanmasını və Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi qələbələrin qardaş ölkələrdə böyük sevinclə qarşılanmasını heç kim unutmayıb. 
27 iyulda Milli Məclisdə hər 3 qardaş ölkə arasında hərtərəfli əməkdaşlığı gücləndirilməsi üçün mühüm əhəmiyyətə malik “Bakı bəyannaməsi” imzalanması isə bu münasibətləri rəsmiləşdirməklə bərabər onu daha üstün səviyyəyə daşıdı.
Daha əvvəl imzalanan “Şuşa Bəyannaməsi” Azərbaycan ilə Türkiyə qardaşlığının zirvəsi hesab olunurdusa, sonradan imzalanan “Bakı Bəyannaməsi” hər üç strateji tərəfdaş ölkənin təhlükəsizliyinin birgə təminatı baxımından mühüm əhəmiyyətə malik oldu.
İmzalanan “Bakı Bəyannaməsi” terror təhlükəsindən kiber hücumlara, assimetrik savaşdan hədəfli dezinformasiya kampaniyalarına qədər bir çox təhdidlərə qarşı birgə mübarizə aparılması üçün hüquqi bazanı təmin etdi. Bu Bəyannamənin yerinə yetirilməsi çərçivəsində bu gün Azərbaycanda hər 3 ölkənin xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş-2021” birgə təlimi başlayır.
Əslində Türkiyə həm Pakistanla, həm də Azərbaycanla ikitərəfli təlimləri uzun müddətdir ki, həyata keçirir. Adətən ikitərəfli təlimlərdə 3-cü tərəf müşahidəçi kimi təmsil olunurdu. Müşahidəçi statusu isə həmin ölkənin yaxnda ikitərəfli təlimlərdə üçüncü tərəf kimi iştirak edəcəyini ehtimal etməyə əsas verirdi. Bu il keçiriləcək “Üç Qardaş-2021” beynəlxalq təlimlərində ilk dəfə hər üç ölkənin birgə iştirakı təmin ediləcək.
Rəsmi olaraq birgə təlimin əsas məqsədinin döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasından ibarət olduğu bildirilir.
Əslində bu təlimlərin keçirilməsinə dair ilk rəsmi məlumat bu ilin yanvarın ortalarında mövcud idi, lakin təlimin detalları məlum deyildi. Avqustun 12-də və 13-də hər 3 ölkənin nümayəndələrinin iştirakı ilə Bakıda təlimin yekun planlaşdırılma konfransı keçiriləndən sonra yazdığım bir məqalədə belə bir cümlə işlətmişdim: “Əgər təlimin planlaşdırılması üzrə konfrans başa çatıbsa, deməli praktiki olaraq təlimlər bir aya qədər başlaya bilər”. Konfransın başa çatmasından məhz 1 ay tamamında təlimlərin başlaması xoş bir təsadüfdür.
“Üç qardaş-2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam etməsi, onun miqyasının kifayət qədər geniş olacağından xəbər verir. Təliminin proqramı, iştirakçı ölkələrin heyətləri qarşısında qoyulan tapşırıqlar, iştirakçıların sayı və digər təşkilati məsələlər son konfransda dəqiqləşdirilsə də, onlar barədə açıqlama verilmir. Bu detalları yalnız ehtimal etmək mümkündür.
Təlimlərin əsasən də dağlıq ərazilərdə keçirilməsi gözlənilir. Xüsusi təyinatlı qrupların paralel olaraq helikopterlər vasitəsilə şərti düşmənin nəzarətində olan ərazilərin dərinliyinə məhdud görmə şəraitində çatdırılması, desantın endirilməsi, potensial düşmənin obyektinin ələ keçirilməsi (məhv edilməsi), sənəd, əsir və silah nümunələrinin ələ keçirilməsi, həmçinin rəqibin potensial təxribat qrupu ilə birbaşa təmasda yaralıların təxliyəsi kimi vəzifələrin icrası gözlənilir. Müxtəlif ölkələrin hərbçilərindən ibarət yığma qrupların birgə və ya iki şərti rəqib tərəfin bir birinə qarşı fəaliyyəti, həmçinin təlim zamanı gözlənilməz vəzifələrin yerinə yetirilməsi istisna edilmir. Təlimlərdə dağlıq ərazidə yerləşən və qanunsuz silahlı bölmə tərəfindən müdafiə olunan yaşayış məntəqəsinin azad edilməsi üzrə vəzifələrin icrasını da istisna etmək olmaz. Bu həm də Azərbaycan XTQ-sinə Şuşanın azad edilməsi üzrə malik olduğu əfsanəvi təcübəsini tərəfdaşlarımızla praktiki olaraq ərazidə bölüşməyə imkan verə bilər.
Bu detalların icrası təlim rəhbərlərinin yekun konfransda qəbul etdikləri qərarlardan asılıdır. Fiziki hazırlıq, atəş hazırlığı, xüsusi ixtisas hazırlığı və s. üzrə yarış məqsədli tədbirlər, təlimdə fərqlənən heyətlərin təltif edilməsi, təlimin başlanmasına aid brifinqin və ümumi yekun nəticələrə həsr edilən toplantının keçirilməsi gözlənilir.
“Üç Qardaş - 2021” beynəlxalq təlimi dost və tərəfdaş ölkələrin hərbi qulluqçularının sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması üçün əlverişli mühitin yaradılmasına müsbət təsir göstərəcək. Türkiyə Xüsusi Qüvvələri həm ölkə daxilində, həm də ölkə sərhədlərindən kənarda PKK ilə mübarizədə ciddi təcrübəyə malikdir. Suriya, İraq və Liviyada türk XTQ-si cox sayda antiterror əməliyyatlarını uğurla icra edib. NATO təcrübəsinin əsas daşıyıcı qüvvələrindən biri hesab olunur. Pakistan xüsusi təyinatlıları isə yüksək dağlıq ərailərdə keçirdiyi əməliyyatlar ilə dünyanın ən güclüləri arasındadır.
Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri isə Aprel döyüşlərində özünün potensialı haqqında ilkin siqnalları versədə, Vətən Müharibəsində imkanlarını daha geniş şəkildə dünyaya nümayiş etdirə bildi. Vətən Müharibəsi zamanı zirehli vasitələr və artilleriya sistemləri ilə qorunan Şuşa qalasını, atıcı silahlar və məhdud sayda TƏİRK ilə silahlanan XTQ-mizin azad etməsi, onun adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı.  Qardaş ölkə hərbçiləri təlimlər zamanı malik olduğu döyüş təcrübəsini bir birilə paylaşacaq.
Belə olan vəziyyətdə hər üç ölkənin ən elit bölmələrinin birgə təlimləri, qarşılıqlı əlaqəsi və təcrübə mübadiləsi, bu birliyə rəqib olmaq istəyən ölkələrin qarşılaşa biləcəkləri fəlakətin miqyası barədə onlara kifayət qədər aydın icmarıc vermis olacaq. Azərbaycanın xüsusi təyinatlıları bu təlimlərdə anti-terror əməliyyatları aparmaq üçün təcrübə və imkanlarını genişləndirməklə bərabər yeni silahlı mübarizə metodları da mənimsəyəcək.
Türkiyə ilə Azərbaycanın iştirak etdiyi əvvəlki təlimlər regional miqyasa malik idisə, indi başlayan “Üç Qardaş-2021” artıq beynəlxalq təlimlər kateqoriyasına aiddir. Bu beynəlxalq təlim yeni platformadır və ilk dəfədir ki, keçirilir. İlk ev sahibi kimi Azərbaycanın seçilməsi də təsadüfi deyil. Hər iki qardaş ölkə müharibədən əvvəl, müharibə zamanı və müharibədən sonra olduğu kimi, hər zaman Azərbaycanın yanında olacaqlarına və istənilən təhdidləri aradan qaldırmaq üçün fasiləsiz siyasi-hərbi dəstək verəcəklərini bu dəfə təlimlərdə təkrarən aşkar şəkildə ifadə edirlər.
Bu təlimlər hər 3 xalqın hərbi qullaqçuları arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsində mühüm əhəmiyyət daşıyacaq. Azərbaycana düşmən gözlə baxanlar, bundan sonra “Üç Qardaşın Universal Dəmir Yumruğu” ilə qarşılaşma ehtimalını nəzərə almalı olacaqlar.
Ədalət Verdiyev, Hərbi ekspert

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>